You are currently viewing Sevil Hacıyevanın haqqında yanlış bilinən məlumatlar

Sevil Hacıyevanın haqqında yanlış bilinən məlumatlar

Yəqin ki, Sevil Hacıyevanın adını eşitmisiniz. 80-ci illərin Azərbaycan pop musiqisinin ulduzlarından biri, “Bakı Payızı – 88”, “Yurmala-89” laureatlarının qalibi kimi tanınır. Amma haqqında araşdırma aparanda bəzi tutarsız məlumatlara rast gəldim. Məsələn, onun Los Angelesdə təhsil alması və ya Glendale qəbristanlığında basdırılması kimi.

Haqqındakı Vikipediya səhifəsində belə yazılıb:

Sevil Hacıyeva 1970-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-cı illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür.

Azərbaycan musiqiçiləri üçün 90-cı illərdə yaradıcılığını davam etdirmək çox çətin idi. Yuxu və Karvan kimi məşhur qrupların həmin dövrdə dağılması da təsadüfi deyildi. Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür. Ağır xəstəlik və ailəsi ilə problemlər yaşayan musiqiçi təsadüfən tanış olduğu ABŞ vətəndaşının köməyi ilə Los-Ancelesə köçür.

Sevil Hacıyeva ömrünün ikinci baharı məhz okeanın digər tayında başlayır. Özünə yeni həyat quran azərbaycanlı solist qısa müddətdən sonra sağlamlığını geri qaytarır və Los-Anceles-de konservatoriya təhsili almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 1999-cu ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür. Öldürülən zaman gənc solistin cəmisi 30 yaşı vardı. Karvan qrupunun solisti ölümünün ardından Maykl Ceksonun da məzarı yerləşən Glendale Forest Lawn-də torpağa tapşırılır.

Karvan qrupunun keçmiş üzvü Mikayıl Vəkilovun xanımı Sevinc Kərimova, Sevil Hacıyevanın ölümü ilə bağlı bildirmişdir:

"Sevilin ölümü bizim üçün böyük faciə idi. O, həyatda tanıdığımız ən təmiz, dürüst və sevgi dolu insanlardan biri idi."

Lakin apardığım araşdırmalar nəticəsində burda verilmiş məlumatların doğru olmadığını gördüm. Adına ilk dəfə 1994-cü ildə – güman ki, Bakını tərk etdikdən sonra rast gəldim. Lakin görünür Los Angeles yox, Texas ştatında, Bakı ilə qardaşlaşmış olan Hyuston şəhərində təhsil alıb.

Adına 1994-cü ilin Rice Universitetinin “Shepherd School of Music” adlı fakültəsinin xor proqramında rast gəldim. Thomas Jaberin dirijoru olduğu xorda Milad bayramı ilə əlaqəli mahnını oxuyub. Daha sonra eyni adlı universitetin xoru tərkibində 1995-ci ildə azı 2 dəfə çıxış edib:

“United States Public Records, 1970-2009” arxivinə əsasən 1995-ci ildə Hyustonun qərb məhəllələrindən biri olan “Sugar Land” bölgəsində olub. Oxuduğu fakültəyə yarım saatlıq məsafədə yerləşən bu məhlədə qeydiyyatda olub. Daha sonra, 1996-cı ildə yolu Las Vegasa düşüb və burada 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənib. Bəlkə də elə evlənmək üçün yola düşüblərmiş. Kim bilir?

1998-ci ilə aid qeydlərdə Los Angelesin “Irvine” məhəlləsində yaşadığı görünür. Təəssüf ki, nə Thomas Jaber, nə də Ian Mussman ilə əlaqə saxlaya bilmədim. Lakin yerli qəzetlərdə hadisə haqqında xəbərlər tapdım. Adı isə çəkilməmişdi.

Dəbli Qərbi Hollivud küçəsindəki sənət qalereyasının çıxışındakı soyğun zamanı bir qadının atəş nəticəsində ölməsi qonşuları, mağaza işçilərini və onların elit müştərilərini heyrətə gətirdi.

Çərşənbə axşamı günü gecə yarısı, Şimali Robertson Bulvarının 470-ci blokunda gəzən bir cütlük pul tələb edən və qadının çantasını dartıb çəkməyə çalışan bir silahlı şəxslə qarşılaşdı.

31 yaşlı qadın qaçmağa çalışıb və bir neçə dəfə arxasından güllələnib. Hadisə yerində ölü elan edildi.

Hüquq-mühafizə orqanları, kişinin silahlı şəxslə mübarizə apardığını və sifətindən güllələndiyini açıqladı. Çərşənbə axşamının ikinci yarısında sağalacağı və xəstəxanadan buraxılacağı gözlənilir – bunu Cedars-Sinay Tibb Mərkəzinin nümayəndəsi bildirib. Şerifin müavinləri hələ də silahlı adamı axtarırlar.

Hər iki zərərçəkənin adları yaxınlarına bildirilmək üçün hələlik gizli saxlanılır, ancaq Los Angeles bölgəsi tədqiqatçısının dediklərinə görə qadın 31 yaşlı Rusiyalı bir qonaq olub. Yaralı kişi barədə heç bir məlumat verilmir.

Qonşular cütlüyün “Jonathan Kent Qalereyası”nın vitrini önündə dayandıqdan dərhal sonra baş verən qətl hadisəsini eşidərkən dəhşətə gəldilər.

Gina Piccalo, Los Angeles Times, 13 sentyabr 2000

Görünür ölümündən öncə həyat yoldaşı ilə gəzişirmiş, çox güman evinə doğru gedirmiş. Çünki “Google” göstərir ki, Ian Mussmann adlı bir həkimin ofisi addımla 25 dəqiqəlik məsafədədir. Bəlkə də elə ev-müayinəxana imiş. Bundan əlavə “Cedars-Sinai Medical Center” xəstəxanası da hadisənin baş verdiyi ünvandan 5 dəqiqə uzaqlıqdadır.

ABŞ dövlət arxivindən əldə etdiyim məlumata görə Sevil Hacıyeva rəsmi olaraq “Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusunda olub. 641385156 nömrəli Sosial Təhlükəsizlik koduna sahib olub. 3 Oktyabr 1968-ci ildə Bakıda anadan olub. Atasının adı Məsud Hacıyev, anasının adı Validə Məmmədovadır. Lakin başqa bir sənəddə atasının adı Maqsud Hacıyev olaraq göstərilir.

Düzdür, Sevil Hacıyevanın çıxış etdiyi klublar və ya məkanlar haqqında məlumat tapmadım amma basdırıldığı yeri öyrəndim. Bilinənin əksinə basdırıldığı yer “Glendale Forest Lawn” deyil, “Hollywood Hills” məzarlığı adlanır. Los Angelesdə yaşayan bir nəfərdən məzarlığa gedib qəbrin fotosunu çəkməsi üçün xahiş etdim, səhv etmirəmsə indiyəcən heç kim fotonu görməyib.

Foto: Tigran Kurtoglanyan

Seville Gadjieva
1968 – 2000
“KEEP SMILING, KEEP SHINING
KNOWING YOU CAN ALWAYS COUNT ON ME,
FOR SURE, BECAUSE THAT’S WHAT
FRIENDS ARE FOR”

LO, I AM
WITH YOU
ALWAY…

Məzarın üzərində Rod Stewart tərəfindən ifa edilmiş “That’s What Friends Are For” trekinin sözləri yazılıb: “Gülümsəməyə davam et, parlamağa davam et. Bil ki, mənə həmişə güvənə bilərsən. Əlbəttə, çünki dostlar bunun üçündür.”

Sözlərin altındakı lira aləti və arxasındakı kitab və masa simvolları burada basdırılan şəxsin, yəni Sevil Hacıyevanın musiqi təhsilini göstərir. Sağ tərəfdə isə İsa Məsih qabartması və Matta 28:20 ayəsindən bir hissə yazılıb: “Mən həmişə səninləyəm”

Bu arada, fotonu mənim xahişimlə Tigran Kurtoglanyan çəkib, buna görə də ona xüsusi təşəkkür edirəm. Məzarı ziyarət edərkən məzarın önündə çiçək buketi yerləşdirildiyini görüb. Mənim adıma da çiçək alıb məzarın önünə əlavə olaraq qoyub. Los Angelesdə yaşayan başqa bir dostumdan keçmiş həyat yoldaşı Ian Mussman ilə əlaqə saxlamasını xahiş etdim. Əgər əlaqə saxlaya bilsək Sevil Hacıyevanın ABŞ-dakı həyatı ilə bağlı daha dolğun məlumat ala biləcəyimi düşünürəm.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

This Post Has 2 Comments

  1. Tukan

    Başqa adam tapmadız mezarının şeklini çekdirmeye?

  2. Cavid Huseynov

    Salam Cavid bəy bu haqda araşdırmalarınızın davamı necə oldu? Ian Mussmanla əlaqə saxlaya bildiniz? həmin Ian Mussman yaşayır və facebookda accountuda var..

Cavab yaz