You are currently viewing İspaniyada cəngavər olmaq istəyən Səfəvi döyüşçüsü

İspaniyada cəngavər olmaq istəyən Səfəvi döyüşçüsü

20 yanvar 1609-cu ildə Madrid küçələrində xristianlığı qəbul etmiş bir iranlı ilə İspaniyanın yüksələn ədəbi istedadlarından biri arasında duel baş verdi. Bu zorakılıqli döyüş əvvəllər Şah Abbasın Avropadakı səfirliyinin üzvü olmuş Bünyad bəyi üzündən və köksündən həyati təhlükə yaradan yaralarla tərk etdi. Kral III Filippin xaç atalığı ilə vəftiz olunmasından yeddi il sonra Bünyad bəy, yeni adı ilə Don Dieqo özünü Madridin daşlı küçələrində, sonralar Servantesin özündən tərif qazanacaq gənc romançı Alonso Xeronimo de Salas Barbadillodan aldığı yaralarla tapdı.

Bu şiddətli qarşıdurma həm Azərbaycan, həm də İspaniya tarixşünaslığında demək olar ki, tamamilə diqqətdən kənarda qalmışdır, lakin dövrümüzə gəlib çatan məhkəmə sənədləri şərəf mədəniyyəti, zorakılıq və Habsburq İspan cəmiyyətində Səfəvi dönmələri ilə bağlı məhkəmə prosesləri haqqında misli görünməmiş təfərrüatlar təqdim edir. Əvvəlki silsilə yazılarımda mən Şah Abbas dövründə Səfəvilərin Avropa dövlətlərinə qarşı erkən diplomatiyasına diqqət yetirmişdim.[1] Bu məqalə, Don Dieqo de Persiyanın bioqrafiyasını yazmağa çalışıram və onun nisbi uğuruna baxmayaraq, limpieza de sangre[2] (qan təmizliyi) doktrinası kimi institusional maneələrin onun Santyaqo ordeninə (Order of Santiago) iki dəfə (1622, 1629) qəbul edilməsinə necə mane olduğunu izah edirəm.

Mənşəyi

Don Dieqo həyata 1584-cü ildə görkəmli Qızılbaş tayfalarından birində doğulmuş Bünyad bəy kimi başlamışdı. O, Osmanlı imperiyasına qarşı böyük ittifaq axtarışında olan I Abbasın 1599-1602-ci illər Avropa səfirliyinin bir hissəsi kimi tarixə düşüb. Hesse-Kasselli Morisin saray tarixçisi Vilhelm Dilix öz salnaməsində Bünyad bəyi “gənc saray xidmətçisi” kimi təsvir etmişdi.[3] Bu, maraqlı sual doğurur: Şah Abbas nə üçün 16 yaşlı bir gənci belə mühüm üçillik diplomatik missiyanın tərkib hissəsi kimi göndərsin? Mən hesab edirəm ki, belə bir məsuliyyət bu qədər gənc yaşda yalnız çox nüfuzlu bir ailədən olan şəxsə həvalə edilə bilərdi. Əgər onun ailəsi Qızılbaş tayfa zadəganlığının bir hissəsi idisə, o, həm təcrübəçi, həm də girov (uzaqdan olsa da) kimi xidmət edəcəkdi. Onun gəncliyi onu daha az təhlükəli edirdi, ailə əlaqələri isə sədaqəti təmin edirdi.

 

Bayat tayfasının üzvləri kimi açıq şəkildə qeyd olunan səfir Hüseynəli bəy Bayat, həmçinin katiblər Oruc bəy Bayat və Əliqulu bəy Bayatdan fərqli olaraq, Bünyad bəy dövrün sənədlərində sadəcə adı ilə xatırlanır. Don Dieqo sonradan 1622-ci ildə Santyaqo ordeninə qoşulmaq üçün müraciət edərkən “Xamen hersoqları” nəslindən olduğunu iddia etmişdi.[4] İspan alimləri bu iddianın mənbəyini araşdırmayıblar. Hətta Hernan Qarsiya belə bu titul haqqında şərh vermir.[5]

 

Lakin fonetik uyğunluq diqqətəlayiqdir. 17-ci əsrin əvvəllərində Kastiliya orfoqrafiyasında <x> hərfi kar prepalatal frikativ /ʃ/ səsini (Azərbaycan dilindəki ‘ş’ səsi) ifadə edirdi. Bu fonemin müasir /x/ səsinə (boğazdan gələn ‘x’) velarizasiyası 17-ci əsrin ortaları və sonlarına qədər tam başa çatmamışdı.[6] Yəni, “Xamen” təxminən “Şamen” kimi tələffüz ediləcəkdi — bu isə yeddi əsas Qızılbaş tayfasından biri olan “Şamlı” adı ilə demək olar ki, tam uyğundur. Digər böyük Qızılbaş tayfaları adlarını coğrafi mənşələrindən götürdüyü kimi (Rumlu Rumdan (Anadolu), Təkəli cənub-şərqi Anadoludakı Təkədən), Şamlılar da adlarını Şamdan (Suriya) götürmüşdülər. Bu tayfa konfederasiyaları on beşinci əsrdə Səfəvi ordeni ətrafında birləşərək, dindar müridlərdən 1501-ci ildə Şah İsmayıl I-i hakimiyyətə gətirən döyüşçü qüvvəyə çevrilmişdilər. Şah İsmayıl Xətainin dövründə bütün Səfəvi imperiyasının ilk vəkili, faktiki olaraq baş nazir və Qızılbaş ordularının baş komandanı kimi xidmət edən Hüseyn bəy Lələ Şamlı idi. 1588-ci ildə I Şah Abbasın dövründə “bütün orduların rəisi” Əliqulu xan Şamlı idi. Əgər Bünyad bəy də həqiqətən Şamlı idisə, bu, onun nəyə görə on altı yaşında belə mühüm səfirliyə göndərilə bildiyini və cəngavərlik müraciətlərində sonradan niyə hersoq səviyyəsində zadəganlıq iddia etdiyini izah edir — o, bununla həqiqi Səfəvi aristokratik səviyyəsini dinləyicilərinin başa düşəcəyi ispan terminologiyasına tərcümə edirdi. Bünyad bəyin valideynləri haqqında konkret məlumatımız olmasa da, onun zadəganların yuxarı təbəqəsinə mənsub olduğunu əminliklə güman edə bilərik.

1609-cu il hadisəsi

15 iyul 1602-ci ildə El Eskorialda Kral III Filipin xaç atalığı ilə vəftiz olunduqdan sonra Don Dieqo adını alan Bünyad bəy bundan sonra İspaniyada yaşamışdı.[7] O, 1605-ci ilin mayında, İspaniyaya növbəti Səfəvi səfiri Bəstamqulu bəyin katibi Xacə Həsənin[8] qətlində həm özü, həm də Don Xuan de Persiyanın (Oruc bəy Bayat) adının hallandığı böyük böhrandan sağ çıxmışdı.[9] 18 aylıq həbsdən sonra[10] əsl qatil öz günahını etiraf etsə də, məhkəmə hər iki dönməni Flandriyada on il hərbi xidmətə məhkum etdi. Lakin son anda don Alvaro de Karvaxal müdaxilə etdi və hökm dayandırıldı.[11]

 

Don Dieqo daha sonra Lope de Veqa və Kalderonun əsərlərinin premyerasının keçirildiyi Prinsipe teatrının (Corral del Príncipe)[12] yerləşdiyi, İspan Qızıl Əsri ədəbi mədəniyyətinin qəlbi olan Madridin Prinsipe küçəsində (Calle del Príncipe) məskunlaşmışdı. Muzalar Məhəlləsi (Barrio de las Musas)[13] olaraq tanınan bu məhəllədə yaşamaq Don Dieqonu şairlər, dramaturqlar, aktyorlar, fahişələr, tələbələr və əsgərlər arasına yerləşdirmişdi.[14] 

 

20 yanvar 1609-cu il qarşıdurması da məhz bu məhlədə yaşamağın təbii nəticəsi idi.[15] 29 iyul 1581-ci ildə Madriddə doğulan Alonso Xeronimo de Salas Barbadillo Alkala de Henares və Valyadoliddə təhsil almışdı. 1608-ci ildə o, Servantes, Lope de Veqa, Kalderon de la Barka, Visente Espinel və Fransisko de Kevedo ilə birlikdə Zeytunluq oratoriyasında [17] Müqəddəs Sakrament qulları konqreqasiyasına [16] qoşulmuşdu. Onun “Madridin Himayədarı” (La Patrona de Madrid, 1608) romanı onu yüksələn bir istedad kimi tanıtmışdı. Qarşıdurmadakı  üçüncü şəxs 25 yaşlı kral sarayı musiqiçisi Euxenio de Herediya idi. Onun atası Luis de Herediya III Filipin katibi kimi xidmət edirdi. Məhkəmə ifadələri göstərir ki, Euxenio Don Dieqonu sosial mühitdən tanıyırdı, çünki onlar “dostlar” (amigos) kimi təsvir edilirdi.

20 yanvar (Müqəddəs Sebastian günü) axşam saat 8-9 radələrində Salas Barbadillo və Euxenio de Herediya Don Dieqonun evinə gəlirlər. Məhkəmə ifadəsinə görə, onlar “adı çəkilən Don Dieqo de Persiyanı axtarmağa gəlmişdilər” və axşam yeməyinə dəvət olunurlar. Don Dieqonun iqamətgahında toplaşan şam məclisinə Hernan Mendes de Olivensa (Don Dieqo ilə ev yoldaşı kimi yaşayan portuqaliyalı bir şəxs) və binadakı qonşular, o cümlədən Alonso de Zamora, onun həyat yoldaşı Donya Beatris Mendes və qızları daxil idi. Onlar axşam saat 11-dən sonraya qədər qoyun əti raqusundan daddılar. Yeməkdən sonra kişilər Madrid gecəsində gəzintiyə çıxmaq üçün birlikdə evdən çıxdılar.

 

Arxiv mənbələri hadisəni qadınlarla bağlı məsələ kimi təsvir edir.[18] Məhkəmə ifadələri göstərir ki, qarşıdurma yemək zamanı və ya sonrasında qadınlara görə olub. Bütün bunlar axşam yeməyi zamanı cavabsız qala bilməyəcək bir şeyin deyildiyini və ya edildiyini göstərir.

Bu dövrdə İspan duel təcrübəsi rəsmiləşdirilmiş ritualları əhatə etmirdi. Şərtləri razılaşdıran sekundatlar, təyin olunmuş duel meydançaları, hazır dayanan həkimlər yox idi. Demək olar ki, hər bir zadəganın qılınc gəzdirdiyi bir cəmiyyətdə silahlı kişilər bir neçə saniyəyə qızğın sözlərdən qılınclı döyüşlərə keçə bilərdilər.

Calle de la Cruz, 2022, RJ Photos UK
Calle de la Cruz, 2022, RJ Photos UK

İfadələr bir-birini birbaşa təkzib edir. Don Dieqo belə ifadə verir ki, onlar Krus küçəsinin (Calle de la Cruz) yaxınlığında gəzərkən Salas və Herediya qadınlar haqqında pis danışmağa başladılar. Don Dieqo bunun səhv olduğunu iddia edərək onları danlayır. Konsepsion Xeronima monastırı (Concepcion Jeronima convent) yaxınlığında mübahisə qızışdıqda, Don Dieqo Herediyanı “picarillo” (balaca fırıldaqçı) adlandırır. Euxenio de Herediya və Salas tam fərqli məlumat verdilər. Onlar ifadə verdilər ki, Don Dieqo onları xüsusi olaraq qadınları narahat etmək üçün çölə çıxarıb. Onlar iddia etdilər ki, Don Dieqo müəyyən qadınlara, xüsusən də “İran qadınlarına” söyüşlü serenada oxumaq və təhqirlər yağdırmaq – onları “fahişə” adlandırmaq –  istəyirdi. Şair ilə musiqiçi belə şərəfsiz hərəkətlərdə iştirak etməkdən imtina etdikdə Don Dieqo zorakılığa əl atır. Məhkəmə sənədləri hansı versiyanın daha inandırıcı hesab edildiyini göstərmir. Amma sonrakı hadisələr hüquq mühafizə orqanlarının Don Dieqonun versiyasını daha ağlabatan hesab etdiyini göstərir: istintaqa baxmayaraq Don Dieqo heç vaxt həbs olunmadı, Salas isə sonda məhkum edildi və sürgün olundu (baxmayaraq ki, sonradan əfv edildi).

 

Kimin nəyi başlatmasından asılı olmayaraq, monastırın yaxınlığında duel baş verdi. Don Dieqonun dediyinə görə, Herediya onu tərksilah etmək üçün qılıncının dəstəyindən yapışdı. Həm Herediya, həm də Salas daha sonra silahlarını çəkərək hücum etdilər. Don Dieqo evinə qan içində və qırıq qılıncla qayıtdı.

 

Cərrah Pedro Qonsales Beltran gecə saat 3:00-da çağırıldı. O bildirdi ki, Don Dieqo üzünün sağ tərəfindən, qulaqdan dodağa qədər kəsilən dəhşətli yara alıb. Kəsik o qədər dərin idi ki, çənəyə nüfuz etmiş, üç azı dişini kəsmiş və ağzı açılmışdı. O, həmçinin sol məməsinin altından bıçaq yarası almışdı. Cərrah həyati təhlükə yaradan qanaxma, potensial infeksiya və daxili orqanların zədələnməsi ehtimalı ilə üz-üzə qaldı. Ağır yaralarına baxmayaraq, Don Dieqo evdə qalmadı. O, üzünü sarıdı, xidmətçisindən qalxan (broquel) və qılınc götürdü və qisas almaq üçün yenidən çölə çıxdı. O, San Pedro kilsəsinin yaxınlığındakı Luis de Herediyanın (Euxenionun atası) evinə getdi, qılıncını çəkərək pilləkənlərdə hay-küy saldı və “xain” Euxenionun harada olduğunu soruşub onu çağırmağa başladı. 63 yaşlı Luis, Don Dieqoya sakitləşməsini və gözləməsini söyləyərək gərginliyi azaltmağa çalışdı. Qızı Mariya yalvararaq dedi: “Cənab Don Dieqo… qardaşımla bu cür rəftar etməyə haqqınız yoxdur, o ki sizin dostunuzdur!” Don Dieqo çıxıb getdi.

 

Euxenionu tapa bilməyən Don Dieqo və Hernan Mendes de Olivensa, Kamarasa markizinin [19] evinin yaxınlığında Salas Barbadillonu tapdılar. Luis oğlunu öldürüb-öldürmədiklərini görmək üçün yarıçılpaq halda küçəyə çıxdı. O, qılınc və qalxanla Salası qovalayan üç kişi gördü. O, onların Salasa çatdığını və Salasın qılıncı qınında olmasına baxmayaraq, onu qılıncla kəsdiklərini gördü. Luis sonda Salası Markizin evində başından yaralanmış halda tapdı. Luis de Herediya rəsmi olaraq Don Dieqo de Persia, Hernan Mendes və onların əlaltılarına qarşı şikayətçi oldu.

 

Markizin 25 yaşlı xidmətçisi və İspan qvardiyasının kapitanı Pedro Qutyerres de la Serva öz ifadəsində Luisin versiyasını dəstəkləyir. Qutyerres, Salasın başından pis yaralandığını müşahidə etdi və dəllək çağırdı. 24 yaşlı dəllək Dominqo Aparisio ifadə verdi ki, gecə saat 2:00 radələrində xidmətçilər onu başının ortasında qılınc yarası olan bir kişini müalicə etmək üçün çağırdılar.

Hüquqi proseslər

San Pedro in 1862, Cecilio Pizarro
San Pedro 1862-ci ildə, Cecilio Pizarro

21 yanvar 1609-cu ildə — dueldən bir gün sonra — hakim Silva de Torres həbs qərarı verdi: “Hernan Mendes de Olivensa və Don Dieqo de Persiyanın xidmətçilərini həbsxanaya atın və bütün günahkarların mallarını müsadirə edin.” Silvanın rəhbərlik etdiyi istintaqa Luis de Herediya və digərlərinin şahid ifadələri daxil idi. Silva, Kral Həbsxanasının dinləmə palatasında məsləhətləşən Qreqorio Lopes Madera, Fransisko Markes və Don Fernando Ramires ilə birlikdə hakimlər panelində əyləşirdi.

 

Don Dieqo, III Filipdən ömürlük təqaüd alan, kral himayəsində olan bir Səfəvi dönməsi olduğu üçün ədliyyə sistemi xüsusi səy göstərirdi. Cinayət işi, 11 aprel 1609-cu ildə Kral Evi və Məhkəməsinin magistratı təyin edilmiş hakim Qonsalo Peres de Valensuelaya həvalə edildi. Bu yeni yaradılmış vəzifə ona kral ailəsi üzvlərini əhatə edən işlər üzərində yurisdiksiya verirdi.

 

Euxenio Herediya 26 mart 1609-cu ildə ifadə verərək iddia etdi ki, Don Dieqo evdən çıxmazdan əvvəl paltarının altında zirehli dəri palto geyinərək gizli şəkildə silahlanmışdı, guya Euxenionun Don Dieqonun dilini yamsılayan bir beyt oxuduğu üçün kin saxlayırdı. Euxenionun sözlərinə görə, qrup gecə saat 12:30 radələrində Mələk meydanına (Plazuela del Ángel) getdi, bu vaxt o və Salas Don Dieqoya evə qayıtmağı tapşırdılar. Euxenio bildirdi ki, Osuna hersoqunun [20] evinə qısa müddətə girib geri çıxdıqdan sonra, onlar Don Dieqo, Hernan Mendes və iki xidmətçinin onları gözlədiyini gördülər. Don Dieqonun qrupu qılınclarını çəkərək hücum etdi və Salası başından yaraladı. Euxenio Don Dieqonun versiyasını — xüsusilə davanın qadınları təhqir etdikləri üçün başladığını və ya Don Dieqonun evinə onu öldürmək üçün getdiklərini — açıq şəkildə inkar etdi.

 

İki gün sonra Hernan Mendes de Olivensa, Salası tutmaq və yaralamaq üçün Don Dieqonu müşayiət etdiyini qəti şəkildə inkar edən bir bəyanat verdi və bütün müddət ərzində evdə qaldığını bildirdi. Maraqlıdır ki, şahid kimi ilkin ifadəsində o, gecə saat 2:00 radələrində Don Dieqonun qapını döyərək qan içində gələndə evə gəldiyini bildirmişdi. Don Dieqo iddia etmişdi ki, Salas və Herediya ona xaincəsinə hücum ediblər, baxmayaraq ki, səbəbini izah etməmişdi. Hernan iddia etdi ki, Euxenio gitara çalarkən o evi tərk edib və həmin kişilərin yaxşı dost olduqlarına inanırdı.

 

Salas hadisədən sonra aylarla azadlıqda qaldı. Lakin o, 1609-cu ilin sentyabrında üç zadəganı (Pedro Bersel, Pero de Syerra, Xeronimo Ortis) dəyyus (arvadı tərəfindən xəyanətə uğrayan) adlandırdığı və onların arvadlarının “gəzəyən” olduğu haqda böhtanlar[21] yazdığı üçün həbs edildi. Hakimlər qeyd etdilər ki, məhbusun hələ də Don Dieqo de Persiyanın yaralanması ilə bağlı gözləyən bir işi var. Yekun hökm çıxarıldıqda, iki cinayət işi birləşdirildi; Salas təkcə böhtan dolu şeirlərinə görə deyil, həm də “onunla Don Dieqo de Persia arasındakı mübahisəyə” görə sürgünə məhkum edildi.

 

Böhtanların kəşfi (Salas buna satira deyirdi) ziddiyyətli hekayələrə bir növ tematik sonluq gətirdi. İlkin istintaq zamanı Don Dieqo ifadə vermişdi ki, dava Salas və Herediyanın “qadınlar haqqında pis danışması” səbəbindən başlayıb, Salas isə bu ittihamı hiddətlə rədd etmişdi. Sentyabr ayında Salasın evinə edilən basqın, onun həqiqətən də Donya Fransiska Ortis və Donya Mariya de Vikunya kimi qadınları ələ salan misralar yazdığını üzə çıxardı və Don Dieqonun versiyasını təsdiqlədi.

 

Bu təsdiqləməyə və aldığı ağır fiziki zədələrə baxmayaraq, Don Dieqo məhkəmə çəkişməsindənsə mərhəməti seçdi. Salas 1610-cu ilin Müqəddəs Cümə günündə əfv üçün Kral III Filippə müraciət edəndə, kral fərmanı açıq şəkildə qeyd edirdi ki, Don Dieqo “sizdən şikayət etməyib və heç nə tələb etmədi.”[22] İttiham irəli sürməkdən bu imtina, Kralın sürgünü ləğv etməsinə və Salasın Madridə qayıtmasına icazə verməsinə imkan verən həlledici amil oldu.

 

Don Dieqonun bu işdəki rəftarı onun digər dönmələrlə müqayisədə nisbətən güclü mövqeyini ortaya qoyur. O, zorakı hadisələrdə mərkəzi fiqur olmasına baxmayaraq, heç vaxt həbs olunmayıb. İfadə verən şəxslərdən biri – Dieqo Lopez kimi xidmətçilər saxlayırdı. Ən əhəmiyyətlisi, xristianlığının davamlılığını təmin etmək üçün 1616-cı ilə qədər nəzarətçi keşiş tələb olunan Oruc bəy Bayatdan (Don Xuan) fərqli olaraq, Don Dieqoya heç vaxt belə bir nəzarət tətbiq edilməmişi. Bu fərqli rəftar İspaniya hakimiyyətinin Don Dieqonu digər görkəmli dönmələrdən daha etibarlı və daha yaxşı inteqrasiya olunmuş hesab etdiyini göstərir.

Şərəf mədəniyyətləri

20 yanvar 1609-cu ildə baş verənləri tam başa düşmək üçün biz bunu daha geniş şərəf çərçivələrində yerləşdirməliyik.[23] Don Dieqonun yaşadığı zorakılıq və sonradan etdiyi seçimlər, struktur oxşarlıqları paylaşan, lakin mühüm institusional və simvolik detallarda fərqlənən iki şərəf sisteminin kəsişməsindən qaynaqlanırdı.

Erkən müasir İspaniyada honra (şərəf) anlayışı həm daxili mənəvi bütövlüyü, həm də xarici sosial reputasiyanı əhatə edirdi, sonuncusu daha böyük praktiki çəkiyə malik idi. Tarixçi Skott K. Teylorun göstərdiyi kimi, avtomatik zorakı qisas tələb edən sərt “şərəf kodeksi”nin ənənəvi təsviri real təcrübəni sadələşdirir.[24] İspanlar şərəflərinə olan hücuma cavab vermək üçün müxtəlif üsullardan istifadə edirdilər: məhkəmələr vasitəsilə hüquqi müdafiə, vasitəçilər tərəfindən danışıqlar aparılan xüsusi həllər, tanınmış düşmənlərdən strateji qaçınma, satira vasitəsilə rəqiblərin ictimai aşağılanması (Salas Barbadillonun tətbiq etdiyi kimi) və digər seçimlər uğursuz olduqda, zorakılıq.

 

Bununla belə, zorakılıq xüsusən də zadəgan statusu iddia edən kişilər arasında həmişə əlçatan və sosial cəhətdən normal qəbul edilən bir şey olaraq qalırdı. Şəhər məkanlarında qılıncların hər yerdə olması, ədəbiyyatda və teatrda döyüş şücaətinin tərənnümü zorakılığı legitim şərəf strategiyası kimi gücləndirirdi. Don Dieqonun ağır yaralanması İspaniya cəmiyyətini zorakılığın özünə görə şoka salmadı — davalar adi hal idi — qurbanın kralın xaç oğlu kimi xüsusi statusuna görə şoka saldı.

 

İran və Türk şərəf mədəniyyəti əlaqəli, lakin fərqli anlayışlar vasitəsilə fəaliyyət göstərirdi:

  • Namus: Cinsi şərəf, ailə reputasiyası, xüsusilə qadın qohumların isməti. Namus pozuntuları ailə mövqeyini bərpa etmək üçün qisas, əsasən də zorakılıqlı qisas tələb edirdi.[25]
  • Qeyrət: Səy, cəsarət, şərəfi, mülkü və ailəni qorumaq borcu. Kişilər döyüşmək istəyi vasitəsilə qeyrət nümayiş etdirirdilər.[26]
  • Şərəf: Mənəvi davranış, səxavət və nəcib əməllər vasitəsilə qazanılan dinamik reputasiya. Namusdan (cinsi şərəfsizlik vasitəsilə həmişəlik itirilə bilən) fərqli olaraq, şərəf davranışa əsasən arta və ya azala bilərdi.

Bünyad bəyin arasında böyüdüyü Qızılbaş tayfaları öz dini-hərbi kimliklərinə xas olan döyüşçü şərəf kodekslərini əlavə edirdilər. Sufigərlik[27] anlayışı “bir Sufi üçün uyğun davranış” demək idi, lakin genişlənərək “Qızılbaş zabitinə yaraşan davranış” mənasını verirdi — şaha sədaqət, əmirlərə itaət, döyüşdə cəsarət və şiə inancına bağlılıq. Onun əksi, nasufigərlik, üsyankar və ya xain davranışı bildirirdi, bu isə ölümcül bir cinayət idi.[28] Cavanmərdlik[29] institutu səxavət, fədakarlıq, səbir, təvazökarlıq və mənəvi cəsarəti vurğulayan etik çərçivələr təmin edirdi.

 

Əgər Bünyad bəy həqiqətən Şamlı idisə, o, Qızılbaş tayfalarının ən hərbiləşmiş olan bu qrup vasitəsilə uşaqlıqdan döyüşçü şərəf kodekslərini mənimsəmiş olardı. Şamlılar Səfəvi İmperiyasının ilk baş naziri, ali hərbi komandanlığa nəzarət edən Hüseyn bəy Şamlını yetişdirmişdilər. Məhkəmənin Don Dieqonu “döyüşçü” (guerrero) kimi təyin etməsi onun hərbi təlimini vurğulayırdı.

 

1609-cu ilə qədər Don Dieqo İspaniyada yeddi il keçirmiş, Səfəvi çərçivələrini qoruyaraq İspan şərəf kodekslərini öyrənmişdi. Bu “ikili şüur”, ehtimal ki, zorakılığı tətikləyən “qadın məsələsinə” onun reaksiyasını formalaşdırmışdı. İran namusu və İspan honrası hər ikisi qadın seksuallığını kişi reputasiyası üçün həlledici hesab edirdi. Hər iki mədəniyyət kişilərin cinsi şərəfsizliyə zorakılıqla cavab verməsini gözləyirdi.

 

Donya Mariya de Herediyanın (Euxenionun bacısı) məhkəmə ifadəsi iddia edir ki, Don Dieqo Salas Barbadillo və Euxenio de Herediyadan “bəzi İran qadınlarına”[30] istehzalı şeirlər oxumağı və onları fahişə adlandırmağı tələb edib. Qonaqları “belə şeyləri, xüsusən də qadınlara qarşı edəcək kişilər olmadıqlarını” bəyan edərək imtina etdikdə, Don Dieqo guya onu az qala öldürəcək qarşıdurmanı təhrik edib. Bu ifadə bir neçə izahlı sual doğurur. “İran qadınları”na istinad aşağıdakıları göstərə bilər: Madriddə yaşayan və Don Dieqonun tanıdığı həqiqi fars/türk qadınlar; Don Dieqonun konkret şəxslər olmadan istinad etdiyi ritorik kateqoriya; Salas və Euxenionun öz zorakılıqlarına haqq qazandırmaq üçün uydurduqları bəhanə; və ya əslində deyilənlərin anlaşılmazlığı və ya səhv qeydə alınması. Bu ifadə yalnız Don Dieqonun rəqiblərinin və onların ailə üzvlərinin ifadələrində görünür, Don Dieqonun özündən və ya neytral şahidlərdən deyil. İfadənin qəti şəkildə göstərdiyi odur ki, “İran” kimliyi, həqiqi İran qadınlarının iştirak edib-etməməsindən asılı olmayaraq, münaqişədə mənalı bir kateqoriya kimi istifadə edilmişdi. Bu epizod etnik kimlik, qadın şərəfi və seksuallığın Səfəvi dönmələri ilə bağlı Madridin sosial təxəyyülündə necə dolaşıq hal aldığını nümayiş etdirir.

Ədəbi stereotiplər və dramatik paralellər

House of Lope de Vega in Madrid, 2007, Luis Garcia
Lope de Veganın Madriddəki evi, 2007, Luis Garcia

Arxiv qeydləri göstərir ki, Səfəvi dönmələri dinlərini dəyişdikdən sonra da bir-birləri ilə əlaqədə olublar. Madridin Protokol Arxivində qorunan qeydlər Don Xuan, Don Dieqo və Don Felipenin iqtisadi və sosial inteqrasiyasını göstərir. Notarius tərəfindən təsdiq edilmiş etibarnamələr vasitəsilə bu zadəganlar üçüncü tərəflərə birlikdə 1200 dukat təşkil edən kral təqaüdlərini toplamaq səlahiyyəti vermişdilər. Notarius sənədləri həmçinin qrup daxilində iqtisadi təbəqələşməni aşkara çıxarır; Don Dieqo təqaüdü hesabına avanslar üçün sələmçilərlə müqavilə bağlayarkən, Don Xuan daha böyük likvidliyə sahib görünür.

 

Lakin bu dönmələr onları açıq şəkildə ələ salan bir ədəbi mədəniyyət içində hərəkət edirdilər. Euxenionun Don Dieqonun dilini ələ salması haqdakı nüansı xatırlayaq. Bundan əlavə, İspaniyanın ən məşhur dramaturqlarından biri və Servantes, Kevedo, Kalderon və Salas Barbadillonun özü ilə birlikdə elit qrupun üzvü olan Lope de Veqa “ilk səfirlikdən” olan iranlıları ələ salan kəskin bir sonata yazmışdı.[31] Şeir onları müşk qoxulu meymunu təmtəraqlı müsəlman cənazə adətləri ilə basdırarkən, “alkoranista“larının (molla) “mənasız rituallar” yerinə yetirməsini təsvir edirdi. Lope sonatanı belə bitirirdi: “Dünyanın nizamsızlığı necə də dəhşətlidir! / Ki, ehtiyacı olan canlı insanlar / ölü meymunların şərəfini yeyirlər!”[32]

 

Satira bir neçə səviyyədə fəaliyyət göstərirdi. Hərfi mənada, o, İran dönmələri vəftiz olunmalarına baxmayaraq İslam xurafatlarını qoruyan kripto-müsəlmanlar kimi təsvir edirdi. Lakin ədəbiyyatşünas Xesus Kanyas Murilyo daha dərin bir alleqorik oxunuş təklif edir: şeir eyni zamanda Lopenin Luis de Qonqora (Luis de Góngora) və kulteranlara qarşı ədəbi müharibəsində kodlaşdırılmış bir hücum idi.[33] Molla obrazı Pelliserin (Pellicer) həqiqi cristiano viejo (əsl xristian) olmadığını irəli sürərək ona hücum edirdi.[34] İstər hərfi, istərsə də alleqorik oxunmasından asılı olmayaraq, sonata “İran” kimliyini yadlıq və dini saxtakarlıq simvolu kimi istifadə edirdi.

 

Əsərləri ekzotik dönmə təcrübələrinə əsaslanan digər dramaturq Andres de Klaramonte (Andrés de Claramonte) idi. O, öz teatr şirkətini 1609-cu ilin martında — Don Dieqonun az qala ölümlə nəticələnən duelindən cəmi iki ay sonra qurmuşdu. Klaramontenin ehtimal ki, 1610-1612-ci illər arasında yazılmış və ilk tamaşası 1612-ci ildə Mursiyada olması mümkün olan Flandriyada cəsur zənci (El valiente negro en Flandes)[35] pyesi Don Dieqonun həyat yoluna diqqətəlayiq paralellər təqdim edir. Pyesin baş qəhrəmanı Xuan de Merida (Juan de Mérida), Flandriyada hərbi xidmət vasitəsilə şücaətini sübut etməyə çalışan keçmiş quldur. Don Dieqo kimi, o da irqçiliyə və sosial iyerarxiyaya qalib gələrək müharibə qəhrəmanı olur. Pyesin kulminasiya nöqtəsində kral Xuan de Meridaya Santyaqo cəngavəri adını verir, onu general təyin edir və ona 6000 dukat təqaüd təyin edir. Klaramontenin uydurma ekzotik qəhrəmanı əsl Don Dieqonun edə bilmədiyini əldə etdi: sosial yüksəlişini qanuniləşdirəcək Santyaqo cəngavəri oldu.[36] Pyes bu sonluğun transqressiv təbiətini qəbul edir. Müasir nəşrlər qeyd edir ki, keçmiş qula Santyaqo verilməsi “deus ex machina” əsaslandırması tələb edir, yəni problemlərin fövqəlgüc tərəfindən gözlənilməz həlli. Çünki bu dövrdə istər reallıqda, istərsə də bədii ədəbiyyatda ağlasığmaz idi. Pyes kralın baş qəhrəmana Santyaqo ordenini xüsusi olaraq baş qəhrəmanın keçmiş sahibəsi ilə evliliyini əsaslandırmaq üçün verdiyi misraları açıq şəkildə göstərir, bu sonluq o qədər transqressiv idi ki, bəzi 18-ci əsr nəşrləri onu tamamilə çıxarmışdılar. Klaramontenin Don Dieqonun sosial dünyası ilə əlaqəsi birbaşa idi. 1611-ci ildə Klaramonte, Qonqora, Lope, Kevedo və iki il əvvəl Don Dieqo ilə duelə çıxmış Salas Barbadillo ilə birlikdə Dieqo Qomes de Sandovalın ədəbi akademiyasında iştirak etmişdi. Səfəvi dönmələrinin qalmaqalları, Don Dieqonun zorakılığı və hərbi ambisiyaları haqqında hekayələr məhz Klaramontenin nüfuzunu qurduğu bu ədəbi dairələrdə dolaşacaqdı. Klaramontenin personajını şüurlu şəkildə Don Dieqo üzərində modelləşdirməsindən və ya ekzotik dönmələrin təcrübələri haqqında ümumi biliklərə əsaslanmasından asılı olmayaraq, pyes nümayiş etdirir ki, ispan dramaturqları məhz Don Dieqonun öz sosial yüksəlişinə cəhd etdiyi illərdə ekzotik hərbi qəhrəmanlardan mövzu kimi fəal şəkildə istifadə edirdilər.

 

Teatr və ədəbi təsirlər müasir şayiələrdən çox uzağa uzana bilər. 1619-1620-ci illər arasında Mersedarian rahibi Tirso de Molina, Don Xuan əfsanəsinin ilk ədəbi işlənməsi olan Seviliya fırıldaqçısı və daş qonaq (El burlador de Sevilla y convidado de piedra)[37] əsərini yazdı.[38] Pyesdə iki əsas personaj var: Don Xuan Tenorio və onun atası Don Dieqo Tenorio. Onomastik təsadüf — Don Xuan və Don Dieqo, Tirsonun formalaşma illərində Madridin teatr məhləsində yaşayan iki Səfəvi dönməsinin dəqiq adları — ətraflı araşdırma tələb edir. Daha cəlbedici olan Tirsonu Səfəvi dönmələrinin hekayəsinə bağlayan şəbəkədir. 1604-cü ildə Alonso Remon Oruc bəy Bayatın Relaciones kitabını redaktə etmiş və ona müqəddimə yazmışdı. 24 avqust 1605-ci ildə, Don Xuan və Don Dieqonun Xacə Həsənin qətlinə görə həbs olunmasından cəmi üç ay sonra, Remon Toledo şəhərində Mersedarian Orderinə daxil oldu. Daxil olandan sonrakı növbəti aylarda 1600-cü ildə orderə daxil olmuş Tirso de Molina ilə birlikdə yaşayıb otaq yoldaşı oldu.

 

Yəni Tirso, Don Xuan de Persiyanı şəxsən tanıyan, onun kitabını redaktə edən, Madriddə yaşayan ekzotik dönmələr haqqında hekayələr danışa bilən bir adamla yaşayırdı. Kral himayəsi ilə vəftiz olunmuş iki iranlı müsəlman; qətlə görə həbs olunmuş, lakin təmizə çıxmış; biri qadınlar üstündə küçə davasında az qala öldürülmüş bu ekzotik şəxslər haqda hekayə mütləq danışılmışdı. Tirsonun Don Xuan Tenoriosu, Don Xuan və Don Dieqo de Persiyanı əhatə edən stereotiplərlə struktur paralellərini paylaşır. Amma burada Don Xuan və Don Dieqonun adlarını tam tərs yerləşdirib. Pyesin Don Dieqo Tenoriosu dəfələrlə utanc hissini ifadə edir: “Ay oğul, sənə bəslədiyim sevgini necə də pis ödəyirsən!”[39] Tarixi qeydlərdə, yaşlı, özünə cəmiyyətdə yer tapmış real Don Xuan de Persia (kitab müəllifi, əhəmiyyətli miqdarda təqaüd alan, kral razılığı ilə evlənən) ilə gənc, problemli Don Dieqo de Persia (qətlə görə həbs olunan, dueldə az qala öldürülən, subay) arasındakı fərq oxşar dinamika yaradır.

Tirsonun Tisbeası fəryad edir: “Mən ona ev verdim, qonaq etdim, amma bu mənfur qonaq ayağımı sancan ilan oldu.”[40] Bu, Don Dieqonun 1609-cu il işinə mükəmməl uyğun gəlir: o, Salas və Euxenionu dost kimi nahara qonaq edir, birlikdə şam edirlər, sonra qonaqpərvərliyin cavabı zorakılıq olur. Qonaqpərvərliyə xəyanət hər iki hekayədə mövzudur.

Sübutlar dolayı, lakin cəlbedici olaraq qalır. Biz Tirsonun personajlarını şüurlu şəkildə Səfəvi dönmələri üzərində modelləşdirdiyini sübut edə bilmərik. Lakin adların təsadüfü, Remon vasitəsilə birbaşa şəxsi əlaqə, Tirsonun formalaşma illərində qalmaqallı hadisələrin vaxtı və tematik paralellər göstərir ki, Don Xuan və Don Dieqo de Persiyanın varlığı İspan ədəbiyyatının ən məşhur seksual qəhrəmanı ilə səsləşir.

1609-cu ildən sonra

Don Dieqonun yaralarına “dərmanı”, onun müsəlmandan katolik döyüşçüyə çevrilməsini nümayiş etdirəcək hərbi fərqlənmə axtarmaq oldu. 1 avqust 1614-cü ilə qədər o, Mərakeşin Laraş şəhərində Osmanlı yönümlü qüvvələrə qarşı maaşını öz pulu ilə ödədiyi dörd əsgərlə döyüşürdü. O, daha sonra Admiral Luis Faxardo i Çakonun (Luis Fajardo y Chacón) rəhbərliyi altında Mehdiyyə (La Mamora) qalasında xidmət etdi. Bu hərbi əməliyyatlar III Filipin Moriskoların qovulmasından (1609-1614) sonrakı Aralıq dənizi strategiyasının bir hissəsini təşkil edirdi.

 

Don Dieqonun hərbi xidməti 1621-ci ildə, o, contino[41] (daimi saray xidmətçisi) vəzifəsi üçün müraciət edərkən bəhrəsini verdi. Onun ərizəsi üç əsas arqumenti irəli sürürdü: Mamora döyüşündə fərqlənmə ilə xidmət etmişdi, sarayda qalan yeganə iranlı idi və ən əhəmiyyətlisi, həm fars, həm də türk dillərini mükəmməl bilirdi. Bu linqvistik iddia strateji dəyəri ortaya qoyurdu: Don Dieqo tərcüməçi və kəşfiyyatçı kimi xidmət edə bilərdi. Kral çox keçmədən onu 1622-ci ildə contino təyin etdi.

 

Lakin Don Dieqo daha yüksəyə hədəflənmişdi. 1622-ci ilin aprelində o, Santyaqo ordenində cəngavərlik üçün müraciət etdi. Orden ərizəçilərdən dörd nəsil boyu zadəganlıq, “nə qədər uzaq olsa da” yəhudi, müsəlman və ya dönmə əcdadının olmamasını (qan təmizliyi doktrinası), leqal evlilikdən doğuş və kifayət qədər sərvət sübut etməyi tələb edirdi. Don Dieqo nə şəcərəsini sənədləşdirə, nə də limpieza de sangre (qan təmizliyi) tələbini ödəyə bilərdi — müsəlman dönməsi üçün bu, qeyri-mümkün idi. O, bu boşluğu “İranın Xamen Hersoqları” — Şamlı tayfası nəslindən olduğunu iddia edərək doldurmağa çalışdı. Don Xuan de Persiyanın Relaciones kitabı Şamlıları açıq şəkildə İspan hersoqlarına bərabər mövqelərə sahib kimi təsvir edirdi.[42] Don Dieqo həqiqi Səfəvi aristokratik etimadnamələrini dinləyicilərinin başa düşəcəyi ispan terminologiyasına tərcümə edirdi. Kralın xarici işlər müşaviri Don Baltasar de Sunyiqa (Don Baltasar de Zúñiga), Don Dieqonun sadiq xidmətinin, döyüş meydanındakı şücaətinin, linqvistik qabiliyyətlərinin və nəcib İran nəslinin tanınmağa layiq olduğunu müdafiə edərək onun müraciətini dəstəklədi.[43] Karasena markizi isə (Marquis of Caracena) ərizəni rədd etdi. Ordenin nizamnaməsi müsəlman əcdadı olan hər kəsi açıq şəkildə istisna edirdi və heç bir xidmət yazılı tələbləri ləğv edə bilməzdi. Sunyiqa 1622-ci ilin oktyabrında öləndə Don Dieqo ən güclü müdafiəçisini itirdi.

 

Bununla belə, 1628-ci ildə o, hökmdarın süfrəsində xidməti nəzərdə tutan Burqundiya mənşəli bir vəzifə olan kralın “süfrə bəyi” [44] təyinatına nail oldu. Bu vəzifə əksər saray əyanları üçün qeyri-mümkün olan kral otaqlarına giriş imkanı verirdi. Növbəti il Don Dieqo yenidən Santyaqo cəngavəri olmaq üçün müraciət etdi. Xuan de Vilela (Juan de Villela) və Pedro de Sunyiqa (Pedro de Zúñiga) onun namizədliyini rədd etdilər.[45] Fundamental problem qalırdı: limpieza de sangre (qan təmizliyi) tələbləri müsəlman əcdadı olan hər kəsi həmişəlik diskvalifikasiya edirdi. Nizamnamələr o qədər sərt idi ki, “İsanın özü yəhudi əcdadına görə Toledo Kafedralında qapıçı olmaq hüququndan məhrum olardı.”[46]

 

Don Dieqonun maraqları hərbi və siyasi yüksəlişdən kənara çıxırdı. 21 iyul 1631-ci ildə o, flamand rəssam Xuan de la Korteni (Juan de la Corte) 568 real ödəyərək borc həbsxanasından qurtarmışdı. De la Korte və Dieqo arasındakı müqavilə rəssamın öz himayədarı üçün müntəzəm bədii istehsalata məcbur edirdi.[47] De la Korte döyüş rəsmləri və memarlıq mənzərələri üzrə ixtisaslaşmışdı. Bu mövzular Don Dieqonun hərbi xidməti ilə səsləşirdi.

 

Don Dieqo de Persiyanın sənədlərdəki son izi 1636-cı ildə, Fransa-İspaniya müharibəsinin başlanğıcında orduya qoşulduğu zamana təsadüf edir.[48] Bu münaqişə Kardinal Rişelyenin Habsburq hökmranlığına qarşı həlledici müdaxiləsi ilə başlamışdı. Altmış yaşa çatan bir kişi üçün bu kampaniyaya qoşulmaq ya davam edən hərbi ambisiyanı, ya da çarəsiz vəziyyəti təmsil edirdi. Onun taleyini qeyd edən başqa sənəd yoxdur. Onun sağ qalıb-qalmadığın bilmirik.

Nəticə

20 yanvar 1609-cu il duel işindən istifadə edərək Don Dieqo de Persiyanın tərcümeyi-halını rekonstruksiya edə bilərik. Bu məqalədə 5 nəticəmiz var:

 

  1. Birincisi, Bünyad bəyi (Don Dieqo de Persia) müstəqil elmi diqqətə layiq bir fiqur kimi təsdiqləyir. “Xamen” və “Şamlı” arasındakı fonetik uyğunluq, Don Xuan de Persiyanın Şamlıları İspan hersoqlarına bərabər kimi açıq şəkildə təsvir etməsi ilə birlikdə, onun indiyə qədər müəyyən edilməmiş tayfa identifikasiyası üçün sübut təqdim edir. Əgər doğrudursa, bu fakt onu Səfəvilər dövlətinin ən güclü hərbi tayfalarından birinə bağlayır.
  2. İkincisi, bu göstərir ki, Don Xuan qədər məşhur olmasa da, Don Dieqo digər görkəmli dönmələrdən nisbətən daha uğurla inteqrasiya olunmuşdu. Xristianlığının davamlılığını təmin etmək üçün 1616-cı ilə qədər nəzarətçi keşiş tələb olunan Don Xuan de Persiyadan fərqli olaraq, Don Dieqoya heç vaxt belə bir nəzarət tətbiq edilmədi. O, xidmətçilər saxlayırdı ki, bu da maliyyə sabitliyini göstərir. Ən əhəmiyyətlisi, onu ağır yaralı qoyan zorakı insidentin qurbanı olmasına baxmayaraq, Don Dieqo heç vaxt həbs olunmadı. İstintaq onun xidmətçilərini və ev yoldaşı Hernan Mendesi hədəf aldı, lakin Don Dieqo özü heç bir ittihamla üzləşmədi. Bu fərqli rəftar hakimiyyətin onu problem yaradan deyil, etibarlı şəxs kimi gördüyünü göstərir.
  3. Üçüncüsü, ziddiyyətli ifadələr rəqiblərinin olduğu faktını ortaya qoyur. Don Dieqo iddia edirdi ki, Salas və Euxenio onları təhqir edərkən qadınların şərəfini müdafiə edib; Salas və Euxenio isə iddia etmişdilər ki, Don Dieqo onların “İran qadınlarını” təhqir etmələrini istəyib və onlar imtina ediblər. Məhkəmə sənədləri hansı versiyanın qəbul edildiyini göstərmir, lakin sonrakı hadisələr Don Dieqonun dediklərini dəstəkləyir: Salas məhkum edildi və sürgün olundu (baxmayaraq ki, sonradan Don Dieqonun xahişi ilə əfv edildi), Don Dieqo isə heç bir cəza almadı. Don Dieqonun rəqiblərinin ifadələrində “İran qadınlarına” istinad birmənalı deyil. Bu, Madriddəki həqiqi Səfəvi qadınlarını, ritorik kateqoriyanı və ya zorakılığa haqq qazandırmaq üçün uydurulmuş bəhanəni göstərə bilər. Dəlillər Madriddə iranlı qadınların yaşayıb-yaşamadığını qəti şəkildə müəyyən etmir, baxmayaraq ki, münaqişədə “iranlı”nın spesifik bir kateqoriya kimi istifadə edilməsi özlüyündə əhəmiyyətlidir.
  4. Dördüncüsü, 1609-cu ildən sonrakı trayektoriya həm yüksəlişi, həm də struktur maneələri ortaya qoyur. Don Dieqo sarayda rahat gəzməyi təmin edən contino (1622) və “süfrə bəyi” (1628) vəzifələrinə nail oldu. O, hərbi şücaət nümayiş etdirərək Mərakeş kampaniyalarında (1614) xidmət etdi. O, İspan zadəganlarının davrandığı kimi flamand rəssamlarına himayədarlıq etdi (1631). Lakin Santyaqo ordeni Don Baltasar de Sunyiqanın güclü müdafiəsinə baxmayaraq onun müraciətlərini iki dəfə (1622, 1629) rədd etdi. Müsəlman əcdadını “nə qədər uzaq olsa da” daimi diskvalifikasiya kimi qəbul edən limpieza de sangre (qan təmizliyi) doktrinası, heç bir xidmət, şücaət və ya kral lütfünün aşa bilməyəcəyi institusional maneə yaratdı.
  5. Beşincisi, Don Dieqonun Fransa-İspaniya müharibəsi kampaniyalarında (1636) yoxa çıxması onun taleyini naməlum qoyur. Döyüşdə ölməsi, gizli şəkildə İspaniyaya qayıtması və ya başqa bir sonla qarşılaşmasından asılı olmayaraq, arxiv sükutu özlüyündə əhəmiyyətlidir. Kralın xaç oğlu olmuş, saray vəzifələri tutmuş, 34 il xidmət etmiş bir adam tarixdən səssiz-səmirsiz yox olur. Bu yoxluq göstərir ki, nisbi inteqrasiya uğuruna baxmayaraq, gör Don Dieqo necə marjinal olaraq qalıb ki, ölümü və ya yoxa çıxması ilə bağlı heç bir rəsmi sənədləşdirməyə ehtiyac duyulmayıb.

Bu məqalə Səfəvi səfirliyi üzvlərini fərqləndirilməmiş bir kateqoriya kimi deyil, fərqli trayektoriyalara malik fərdi tarixi aktorlar kimi araşdırmağın vacibliyini göstərir. Bünyad bəyin təcrübəsi Oruc bəy Bayatınkından (keşiş nəzarəti tələb edən, daha az maliyyə sabitliyi olan, onun kimi son taleyi də naməlum olan, lakin bu kitaba görə qeydlərdə Don Dieqodan daha uzun müddət görünən) əhəmiyyətli dərəcədə fərqlənirdi. Bu fərqlər göstərir ki, “inteqrasiya” vahid bir proses deyildi, fərdi şəraitə, tayfa mənsubiyyətlərinə və İspaniya hakimiyyəti ilə münasibətlərə əsaslanaraq dəyişirdi.

 

Ədəbi ölçü xüsusi vurğuya layiqdir. Lope de Veqa, Andres de Klaramonte və ehtimal ki, Tirso de Molina kimi bir çox ispan dramaturqları məhz Don Dieqonun inteqrasiyaya cəhd etdiyi illərdə əsərləri üçün material kimi ekzotik dönmə təcrübələrindən fəal şəkildə istifadə edirdilər. Lope satirik şeirdə Səfəvi dönmələri ələ salırdı. Klaramonte (Santyaqo cəngavəri adını verən kral fərmanı vasitəsilə) məhz Don Dieqonun rədd edildiyi şeyi əldə edən uydurma qəhrəman yaratdı. Tirso (və ya Klaramonte) ehtimal ki, İran dönmələrinin qalmaqallarını əks etdirən personajlar üçün “Don Xuan” və “Don Dieqo” adlarından istifadə etmişdi. Bu ədəbi diqqət göstərir ki, Don Dieqo və onun həmkarları marjinal fiqurlar deyil, teatr təmsilini ruhlandıracaq qədər görkəmli və mübahisəli idilər. Lakin bu personajları ekzotik əcnəbilər haqqında stereotipləri gücləndirirdi.


[1] Əvvəlki məqalələr üçün baxın: Cavid Ağa, “Şah Abbasın Avropa casusları – İlk kontaktlar,” Baku Research Institute , 21 yanvar, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/ ; Cavid Ağa, “Şah Abbasın Avropa casusları – Böyük Avropa səfirliyi,” Baku Research Institute , 22 fevral, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/ ;  Cavid Ağa, “Şah Abbasın Avropa casusları – Gizli səfirlik,” Baku Research Institute , 15 mart, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/ ; Cavid Ağa, “Şah Abbasın Avropa casusları – Böyük Avropa səfirliyi (II hissə),” Baku Research Institute , 14 aprel, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi-2/ ; Cavid Ağa, “Şah Abbasın Avropa casusları – Polşa səfirliyi” Baku Research Institute , 25 may, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-polsa-sefirliyi , Cavid Ağa, “Şah Abbasın Avropa casusları – Roma səfirliyi” Baku Research Institute , 28 iyun, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-roma-sefirliyi/ , Cavid Ağa, “Şah Abbasın Avropa casusları – İspaniya səfirliyi və xristianlığa keçid” Baku Research Institute , 11 iyun, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-ispaniya-sefirliyi-ve-xristianliga-kecid/ ; Cavid Ağa, “Şah Abbasın Avropa casusları – İspaniya səfirliyi və Oruc bəy Bayatın taleyi”, Baku Research Institute, 16 sentyabr 2024, https://bakuresearchinstitute.org/oruc-bey-bayatin-taleyi/

[2] limpieza de sangre — dini soykökünə vəftizin heç vaxt silə bilməyəcəyi silinməz bioloji irs kimi yanaşma

[3] Orijinal: ein junger hofjunatehr, Dilich, Wilhelm (1605). Hessische Chronica / zusammen getragen und verfertiget durch Wilhelm Schäffern genandt Dilich [Hessen Xronikası / Vilhelm Şeffern, ləqəbi Dilix tərəfindən tərtib edilmiş və hazırlanmışdır] (almanca). səh. 347. doi:10.25673/opendata2-14874

[4] Salamanka Universiteti Kitabxanası, Ms. 1925, 14, ff. 29-31. Baltasar de Sunyiqadan Karasena markizinə, Aranxues, 14 aprel 1622. ‘Sobre el hábito de la Orden de Santiago que S.M. quería dar al embajador de Persia, Madrid 16 April 1622’ (Kral Həzrətlərinin İran səfirinə vermək istədiyi Santyaqo Ordeni libası haqqında, Madrid 16 aprel 1622)

[5] Enrique de Jesús García Hernán, İspaniyada İran Cəngavərləri: Səfirliklər və dönmə prosesləri (Persian Knights in Spain: Embassies and conversion processes), The Spanish Monarchy and Safavid Persia in the Early Modern Period politics, war and religion, Colección Historia de España y su Proyección Internacional , 2006. səh. 63-97

[6] Penny, Ralph. İspan dilinin tarixi (A History of the Spanish Language). 2-ci nəşr, Cambridge University Press, 1991. səh. 90

[7] Carlos Alonso, Praqa, Roma və Valyadolid saraylarında İran səfirləri (1600-1601) (Embajadores de Persia en las cortes de Praga, Roma y Valladolid (1600-1601)): Anthologica Annua 36 (1989) səh. 164 [154]

[8] Orijinal: Cochacen

[9] AGS, EST, sənəd 2748.

[10] AGS, EST, cild 2637, səh. 13, 116, 117 və 150

[11] AGS, CC, sənəd. 912, səh. 68

[12] Shergold, N. D. İspan səhnəsinin tarixi: Orta əsrlərdən XVII əsrin sonuna qədər (A History of the Spanish Stage: From Medieval Times to the End of the Seventeenth Century). Oxford University Press, 1967. səh. 383-414

[13] Orijinal: Barrio de las Musas

[14] Rennert, Hugo Albert. Lope de Veqa dövründə İspan səhnəsi (The Spanish Stage in the Time of Lope de Vega). The Hispanic Society of America, 1909, səh. 271-272.

[15] 1609-cu il məhkəmə işləri haqqında bütün məlumatlar Francisco Rafael de Uhagón, Alonso Xeronimo de Salas Barbadillonun iki romanı (Dos novelas de Alonso Jerónimo de Salas Barbadillo), Madrid, 1894 səh. x-xxxiii istinad edir: AGS, Procesos de la Cámara, leg. 1.648, fol. 28

[16] Orijinal: Congregación de Esclavos del Santísimo Sacramento

[17] Orijinal: Oratorio del Santo Cristo del Olivar

[18] Orijinal: algún asunto de faldas – hərfi mənada ətək məsələsi

[19] Francisco Manuel de los Cobos y Luna, 2-ci Kamarasa Markizi (1616-cı ildə ölüb)

[20] Pedro Téllez-Girón (1574-1624)

[21] Orijinal: cornamenta de tres alguaciles

[22] Orijinal: no querello de vos ni os ha pedido cosa alguna

[23] Pitt-Rivers, Julian. “Şərəf və Sosial Status (Honour and Social Status).” Şərəf və Utanc: Aralıq dənizi cəmiyyətinin dəyərləri (Honour and Shame: The Values of Mediterranean Society), redaktor J.G. Peristiany. Chicago: University of Chicago Press, 1966. səh. 19-79

[24] Taylor, Scott K. Qızıl Əsr İspaniyasında Şərəf və Zorakılıq (Honor and Violence in Golden Age Spain). New Haven: Yale University Press, 2008, səh. 227-228

[25] Fischer, Michael M. J. İran: Dini mübahisədən inqilaba (Iran: From Religious Dispute to Revolution). Harvard University Press, 1980, səh. 150

[26] Ayubi, Zahra M. S. (2019-07-30). Genderli Əxlaq: Mənliyin, ailənin və cəmiyyətin klassik İslam etikası (Gendered Morality: Classical Islamic Ethics of the Self, Family, and Society). Columbia University Press. ISBN 978-0-231-54934-9 səh. 88-89

[27] Orijinal: صوفی‌گری

[28] Seyyed Hossein Nasr, Hamid Dabashi, and Seyyed Vali Reza Nasr, Minilliyin gözləntisi: Tarixdə Şiəlik (Expectation of the Millennium: Shi’ism in History), State University of New York Press, 1989, səh.169

[29] Orijinal: جوانمردی. Bu konsepsiya haqqında daha ətraflı oxuyun: Ridgeon, Lloyd. Cavanmərdlik: Sufi Şərəf Kodeksi (Jawanmardi: A Sufi Code of Honour). Edinburgh University Press, 2011.

[30] Orijinal: unas mugeres que heran unas persianas

[31] Lope de Vega, Lisenziat Tome de Burqilyosun insani və ilahi qafiyələri (Rimas humanas y divinas del licenciado Tomé de Burguillos), sonet 143

[32] Ignacio Arellano, Lope de Veqanın zəkası. “Lisenziat Tome de Burqilyosun insani və ilahi qafiyələri”nə şərhlər (El ingenio de Lope de Vega. Escolios a las «Rimas humanas y divinas del licenciado Tomé de Burguillos»), New York, IDEA/IGAS, 2012, ISBN: 978-1-938795-84-8, səh. 216-217

[34] Əsl xristian – yəhudi və ya müsəlman qanı olmayan, əcdadları həmişə xristian olan kimsə.

[35] Orijinal: El valiente negro en Flandes

[36] Claramonte, Andrés de, Flandriyada cəsur zənci (El valiente negro en Flandes), edición de Ana Ogallas Moreno, Würzburg/Madrid, More Than Books/Clásicos Hispánicos, 2016. (Clásicos Hispánicos; 62). ISBN: 9783959550611 (epub), 9783959550116 (mobi).

[37] Orijinal adı: El burlador de Sevilla y convidado de piedra

[38] Ənənəvi tənqid pyesi Tirso de Molinaya aid etsə də, Andres de Klaramontenin müəllif olması nəzəriyyəsi mübahisəli olaraq qalır. Bu məqalənin məqsədləri üçün müəlliflik məsələsi Alonso Remonu (Don Xuan de Persiyanın kitabını redaktə edən) həm Tirsonun, həm də potensial olaraq Klaramontenin Səfəvi dönmələri haqqında hekayələrə çıxışı olan Mersedarian ordeninə bağlayan şəbəkə təhlilinə təsir etmir.

[39] Orijinal: ¡Ay hijo, que mal me pagas / el amor que te he tenido!

[40] Orijinal: amparéle, hospedéle, en tan notorio / peligro, y el vil güésped / víbora fue a mi planta

[41] contino – zadəganlardan aşağı, lakin adi xidmətçilərdən yuxarı rütbəli, kral funksiyalarında müntəzəm iştirak üçün maaş alan daimi saray xidmətçisi

[43] Salamanka Universiteti Kitabxanası, əlyazma 1925, sənəd 14, səh. 29-31. ‘Sobre el hábito de la Orden de Santiago que S.M. quería dar al embajador de Persia, Madrid 16 April 1622’.

[44] Orijinal: gentilhombre de boca

[45] AGS. EST. sənəd 2756. reskript, 1 fevral, 1629

[46] Fred Skolnik (ed), Encyclopaedia Judaica, İkinci Nəşr, Cild 13, Thomson Gale, 2007, səh. 25

[47] AHPM, protokol 6080, səh. 328r-329v

[48] Madrid Saray Arxivləri, iş 827, nüsxə 16 – Don Dieqo de Persia

 

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz