Öncəki yazını buradan oxuya bilərsiniz. Bu dəfəki yazıda ismin hallarından bəhs edəcəyəm. Qafqaz albanlarının dili (bundan sonra asanlıq naminə – Alban dili) udi dilinə çox bənzər bir infleksiya sisteminə sahib olsa da, müəyyən fərqliliklər də var. Xüsusilə lokativ hallar dildə əsas yeri tutur (müqayisə üçün deyim ki, Azərbaycan dilində cəmi 3 lokativ hal var – yerlik, yönlük və çıxışlıq). Bəzi halların 3 forması var və buna görə də rum rəqəmləri ilə adlanacaqlar. Məsələn: III Dativ (Üçüncü dativ)

Mütləq hal

Mütləq hal sıfır göstəriciyə malikdir və ismin əsas forması kimi çıxış edir, eyni zamanda bu formaya hal şəkilçiləri əlavə etməklə digər halları düzəltmək olar.

Müraciət (Xitablıq) halı

Xitablıq hal adından da bilindiyi kimi, ancaq xitab və müraciət zamanı istifadə edilir. Azərbaycan dilində xitablıq halı məktəbdə keçməsələr də, əslində bu hal şəkilçisiz də olsa var. Məsələn, “Simon, səni sevirəm!” Alban dilində isə xitablıq hal üçün iki şəkilçi istifadə edilir:

-𐔴 (-e): 𐕘𐔰𐕙 (ġar, uşaq) + ‎-𐔴 (-e) → ‎𐕘𐔰𐕙𐔴 (ġare, “uşaq!); 𐕚𐔼𐕌𐕒𐕎 (Simon) + ‎-𐔴 (-e) → 𐕚𐔼𐕌𐕒𐕎𐔴 (Simone, “Simon!)
-𐕒 (-o): 𐔳𐔴 (de, ata) + ‎-𐕒 (-o) → ‎𐔳𐔴𐔺𐕒 (deyo, ata!); 𐔵𐔰𐕌𐔰𐕙𐔰 (zamara, axmaq) + ‎-𐕒 (-o) → ‎𐔵𐔰𐕌𐔰𐕙𐔰𐕒 (zamarao, axmaq!)

Erqativ hal

Alban dili erqativ dillərdəndir. Erqativ dillər o dillərdir ki, orada vasitəsiz tamamlığı olan cümlənin tamamlığı ilə vasitəsiz tamamlığı olmayan cümlənin mübtədası eyni halda olur. Məsələn, Azərbaycan dilində “Mən yıxıldım” və “Mən kitab oxuyuram” arasındakı fərq əsasən “kitab” sözündə hiss edilir. “Kitab” sözü burada adlıq kimi görünsə də, əslində qeyri-müəyyən təsirlik halıdır, lakin “oxuyuram” feli cümləni artıq bizə izah edir. Azərbaycan dilində erqativ hal yoxdur, çünki o tipoloji adlıq-təsirlik hal dilidir. Buna ehtiyacı yoxdur. Alban dilində isə aktı edən və akt başına gələn şəxs fərqlənməlidir. Erqativ hal 3 şəkilçi ilə göstərilir, bəzən isə heç şəkilçi olmaya da bilər. Aşağıda nümunə ilə göstərəcəyəm ki, daha rahat anlaşılsın:

-𐔼𐕎 (-in): 𐕆𐔴𐔾 (hel, ruh) + ‎-𐔼𐕎 (-in) → ‎𐕆𐔴𐔾𐔼𐕎 (helin)
-𐔴𐕎 (-en): 𐔺𐔴𐕚𐕒𐕡𐕚 (Yesus, ruh) + ‎-𐔴𐕎 (-en)𐔺𐔴𐕚𐕒𐕡𐕚𐔴𐕎 (Yesusen)
-𐔴 (-e): 𐔳𐔴 (de, ata) + ‎-𐔴 (-e) → 𐔳𐔴 (de); 𐕛𐔼𐕖𐔼 (viči, qardaş) + ‎-𐔴 (-e) → 𐕛𐔼𐕖𐔼𐔺𐔴 (vičiye)

Yuxarıdakılardan -𐔼𐕎 (-in) nadir olanıdır. Daha çox -𐔴𐕎 (-en) şəkilçisinə rast gəlinir. -𐔴 (-e) isə təkcə ata, ana, qardaş, qız, ağa, tanrı və insan sözləri ilə istifadə edilir. Bəzi hallarda, məsələn, “de” sözündə olduğu kimi erqativ şəkilçi yoxa çıxır. Bəzi hallarda isə, məsələn “viči” sözündə araya 𐔺 (-y-) hərfi əlavə edilir. Aşağıdakı nümunələrə baxaq:
Matta 16,7 𐔼𐕅𐕒𐕡𐕣𐕒𐕙𐔱𐔼𐔺𐔰𐔺𐕎𐔴 𐔺𐔴𐕚𐕒𐕡𐕚𐔴𐕎 𐕢𐔶𐕎 𐕒𐕒𐕡𐕚 (il’ukorbiyayne Yesusen pēn ous) – ‘İsa cavabladı (və) ona dedi’ cümləsində Yesusen “İsa” adının -en erqativ şəkilçisi almış halıdır. Amma gördüyünüz kimi, bizim dilə tərcümədə “İsa” bu şəkilçini itirir. Çünki erqativ dillərdə fail felə görə şəkilçi dəyişir. Məsələn, “İsa cavabladı” cümləsində fail, yəni işi görən İsadır. Azərbaycan dili adlıq-təsirlik əsaslı olduğu üçün, işi görənin şəkilçi ilə işarələnməsinə ehtiyac yoxdur. “İsa yıxıldı” və “İsa cavabladı” cümlələrində “İsa” şəkilçi qəbul etməsə də, erqativ dillərdə qəbul edir.
Matta 10,20 – 𐔸𐔰𐕍𐔰𐕎𐔳𐔰𐔲𐔶 𐕛𐔼𐕖𐔼𐔺𐔴 𐕛𐔼𐕖𐔼𐔺𐔴𐕀 𐕒𐕡𐕗𐔰 (taq̇andagē vičiye vičiyex uṗa) ‘Qardaş qardaşı ölümə göndərəcək’ cümləsində birinci “viči” (qardaş) sözü -e erqativ şəkilçisini alıb. Yəni ki, ölümə göndərəcək olan odur. Digər qardaş – isə yönlük şəkilçisi olan -x qəbul edib (bu haqda aşağıya bax), çünki ölümə göndəriləcək odur.

Yiyəlik hal

Alban dilində ismin 4 yiyəlik şəkilçisi var. Onlar bunlardır:

-𐔶/-𐔼 (-ē/-i): Bu şəkilçi əsasən -e erqativi ilə bitən sözlərdə istifadə edilir. Məsələn, 𐔼𐕖 (ič) ‘öz’ yiyəlik halında 𐔼𐕖𐔶 (ičē) ‘özünün’ olur. Bu şəkilçinin -i versiyası isə şəxs adlarına qoşulur. 
𐔺𐕒𐕆𐔰𐕎𐔰𐕎 (yohanan, Yəhya) → ‎𐔺𐕒𐕆𐔰𐕎𐔰𐕎𐔼 (yohanani, Yəhyanın)
𐔴𐔾𐔼𐕚𐔰𐔱𐔴𐔸 (Elisabet) → 𐔴𐔾𐔼𐕚𐔰𐔱𐔴𐔸𐔼
(Elisabeti,Elisabetin’)
 
-𐔺𐔰 (-ya): Bu şəkilçi şəxs əvəzliklərinə, ata-ana-qız kimi sözlərə və aid edilir:
𐔳𐔴 (de) ‘ata’ → 𐔳𐔴𐔺𐔰 (deya) ‘atanın’
 
-𐕒𐕡𐕎 (-un): Bu şəkilçi ən geniş yayılmış şəkilçidir. Əgər söz 𐕎 (n) ilə bitərsə abbreviatura edilərək 𐕎͞𐕎 (n͞n) formasına düşür. Əgər söz -𐕒𐕡 (-u) ilə bitirsə təkcə 𐕎 (n) hərfi əlavə edilir:
𐕉𐕒𐕡𐔳𐕒𐕡 (ćudu) ‘cənnət’ → 𐕉𐕒𐕡𐔳𐕒𐕡𐕎 (ćudun) ‘cənnətin’
𐕀𐕒𐕙𐔰𐕎 (xoran) ‘çadır’ → 𐕀𐕒𐕙𐔰𐕎͞𐕎 (xoran͞n) ‘çadırın’
 
-𐔼𐕎 (-in): Bu şəkilçi nadir görülsə də, mövcuddur. Bəzən -in erqativi ilə birləşir və -i hərfi artıq mövcuddursa təkcə 𐕎 (n) hərfi əlavə edilir:
𐔴𐕄𐔾𐔴𐕚𐔼 (eḳlesi) ‘kilsə’ → 𐔴𐕄𐔾𐔴𐕚𐔼𐕎 (eḳlesin) ‘kilsənin’
Dativ hal

Alban dilində 3 dativ forma var. Dativ çox vacibdir, çünki qalan hallar (erqativ, yiyəlik və xitablıq istisna olmaqla) dativə əsaslanır. Dativ hal Azərbaycan dilində hardasa yönlük hala uyğun gəlir. Əsas dativləri yaratmaq üçün istifadə olunan 4 şəkilçi var:

-𐔰 (-a): 𐔳𐔰𐕌𐔰𐕚𐕄𐕒𐕚 (Damasḳos, ‘Dəməşq’) → 𐔳𐔰𐕌𐔰𐕚𐕄𐕒𐕚𐔰 (Damasḳosa, ‘Dəməşqə’); 𐕉𐕒𐕡𐔳𐕒𐕡𐕎 (ćudu, ‘cənnət’) → 𐕉𐕒𐕡𐔳𐕒𐕡𐔰 (ćudua, ‘cənnətdə’)
-𐔼 (-i): Çox nadirdir və yalnız 4 sözdə görünür, məsələn – 𐕀𐔰𐕐 (xaš, ‘işıq’) → 𐕀𐔰𐕐𐔼 (xaši)
-𐔴 (-e): Nadirdir, 𐕀𐕒𐕡𐔿𐔴 (xun’, ‘yer’) kimi sözlərdə olur. Erqativ haldakı kimi, “de” və “ne” kimi sözlərdə ixtisar edilir. -e şəkilçisi alan bəzi sözlər -a şəkilçisi də ala bilər və ikisini də istifadə etmək olar.
-𐕒𐕡 (-u): Daha çox əvəzliklər üçün istifadə olunsa da adi sözlərdə də görmək mümkündür, məsələn 𐕍𐔰𐕙 (q̇ar, ‘tayfa’) → 𐕍𐔰𐕙𐕒𐕡 (q̇aru). Əgər söz artıq u hərfi ilə bitirsə ixtisar edilir.

Dativ hal şəkilçiləri Azərbaycan dilində əsasən yerlik hal şəklçisinə uyğun gəlir və əsasən tamamlığı bildirir. Məsələn altından xətt çəkilmiş sözlərə baxaq:
𐔳𐔰𐕘𐔶𐕎𐕈͞𐕎 𐕒𐕒𐕡 𐕁𐔼𐕗 𐔼𐕚𐔰𐔼 𐕌𐔰𐕙𐕘𐔰𐕛𐔴𐕎𐕒𐕡𐕎 (daġēnå͞n ou d’iṗ isai marġavenun) – Ona peyğəmbər İsayanın kitabını verdilər.

İndi isə keçək ikinci formaya. II dativ həmişə I dativə -𐕚 (-s) şəkilçisi əlavə edilərək yaradılır və əsasən iki funksiyada istifadə edilir:
Yönlük: 𐕣𐔰𐔾𐔰𐕣 (kalak, ‘şəhər’) + -𐔰 (a, I dativ) + -𐕚 (-s) → 𐕣𐔰𐔾𐔰𐕣𐔰𐕚 (kalakas, ‘şəhərə’)
Yönlük (şəxs): 𐕚𐔰 𐕒𐕡𐕄𐔰𐔵 𐕛𐔽𐔰𐕚 (sa uḳaz vˁas) – Amma mən sizə deyirəm.

III dativ I dativə damaq elementləri qatılaraq əlavə edilir (bu, müasir Vartaşen udicəsində də belədir). Bir qayda olaraq 𐕀 (x) və ya 𐕇 (x̣) ilə işarələnir. Həmçinin şəxs əvəzlikləri də bu dativlə ifadə edilir. Bu dativin ən əsas funksiyası isə obyekt əsaslı olmasıdır : 𐕆𐕞𐕡𐕄 (hüwḳ, ‘ürək, könül’) + 𐔴 (e, I dativ) + 𐕀 (x, III dativ)→ 𐕆𐕞𐕡𐕄𐔴𐕀 (hüwḳex, ‘könüldə’)

Bütün bunlara baxmayaraq yadda saxlamaq lazımdır ki, II dativ və III dativ həmişə müvafiq olaraq yönlük/yerlik hal demək deyil. Məsələn, “qəbirə” həm II, həm də III dativ şəkilçiləri ilə müşahidə edilmişdir – garazmanas və garazmanax.

Lokativlər

Lokativlər 3 dativ formanın üzərində qurulur və onların 14-ü məlumdur:

Adı

Bazası

Şəkilçi

I Ablativ

I Dativ

-oc

II Ablativ

III Dativ

-xoc

I Adessiv

I Dativ

-k(a)

II Adessiv

I Dativ

-č̣

I Anteablativ

II Dativ

-staxoc/stax̣oc

II Anteablativ

III Dativ

-xosṭay

Komitativ

III Dativ

-xoš/x̣oš

Direktiv

III Dativ

-xu

Ekuativ

I Dativ

-ġa

Subessiv

I Dativ

-q̇

Superablativ

I Dativ

-loc

I Superessiv

I Dativ

-l

II Superessiv

I Dativ

-loš

III Superessiv

III Dativ

-xol

Ablativlər

Ablativ halın iki forması mövcuddur. Bu hal bizim dilimizdəki “çıxışlıq hal”a uyğun gəlir. Birinci forma I dativ əsasında yaradılır. Məsələn:
𐕞𐕡𐕘 (üwġ, dam) + ‎-𐕒𐕠 (-oc)𐕞𐕡𐕘𐕒𐕠 (üwġoc, damdan)
İkinci forma isə III dativ və birinci formanın əsasında yaradılır və daha geniş yayılmış variantdır. Bəzi nümunələr:
𐔳𐔴 (de, ata) + ‎-𐕀𐕒𐕠 (-xoc)𐔳𐔴𐕀𐕒𐕠 (dexoc, atadan)
𐔰𐔺𐔵 (ayz
, dünya) + ‎-𐕀𐕒𐕠 (-xoc)𐔰𐔺𐔵𐔴𐕀𐕒𐕠 (ayzexoc, “dünyadan)

Adessivlər

Adessivlər Qafqaz dillərində çoxlu rast gəlinən hallardandır. İsmin bu halında “mənbə” sözə şəkilçi artıraraq vasitə mənası əlavə edilir. Məsələn:
𐕣𐕙𐔼𐕚𐕜𐕒𐕚 (Krisṭos, Məsih) + ‎-𐕣 (-k)𐕣𐕙𐔼𐕚𐕜𐕒𐕚𐔰𐕣 (Krisṭosak, “Məsihlə) – yəni Məsihin vasitəsilə, Məsihin əllərilə
𐔵𐕒𐕡 (zu, mən) + ‎-𐕣 (-k)𐔵𐔰𐕣𐔰 (zaka, “mənlə) – yəni mənim vasitəmlə, mənbəyin “mən” olduğu bir vəziyyət
Bir digər forma isə çox nadir olan -𐕊 (-č̣) şəkilçisi ilə yaradılır:
𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕘 (angelosuġ, mələklər) + ‎-𐕊 (č̣) → 𐔰𐕎𐔲𐔴𐔾𐕒𐕚𐕒𐕡𐕘𐕒𐕊 (angelosuġoč̣ “mələklərə)

Anteablativlər

Anteablativlər həm ablativ, həm də lativ məna ifadə edən isim halıdır. I anteablativ adətən “önündə” mənasını qatır.
Məsələn:
𐔱𐕒𐕡𐕠𐔰𐔾 (bucal, “qurbangah”) + ‎-𐕚𐔸𐔰𐕇𐕒𐕠 (-stax̣oc) → 𐔱𐕒𐕡𐕠𐔰𐔾𐔰𐕚𐔸𐔰𐕇𐕒𐕠 (bucalastax̣oc, “qurbangahın önündə”)
𐕞𐕡𐕀𐕙 (üwxr, “hökmdarlar”) + ‎-𐕚𐔸𐔰𐕇𐕒𐕠 (-stax̣oc) → 𐕞𐕡𐕀𐕙𐕒𐕚𐔸𐔰𐕇𐕒𐕠 (üwxrostax̣oc, “hökmdarların önündə”)
II anteablativ isə ‘yuxarıda olan’ bir şeydən gələn çıxışlıq mənasını vurğulayan haldır. Məsələn:
𐔱𐔼𐕀𐔰𐕃𐕒𐕡𐕘 (bixaʒ́uġ, “Allah”) + ‎𐕇𐕒𐕚𐕜𐔰𐔺 (x̣osṭay) → 𐔱𐔼𐕀𐔰𐕃𐕒𐕡𐕘𐔴𐕇𐕒𐕚𐕜𐔰𐔺 (bixaʒ́uġex̣osṭay, “Allahdan”)

Komitativ hal

Bu hal qısaca desək birgəlik halıdır. Buna görə də çox vaxt ismin bu halında olan söz 𐕆𐔴𐕘𐔰𐔾𐔰 (heġala, birlikdə) ifadəsi ilə izlənilir.
Məsələn:
𐕌𐔰𐕙𐔺𐔰𐕌 (Maryam, “Məryəm) + ‎-𐕇𐕒𐕐 (-x̣oš)𐕌𐔰𐕙𐔺𐔰𐕌𐔰𐕇𐕒𐕐 (Maryamax̣oš, Məryəmlə)
𐕒 (o, o) + -𐕇𐕒𐕐 (-x̣oš)𐕒𐕒𐕡𐕇𐕒𐕐 (oux̣oš, onunla)

Direktiv hal

Bu hal Azərbaycan dilində birbaşa yönlük hala uyğun gəlir. -𐕀𐕒𐕡 (-xu) şəkilçisi ilə yaradılan bu hal əgər söz x hərfi ilə bitirsə qısaldılır.
Məsələn:
𐕎𐔴 (ne, “ana) + ‎-𐕀𐕒𐕡 (-xu)𐕎𐔴𐕀𐕒𐕡 (nexu, anaya)
𐕚𐕒𐕡𐕎𐔰𐕘𐕒𐕡 (sunaġux, qadınlardan biri) + -𐕀𐕒𐕡 (-xu)𐕚𐕒𐕡𐕎𐔰𐕘𐕒𐕡𐕀𐕒𐕡 (sunaġuxu, qadınlardan birinə)

Ekuativ hal

Bu hal -𐕘𐔰 (-ġa) şəkilçisi ilə yaranır. Şəkilçi qoşulduğu sözə “kimi” mənasını əlavə edir.
Məsələn:
𐕛𐔰𐕙𐔳𐔰𐕢𐔴𐔸 (vardapet, “müəllim) + ‎-𐕘𐔰 (-ġa)𐕛𐔰𐕙𐔳𐔰𐕢𐔴𐔸𐔰𐕘𐔰 (vardapetaġa, müəllim kimi)
𐕃𐕒𐕡𐕘 (ʒ́uġ, ağa) + -𐕘𐔰 (-ġa)𐕃𐕒𐕡𐕘𐔴𐕘𐔰 (ʒ́uġeġa, ağa kimi)

Subessiv hal

Bu hal -𐕍 (-q̇) şəkilçisi ilə yaranır. Şəkilçi qoşulduğu sözə “altında” mənasını əlavə edir. Buna görə də çox vaxt ismin bu halında olan söz 𐕒𐕡𐕍𐔰 (uq̇a, altında) ifadəsi ilə izlənilir.
Məsələn:
𐕀𐔰𐕐 (xaš, “işıq) + ‎-𐕍 (-q̇)𐕀𐔰𐕐𐔼𐕍 (xašiq̇, işıqda) hərfi mənada – işığın altında
𐔱𐔰𐕎𐔴 (baen, qaranlıq) + -𐕍 (-q̇)𐔱𐔰𐕎𐔴𐔰𐕍 (baenaq̇, qaranlıqda) – qaranlığın altında

Superablativ hal

İsmin superablativ halının belə adlanmasına səbəb, bu halın əvvəllər “yuxarıdan uzaqlaşmaq” mənasında istifadə edilməsidir. Lakin bu hal zamanla “haqqında” mənası verən formaya da təkamül edib.
Məsələn, aşağıda hər iki mənada nümunəyə baxa bilərik:
𐔳𐔴 (de, “ata”) + ‎-𐔾𐕒𐕠 (-loc) → 𐔳𐔴𐔾𐕒𐕠 (deloc, “ata haqqında”)
𐕎𐔴𐕣𐔰𐕇 (nekax̣, “ana bətni”) + -𐔾𐕒𐕠 (-loc) → 𐕎𐔴𐕣𐔰𐕇𐔴𐔾𐕒𐕠 (nekax̣eloc, “ana bətnindən”)

Superessivlər

Superessivlər 3 formaya ayrılır. Birinci forma bir referentin digər referentin üzərindəki yerini göstərir. Buna görə də çox vaxt ismin bu halında olan söz 𐕆𐔰𐔾𐔰 (hala, üstündə) ifadəsi ilə izlənilir. Bəzi nümunələrə baxaq:
𐕅𐔰𐕍 (l’aq̇, “yol”) + ‎-𐔰𐔾 (-al) → 𐕅𐔰𐕍𐔰𐔾 (l’aq̇al, “yolda” = yolun üstündə)
𐔱𐕒𐕡 (bu, “dağ”) + ‎-𐔰𐔾 (-al) → 𐔱𐕒𐕡𐔰𐔾 (bual, “dağda” = dağın üstündə)
𐕆𐔶𐕎𐔴 𐔱𐕈𐔿𐔼 𐔱𐕒𐕡𐕚 𐔾𐕒𐕡𐕝𐕒𐕡 𐔰𐕝𐔰𐔾𐔰𐔾 𐕆𐔰𐔾𐔰 (hēne bån’i bus luśu aśalal hala) – Bütün torpaqlarda (=torpaqların üstündə) böyük aclıq var idi.

I superessiv adətən -𐔰𐔾 (-al) şəkilçisi ilə düzəlsə də, ahəngə uyaraq bəzi sözlərdə -el (məs: hüwḳel, “könüldə”), -ul (x̣uˁnul, “qayanın üstündə”) və -ol (derġol, “ataların üzərində”) formasında da görünür.

II superessiv isə I superessivdən düzəldilir və nadir rastlanır. Adətən “ərzində” mənasını verir: 𐕘𐔼𐕙𐕘 (ġirġ, “günlər”) + ‎-𐔾𐕒𐕐 (-loš) → 𐕘𐔼𐕙𐕘𐕒𐔾𐕒𐕐 (ġirġološ, “günlərdə” = günlər ərzində)

III superessiv “üstünə”, “doğru” mənasını verən son haldır: 𐕛𐔽𐔰 (vˁa, “siz”) + ‎-𐕀𐕒𐔾 (-xol) → 𐕛𐔽𐔰𐕀𐕒𐔾 (vˁaxol, “sizə doğru”)

Bunlar alban dilində ismin əsas halları idi. Gələn yazıda bu halların şəxslərə görə dəyişimi, həmçinin istifadə edilən sözlərin çoxluğuna görə dəyişimi barədə yazacağam.