Giriş
Ötən gün Araz Gholaminin “Nasreddin” adlı transliterator alətini yoxlamaq imkanım oldu. Bu layihə ərəb qrafikalı yazını latına, kirilə və ya tərsinə çevirir. Daha öncə AzConvert adlı bu transliterasiya işini Windows əsaslı edirdi. Nasreddin layihəsi transliterasiyadan əlavə tərcüməyə də cəhd edir ki, məncə bu uğursuz olub. Tərcümə və transliterasiya fərqli sahələrdir. Hər bir halda, Nasreddin layihəsinin fərqi Orxon transliterasiyası üçün də həll təklif etməsidir. Lakin bu təklif də uğursuzdur. Həm layihənin təkmilləşdirilməsi, həm də geniş oxucu kütləsi üçün belə bir məqalə yazmaq qərarına gəldim.
Orxon yazısını oxumaq üçün biz öncə hərfləri öyrənməliyik. Alban yazısı, erməni yazısı, yunan yazısı və ya da kirildə yazılmış bir yazını latına çevirmək asandır çünki hər bir səsin bir hərf kimi qarşılığı var. Yəni, /b/ səsi albanca 𐔱, ermənicə Բ, kirillə Б kimi yazılır. Orxon yazısı isə ahəng qanununu üstün tutan bir yazıdır, yəni sinharmonikdir. Bu, o deməkdir ki, bir sözdəki saitlərin nə olacağını samitlər – ahəng qanununa baxaraq təyin etmək olar. Sadəlik xatirinə onlara damğa yerinə hərf deyəcəm.
Orxon yazısı qədim türkcəni yazmaq üçün istifadə edildiyi üçün həmin dilin qanunlarına uyurdu. Qədim türkcə 100% ahəng qanunlu bir dil idi, hətta alınma sözləri də buna uyduraraq alırdı. Məsələn, sanskritcədən gəlmiş “işvara” (ईश्वर) türkcə “ışbara” olmuşdu. Müasir türk dilləri farsca, ərəbcə və s. mənbələrdən çoxlu söz aldığı üçün ahəng qanunu böyük ölçüdə pozulub. Swarthmore College (xarici xüsusi adları latın əlifbasında olanda orijinalda yazmağı üstün tuturam) ahəng qanunu hesablayıcısına görə qədim türkcə yazılmış Irk Bitig kitabında 99.30% ahəng var. Müasir Türkiyə türkcəsində bu rəqəm 72.79% olduğu halda yüksək miqdarda farsca və ərəbcə söz almış özbək dilində bu 53%-ə qədər enib. Maraqlıdır ki, Azərbaycan dili bu göstəricidə 86.16%-ə nisbətən daha ahəngli sırada yer tutub. Lakin, Azərbaycan dili haqda istinad nöqtəsi kimi Mark İncilinin tərcüməsi götürüldüyü üçün məncə bu hesablama elə də doğru deyil.
Hər bir halda dilimizin fonetik strukturu ətraf dillərin təsiri ilə ciddi dərəcədə dəyişdiyi üçün, udi dilinin alban əlifbası ilə yazılması mümkün olmadığı kimi, Azərbaycan dilini də Orxon yazısı ilə yazmaq mümkün deyil. İndi isə keçək Orxon əlifbasını necə transliterasiya etməli olduğumuza.
Saitlər
Düzü, bu mövzuda 500-dən çox məqalə və kitab yazılıb deyə mən bu məqaləni sadə tutmağa çalışacağam. Bunu giriş məqaləsi kimi qəbul etməlisiniz. İlk öncə onu bilməliyik ki, bizdən fərqli olaraq qədim türklər yazını soldan sağa yox, ərəblər və farslar kimi sağdan sola yazırdılar. Bundan əlavə, sözlər arasında boşluq yox, iki nöqtə qoyulurdu. Gəlin, əvvəlcə saitlərə baxaq:
Orxon | Latın |
𐰀 | a, e |
𐰃 | ı, i |
𐰆 | o, u |
𐰇 | ö, ü |
Gördüyünüz kimi bir hərf iki sait səs verə bilir. 𐰀 hərfinin /a/ yoxsa /e/ səsi verəcəyini isə samitdən anlamaq olar. Aşağıda onlara baxaq:
Sinharmonik samitlər
Qalın saitlər (a, ı, o, u) | İncə saitlər (e, i, ö, ü) | ||
Orxon | Latın | Orxon | Latın |
𐰉 | b¹ | 𐰋 | b² |
𐰑 | d¹ | 𐰓 | d² |
𐰍 | g¹ (və ya ğ) | 𐰏 | g² (və ya q) |
𐰞 | l¹ | 𐰠 | l² |
𐰣 | n¹ | 𐰤 | n² |
𐰺 | r¹ | 𐰼 | r² |
𐰽 | s¹ | 𐰾 | s² |
𐱃 | t¹ | 𐱅 | t² |
𐰖 | y¹ | 𐰘 | y² |
𐰴 | q | 𐰚 | k |
Sinharmonik samitlərdən əlavə bütün saitlər ilə istifadə edilə bilən 6 samit var:
Orxon | Latın |
𐰲 | č (ç) |
𐰢 | m |
𐰯 | p |
𐱁 | š (ş) |
𐰕 | z |
𐰭 | ŋ |
Sonuncu yazılmış samit səsi artıq Azərbaycan ədəbi dilində qalmasa da – bir zamanlar “sağır nun” adlanan hərflə ifadə edilirdi – Tovuz və s. kimi regionlarda hələ də istifadə edilir. Burundan deyilən n səsinə bənzəyir, məsələn, Hara gedirsəŋ?
Bu samitlərdən əlavə cüt səs verən hərflər də var. Onların 4-ü sait, 4-ü də samit səsi verir:
Orxon | Latın | Sadələşdirilmiş (Latın) |
𐰱 | č̥ | iç/çi |
𐰶 | q̊² | ıq/qı |
𐰸 | q̊¹ | uq/oq/qu/qo |
𐰜 | k̥ | ök/ük/kü/kö |
𐰨 | nč | nç |
𐰪 | ń | ny |
𐰡 | lt | |
𐰦 | nt |
Gördüyünüz kimi bu samitlər bəzi sinharmonik samitlərin xüsusiyyətlərini daşısalar da, tam sinharmonik deyillər. Ümumiyyətlə, sinharmonik samitləri bilmək Orxon yazısını oxumağın ən vacib hissəsidir. Sinharmonik samitlər oxucunu sözü səhv oxumaqdan qoruyur. Sinharmonik samitlərsiz transliterasiya mümkün deyil. Məsələn, bu yazını yazan zaman Nasreddin sistemi “Türk” sözünün qarşılığını 𐱃𐰇𐰺𐰚 (t¹ür¹k) kimi verirdi, çünki bir səs -> bir hərf prinsipini əsas götürürdü. Əslində isə bu söz 𐱅𐰇𐰼𐰜 (t²ür²ük) kimi yazılmalıdır. Çünki, ü/ö səsi və k səsi birləşib və spesifik 𐰜 hərfi ilə ifadə edilib.
Eləcə də, Tenqri sözü 𐱃𐰅𐰣𐰍𐰺𐰃 (t¹én¹ğr¹i) kimi tərcümə edilmişdi ki, doğru deyildi. Unutmamalıyıq ki, Yenisey yazısı qırğızların (xakasların əcdadları) tərəfindən istifadə edilib, eyni kökdən olsa da, Orxon yazılarının sistemi fərqlidir. 𐰅 hərfi Orxon yazılarındakı Tenqri sözündə görülmür yəni. Tenqri 𐱅𐰭𐰼𐰃 (t²ŋr²i) kimi yazılmalıdır, çünki 𐰭 hərfi ŋ (enq) səsini ifadə etmək üçün yetərlidir.
Hərfləri öyrəndikdən sonra bəzi yazı qanunlarına keçək. Burda bütün qanunlardan bəhs etməyəcəyəm, çünki Orxon yazısı kifayət qədər sistemlidir və bundan ötrü ayrıca kitab yazmalı olardım. Bu məqaləni sadəcə olaraq Orxon yazı sisteminin a > α kimi sadə olmadığını izah etmək üçün yazdım. Məqalənin sonunda sizə Talat Tekinin kitabına link verəcəyəm.
Qanun 1:
Məsələn, birinci qanun budur – 𐰀 hərfi istisna, digər saitlər sözün başında gələ bilər. Düşünə bilərsiniz ki, bu qanun özü elə Orxon yazılarında az pozulub. Bir neçə əsr sonra yazılmış Irk Bitig kitabında bu qanun lap çox pozulub. Amma nəzərə almaq lazımdır ki, əgər 𐰀 hərfi uzun a səsini (yəni ā) ifadə edirsə yazıla bilər.
Kültigin, şimal 6-7: 𐱅𐰇𐰼𐰜:𐰉𐰆𐰑𐰣:𐰑𐰴:𐰴𐰢𐱁𐱃𐰑𐰃:𐰖𐰉𐰞𐰴:𐰉𐰆𐰡𐰀𐰲𐰃:𐰼𐱅𐰃 (türük:bodun:adaq:qamšatdï:yablaq:boltačï:erti) – burada ayaq mənasına gələn “adaq” sözü 𐰑𐰴 (d¹q) kimi yazılıb. Çünki, a səsi qısadır.
Bilgə xaqan, şərq 38: 𐱅𐰇𐰼𐰜:𐰉𐰆𐰑𐰣:𐰀𐰲:𐰼𐱅𐰃 (türük:bodun:āč:erti) – burada ac mənasına gələn āč açıq-aşkar uzun saitlə yazılmışdır. Lakin açmaq mənasına gələn ač sözü üçün sadəcə 𐰲 yazılmalı idi.
Yenə Bilgə xaqan, şərq 32: 𐰋𐰃𐰔:𐰔:𐰼𐱅𐰢𐰔 (biz:az:ertimiz) – burada a hərfi yazılmayıb, sadəcə z hərfi ilə “az” sözü ifadə edilib. Çünki qısadır.
Irk Bitigdən (55-ci fal) də nümunə gətirək: məşhur olmaq mənasına gələn 𐰀𐱃𐰣𐰢𐰃𐱁 (āt¹n¹mıš) sözünün “aatanmış” kimi oxunmasının səbəbi birinci hərfin uzun a, ikincisinin isə qısa a olmasıdır. Buna görə də, sözün ortasında gələn ikinci sait yazılmamışdır. Bu qanun a/e hərflərinə aiddir. Bu qanunu Azərbaycan dilinə tətbiq etsək belə olardı: ərən->rn; artıq -> rtq; el -> l; balıq -> blq; yer -> yr. (Bu qanun təkcə 𐱃𐰀𐰢𐰴𐰀 (tamqa) sözündə pozulur).
Qanun 2:
Əgər ı/i saitləri ilk hecadadırsa, yazılırlar. Məsələn, 𐰋𐰃𐰭 (b²iŋ) sözü kimi. Dilimizdəki “min” sözü əslində bu sözün nazallaşmış formasıdır. Hər bir halda, bu qanun da bəzən pozulur. Məsələn, 𐰋𐰔𐰤𐰃 (b²zn²i) sözündə və digər yerlərdə.
Qanun 3:
Sait sözün sonunda gəlirsə mütləq yazılmalıdır. Məsələn: 𐰺𐰀 (ara) sözü r¹a formasında yazılıb. Və ya “insan” mənasına gələn 𐰚𐰃𐰾𐰃 (kis²i) sözündə hər iki i hərfi yazılmışdır. Əgər “kəsi” yazmaq lazım olsaydı, ə hərfi yazılmaz, amma yenə də sondakı i hərfi yazılardı. Məsələn, 𐰋𐰜𐰾𐰃 (b²öks²i) sözündə görüldüyü kimi.
Nəticə
Yuxarıda gördüyümüz kimi, Orxon yazısını transliterasiya edərkən müəyyən qanunlara sadiq qalmalıyıq. Professor Tuğrul Çavdar belə bir transliterasiya alətini artıq hazırlayıb. Lakin həmin müəllif də müasir türk dilinin Orxon yazısı ilə olan problemlərini etiraf edir. Sistem “Karadeniz” sözünü 𐰴𐰺𐰑𐰤𐰔 (qr¹d¹n²z) kimi çevirərək ahəng qanununu pozur. Müəllif buna görə də həll üsulu kimi sözləri ayrı yazmağı məsləhət görür. “Kara deniz” yazanda 𐰴𐰺𐰀:𐰓𐰭𐰔 (qr¹a:d²ŋz) nəticəsi alırıq. Bu texniki olaraq doğru olsa da, yenə də fikrimcə problematikdir. Çünki müasir türkcədə deniz sözü ŋ səsi ilə ifadə edilmir. Bu düzəliş sadəcə sözün orijinal formasına uyğunlaşdırma cəhdidir.
Müasir Azərbaycan dilində istifadə etdiyimiz bir çox hərfin və səsin Orxon yazısında qarşılığı yoxdur. Bu səslər – c, f, h, j, v, x kimi səslərdir. Eləcə də, dilimizdə bir çox ümumişlək sözdə ahəng qanunu pozulur. Götürək elə mənim öz adımı – Cavid. Tuğrul Çavdarın transliteratoru adımı 𐰲𐰉𐰓 (čb¹d²) kimi çevirir. Birinci hecadakı qalın sait olan a səsi b səsindən öncə gəldiyi üçün qanuna uyğun olaraq b¹ samiti ilə, incə sait olan i səsi d səsindən öncə gəldiyi üçün d² kimi yazılmalıdır. Bəs [d͡ʒ] və [v] səslərini necə edək? Təbii ki, hər bir şəxs öz versiyasını irəli sürəcək.
Məsələn, Orxon yazısında olan bəzi alınma sözlərə baxaq: çincə 真珠 (pinyin: zhēnzhū) sözü qədim türkcəyə “𐰘𐰃𐰨𐰇” (y²inčü) formasında keçib və müasir dövrümüzdə “inci” olub. Lakin, çincə sözün həqiqi, əsl mənasına gələn ilk komponenti 真 (zhēn) sözü qədim türkcəyə 𐰲𐰃𐰣 (čin¹) formasında alınıb. č və y² arasında böyük fonetik fərq var.
Bu problemlərə həll yolları təkliflərim belədir:
- Orxon yazısının transliterasiyası zamanı Orxon > Latın yönü üstün tutulmalıdır. Bunun üçün də gərək istifadəçidə Orxon yazılarının klaviatura sistemi olsun ki, bu nadir hallarda baş verər. Buna görə də sayta “onscreen keyboard” qoyulmalıdır (Jquery və s. ilə). Bu transliterasiya zamanı saitlər, sinharmoniya və s. qanunları nəzərə alınmalıdır.
Məsələn, “Nasreddin” sistemi Irk Bitigin ilk cümləsini Orxondan Latına belə çevirir:
:𐱅𐰤:𐰾𐰃:𐰢𐰤 -> :tn:si:mn
Əslində isə belə olmalıdır -> t²n²:s²i:mn²:
1 və 2 işarələri ilə oxucuya saitlərin düzgün səsləndirməsi üçün kömək etmək lazımdır. - Latından Orxona transliterasiya zamanı dilin qanunları nəzərə alınmalıdır və bu problematikdir. Məsələn, dövrümüz türkcəsində yeməksizlik halı mənasına gələn “ac” sözü və açmaq sözünün əmr halı olan “aç” sözünü yazsaq transliterator hansı mənada olduğunu hardan biləcək? Bu problemi həll etmək üçün Latından Orxona transliterasiya üçün vahid sistem qəbul edilməlidir – Talat Tekindəki kimi – və qeyd olunmalıdır ki, Azərbaycan dilində nəsə yazsanız qarşılığı düzgün olmayacaq. Geniş oxucu kütləsi isə diakritiklərlə āč yaza bilirsə, bu sistem onsuz da ona lazım deyil.
- Yaxşı olardı ki, mövcud yazı korpusu əsasında Qədim türkcə > İngilis tərcümə sistemi qurulsun. Bunun ən yaxşı üsulu neyral maşın tərcüməsi sistemini işə salmaq ola bilər. Beləliklə istifadəçinin yazdığı cümlənin kontekstindən heyvan mənasında at və tullamaq mənasında at sözünün fərqi bilinər.
- Çox uc bir həll olaraq Orxonu Azərbaycan fonetikasına uyğunlaşdırmaq olardı amma bu da artıq yoxlanıb və ortaya dəxlisiz, ancaq gülünc doğuracaq həllər çıxarıb. Elmi olaraq da faydasızdır, ancaq siyasi masturbasiya aləti ola bilər.
Ümumiyyətlə, Azərbaycan dilində digitalizasiya edilmiş əsərlərin sayının az olduğunu, olsa belə “maşın dostu” (machine friendly) olmadığını, optik tanımadan məhrum olduğunu nəzərə alaraq, birinci bunun üzərində işləmək daha doğru olar. Lakin bu addımı tamamilə dəstəkləyirəm. Sonda Orxon yazısını öyrənmək üçün Tuğrul Çavdarın yazılarını oxumağı və Talat Tekinin kitabını endirməyi məsləhət görürəm.
Orhon yazısının eski Türkçeye uyumlu olduğunu iddia etmek doğru değil. Orhon yazısı Soğdların Arap alfabesinden türettiği ve Arapçaya uygun bir yazıdır. Türkçeye kesinlikle uygun değildir. Türk sözcüğünü Türük veya törük gibi okumak mümkündür. Hangisinin doğru olduğunu nereden bileceğiz? Türkçedeki sekiz ünlü (sait) sese karşılık Orhon yazısında dört harf vardır. Arapçada olduğu gibi Orhon yazısında sözcüklerin içindeki ünlü harfler çoğu zaman yazılmaz. Kısacası Orhon yazısı teknik açıdan çok yetersiz, uyduruk bir yazıdır ve Türkçeye yabancıdır.