“Alban məbədləri” deyiləndə Calut monastırı ağla ilk gələn abidələrdən deyil. Çoxu ya Kişdəki, ya da Nicdəki kilsəni ağlına gətirir. Lakin, əslində dövrümüzə daha yaxın bir tarixdə rol oynamış Calut monastırı diqqətdən kənar qalıb. “Sputnik Azərbaycan”ın 4-5 ay əvvəl çəkdiyi bu görüntülərə baxa bilərsiniz.
Calutun vacibliyi
Bəs Calutun vacibliyi nədədir? Bunun üçün birinci Gəncəsərə baxmaq lazımdır. Hər nə qədər Azərbaycan tarixçiləri Gəncəsərin mərkəzi olduğu “Albaniya katolikosluğu” tarixi tituluna istinad edərək Gəncəsərin və hətta Xaçın məlikləri Həsən Cəlalyanların belə “alban” olduğunu iddia etsə də, XIV-XV əsrlərdə baş verən maraqlı bir hadisə yəqin ki, həmin tarixçiləri də düşünməyə vadar edəcək (ümidli olmasam da, ayaq yeri qoyuram). Calut monastırının yanındakı, artıq xarabalıqları qalmış “Surp Atsvavatzin” kilsəsinin içində bir zamanlar mövcud olmuş lövhə (bəlkə hələ də ordadır) bizə maraqlı bir məlumat verir.
Lövhədəki mətn belədir: “Tanrının adı ilə, mən, Katolikos Ter-Karapet bu kilsəni 860-cı ildə öz ruhuma xatirə olaraq ucaltdım. Bunu oxuyanlar dua etməyi unutmasınlar!” 860-cı il erməni təqvimi ilə 1411-ci ilə uyğun gəlir. Deyəcəksiniz ki, hə, nolsun? Axı Gəncəsərin öz saytında Karapet (Կարապետ, 1402-1420) adlı katolikos göstərilib? Amma məsələ bu qədər sadə olmaya bilər. Çünki etnoqraf və din xadimi Makar Barxudaryants (1823-1906) öz “Aluank tarixi” əsərində Ter Karapetin katolikos olması ilə bağlı “Biz katolikosluq kürsüsünün Gəncəsərdən Caluta niyə köçürüldüyü barədə məlumatlı deyilik” deyə qeyd edir. (Cild 1, səh. 210) Barxudaryantsa görə Alban katolikosları 1510-cu ilə qədər Calutda oturublar. Bu isə digər mənbələrin Gəncəsərə verdiyi üstünlüklə üst-üstə düşmür.
Gəncəsərdə sonrakı katolikoslar olaraq Matteos (1470-1476) və Şmavonu görürük. Şmavonun adı 1487-ci ilə aid Ağqoyunlu sultanı Yaqubun fərmanında görünür. Həmin fərmanda Şmavon və onun əhalisi vergilərdən azad olunur. Fərmanın orijinalını buradan oxumaq olar.
Maraqlı məqam isə budur ki, Yepiskop Hovhannes Şahxatunyants Calut monastırının həyətindəki məzarlardan birinin üzərində 1475-ci ilə aid “Katolikos Tovmanın qəbri” yazısını oxumağı bacarıb. Lakin biz görürük ki, Gəncəsər siyahısında Matteos deyə biri var. Katolikos Tovmanın adına 1466-cı ildə yazılmış “Yerusəlim əlyazmaları”ndan birində də rast gəlirik. 1478 nömrəli bu əlyazma Yakob adlı biri tərəfindən “həmçinin Vərdud adlanan Gülüstan kəndi”ndə “zahid Baryoqun xahişi ilə, Alban katolikosu Tovmanın hakimiyyət dövründə” yazılıb. (XV əsrə aid erməni əlyazmalarının xatirə qeydləri – L. S. Xaçikyan tərəfindən tərtib edilmişdir, Cild 2, səh 246, Yerevan, 1955-1967) Bu Gülüstan kəndi hara ola bilər, bilmirik amma yəqin ki, Kürdən şimalda bir yerdədir. Bununla belə üçüncü dəfə görürük ki, Gəncəsərdə bir katolikos olduğu halda, Kürdən şimalda başqasının adı çəkilib. Adına rast gəldiyimiz növbəti katolikos Arakeldir. Ter-Arakelin hətta doğum yerini də bilirik – indiki Oğuz rayonunun Böyük Söyüdlü kəndi. 1479, 1499, 1504 və 1511-ci illərdə adına rast gəldiyimiz Arakel 1511-ci ildə, Calutda vəfat edib. Onu əvəz edən Aristakes isə 1511-1516-cı illərdə katolikosluq edib və indiki Oğuz rayonunun Yaqublu kəndində 1516-cı ildə vəfat edərək basdırılıb. Onun adaşı, Gəncəsərli Aristakesin adı isə 1521-ci ildə, ölümünü münasibətilə çəkilib.