You are currently viewing Azərbaycan Milli Kitabxanasından kitab endirmək üçün proqram yazdım

Azərbaycan Milli Kitabxanasından kitab endirmək üçün proqram yazdım

Yəqin ki, siz də mənim kimi Azərbaycan Milli Kitabxanasının kataloqundakı onlayn kitabları oxumağa çalışarkən veb səhifəni bir-bir vərəqləməkdən bezmisiniz. Bu problemin həlli üçün özüm proqram yazmaq qərarına gəldim.

Bu proqram nə edir? AMK elektron kataloqundakı ictimaiyyətə açıq kitabların foto halında olan versiyalarını bir-bir kompüterə endirirərək sonda onları PDF formatına çevirir.

Bu yazıda proqramdan istifadə qaydasını, sonda isə proqramı endirmək üçün düymə görəcəksiniz.

Addım 1

Əvvəlcə AMK Elektron kataloqunun vebsaytına daxil oluruq. Burada ancaq “Multimedia” bölməsində “Onlayn oxumaq üçün” olan düyməsi olan kitabları seçə bilərik. Məsələn, aşağıdakı nümunəyə baxın:

Burada əsas xatırlanmalı məqam “Bib-ID” bölməsinin önündə yazılmış identifikasiya kodudur. Bu kodu kopyalayırıq. Məsələn, rəsmdəki kitabın kodu “vtls000916226” adlanır.

Addım 2

Endirdiyimiz “kitab.exe” proqramını açırıq. Proqramda virus yoxdur amma antivirus bildiriş versə onu görməzdən gələ bilərsiniz. Qarşınıza endirmə paneli olan proqram çıxacaq.

Az öncə kopyaladığımız kodu “Kitabın ID nömrəsi” xanasına əlavə edirik. “Cəhd sayı” və “Gecikmə” saniyəsi vacibdir. Belə ki, AMK-nın serveri sizin dalbadal endirmə cəhdlərinizi şübhəli saya bilər. Buna görə də gecikmə saniyəsini 2 və 3 edərək prosesi uzatsanız da, daha təhlükəsiz edəcəksiniz. Cəhd sayı isə internetiniz zəifdirsə, sizə kömək ola bilər. Bir səhifə endirilməyəndə proqram bir neçə dəfə cəhd edəcək. Gəlin kitabı endirək!

Addım 3

Proqram baş verən proseslər barədə sizi ətraflı məlumatlandıracaq. Məsələn, mən indi kitabı yükləyirəm. Proqram mənə kitabı hara yükləmək istədiyimi soruşur. Mən yeni qovluq yaratdım.

Proqram mənə ümumi səhifələrin sayını təyin etdi və endirməyə başladı. Gördüyümüz kimi, kitabda 243 səhifə var:

Əgər səhifələrdə problem varsa, yükləməni yenidən başlaya bilərsiniz. Məsələn, birinci cəhddə proqram 35-ci səhifənin yararsız olduğunu gördü və yenidən endirdi. Bayaq endirdiyim düzgün səhifələri isə yenidən endirməmək üçün onları ötürdü. Yəni, endirmə prosesiniz yarıda qalsa belə onları qaldığınız yerdən davam etdirə bilərsiniz.

Bəzi hallarda səhifələr yararsız ola bilər. Məsələn, proqram mənə soldakı nəticəni verdi. Lakin biz həmin səhifənin onlayn versiyasına baxsaq, problemin AMK-nın serverində olduğunu görəcəyik. Yəni, problem siz tərəfdən deyil.

Nəticə - PDF artıq hazırdır! Amma səhvlər var.
AMK vebsaytındakı həmin səhifə

PDF artıq hazırdır! Faylın adlandırma sxemi “kitab-BibID.pdf” olaraq yazılacaq amma siz onu sonradan dəyişə bilərsiniz. Proqram hələlik Windows ilə işləyir amma tələb olsa Mac və digər platformalar üçün də nəsə etmək olar. Xoş mütaliələr!

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz