Elxani hökmdarı Əbu Səidin hakimiyyətinin 3-cü ilində, Cənubi Qafqazda ona qarşı böyük bir üsyan baş verdi. Əslində isə 14 yaşlı xan tamhüquqlu hökmdar olmayıb, əmir Çoban tərəfindən idarə edilirdi. Yəni, bu üsyan böyük ölçüdə əslində Çobana qarşı idi. Bu yazıda üsyanın təkcə siyasi və hərbi tərəflərini yox, həm də pərdəarxasında gedən prosesləri, hərəm intriqaları və şəxsi düşmənçilikləri araşdıracağam.
İrincin
Üsyanın əsas lideri şübhəsiz ki, İrincin idi. Adı Buddist ənənəsindən gəlsə də (Tibetcə རིན་ཆེན – Rinçen – Cəvahir) özü xristian Kerait türkü idi. Əmir Sarıcanın oğlu olub, Hülakünün sevimli xanımı Doqquz xatun onun bibi idi. Yəni, birbaşa Çingiz xanın keçmiş “qan-qardaşı” Toğrulun nəslindən gəlirdi. Atası Hülakü ilə Monqolustandan gəlmiş, ölümündən sonra Marağa şəhərində özünün tikdirdiyi kilsədə basdırılmışdı. Bacısı Toqyatay xatun Hülakü, və onun oğulları Abaqa və Qonqurtayla evlənmişdi. Digər bacısı Uruq xatun Arğun xanla evli idi.
Ölcaytu hakimiyyətə gələndə əvvəlcə dayısı İrincinin qızı Qutluqşahla evləndi, 7 gün sonra isə Anadoluya vali təyin etmişdi. Valiliyi dövründə Anadoluda mütləq hakimiyyətə sahib olub, həm müsəlman türkləri, həm də xristian erməniləri təqib edirdi. Məsələn, İrincinin qoruduğu məmurlardan olan Bilarğu noyan Kilikiyanın erməni kralları II Hetum və III Levonu edam etdirmişdi. Yerli xalqın şikayətlərindən sonra 1314-cü ildə Ölcaytu onu mərkəzə çağırdı. 11 yaşlı Əbu Səid hakimiyyətə gələndə birinci şəxs olan əmir Sevinc (etnik uyğur) onu Diyarbakır valisi etmişdi. Lakin 1318-ci ildə Sevinc öləndə, onun yerini əmir Çoban aldı. Çoban öz qohumlarını və dostlarını vəzifəyə qoymağa başladı. Belə ki, öz oğlu Temürtaşı Anadoluya, loyal olan əmir Sutayı isə Diyarbakıra təyin etdi. Yəni bununla İrincin siyasətdən kənarlaşdırıldı.
İki əmirin arası Ölcaytu dövründə yaxşı idi. Məsələn, vəzir Tacəddin Əlişah həmin dövrdə Çobana borclu olanda gəlib xandan borcunu ödədiyini, ona görə də daha ondan pul istənilməməsini xahiş etmişdi. Sabahı gün İrincin gəlib Tacəddindən pulu istəyəndə rədd cavabı almış, gəlib Çobana danışmışdı. Çoban isə əsəbiləşib “Eh, harda qaldı Hülakünün, Abaqanın günləri! Kimsə xana nəsə demək istəyəndə birinci əmirlərə yanaşar, dərdini bildirərdi. İşlər artıq o yerə çatıb ki, hansısa Tacik gecənin bir yarısı xanla özlə söhbət edir, əmirlərin fikri soruşulmur!” demişdi.
İrincin və Çobanın arasında yaşanan anlaşmazlığın əsas səbəbi əmir Sevincin ölümündən sonra Qutluqşah xatunun həbsi olmuşdu. Qutluqşah xatun Aybək və Qütbətdin adlı iki nökərin böhtanı nəticəsində tutulmuşdu. Bu nökərlər özləri saray təlxəyi Yaqubun qohumları idilər. Nökərlərin iddialarına görə xatun və Toxmaq adlı bir nökər (etnik kitan idi) Ölcaytunu zəhərləyərək öldürmüşdülər. Toxmaq isə Əbu Səid Xorasandan gələndən sonra şəxsən xanın əmri ilə azad edildi.
Vəzirlər və əmirlər
Əbu Səidin hakimiyyətinin ilk illəri həm də Cami ət-Təvarixin müəllifi Rəşidəddin Həmədaninin qürub illəri idi. Hələ Ölcaytunun dövründə iki vəzir – Tacəddin Əlişah və Rəşidəddin bir-biri ilə rəqabətdə idi. Rəşidəddin əmir Çoban tərəfindən dəstəklənir, Əbu Səidin atabəyi əmir Sevinc tərəfindən isə şübhə ilə yanaşılırdı. 1317-ci ildə vəzirlikdən uzaqlaşdırılan Rəşidəddin ancaq Sevincin ölümündən sonra siyasi səhnəyə qayıda bildi.
Əslində zərgər və qiymətli parçalar satıcısı olan Tacəddinin sonradan Ölcaytunun sarayında artan şöhrəti xanın əsas vəzirlərdən biri olan Səadəddin Savçının diqqətini çəkmişdi. Səadəddin Savçı hələ 1299-cu ildən vəzir idi. Təhlükəni dərk edən Səadəddin Savçı onu saraydan uzaqlaşdırmaq üçün Bağdadda dövlətin toxuculuq sənayesini idarə etməyə göndərmişdi. Tacəddin Bağdadda 4000 nəfərlik işçi qüvvəsinə sahib olan “Cənnət Karxanası”nın açılışını edərək şöhrətini daha da artırmış, vəzirin taktiki səhvini üzünə vurmuşdu. Tacəddin bununla da yetinməyib Ölcaytuya davamlı olaraq daş-qaş göndərir, onun üçün Fərat çayında bər-bəzəkli gəmi hədiyyə edirdi. Nəhayət, Ölcaytu ona 1310-cu ildə Səadəddin və Rəşidəddinlə birlikdə vəzirlik verdi. Növbəti il, Səadəddin gözdən düşdü və edam edildi. Artıq Tacəddin və Rəşidəddin rəqib idilər. Tacəddin isə bu əsnada artıq əmir Çobanın sevimlisinə çevrilmişdi. 1316-cı ildə Ölcaytunun ölümündən sonra Xorasandan gələn əmir Sevinc və Əbu Səidin elçisi olan Zənburini (və ya Ranbu) qarşılayan iki şəxsdən biri də Tacəddin idi (digəri, əlbəttə Çoban idi).
Bu elçi – Zənburi, Xorasanda ikən Əbu Səid və əmir Sevinclə yaxın idi. Vəliəhdin rəsmi “boz axtaçı”sı olan Zənburi sonradan Tacəddinlə yaxınlaşdı.
Lakin Sevincin ölümündən sonra, əmir Çobanın Rəşidəddini 1318-ci ildə yenidən vəzirliyə təyin etməsi Tacəddini keçmiş rəqibi ilə üz-üzə qoymuşdu. Tacəddin Rəşidəddini yenidən siyasətdən kənarlaşdırmaqdan ötrü Çobanın kələntəri Əbubəkr ağa ilə razılaşdı. Onun vəzifəsi əmirə Rəşidəddini pisləmək olacaqdı. Bu kampaniyaya daha sonra özü daha əvvəl ittiham edilmiş olan nökər Toxmaq da qoşuldu. Toxmaq daha öncə də, 1315-ci ildə Rəşidəddin və Tacəddin arasında qalmışdı. Rəşidəddin hətta Çobanla yaxınlaşmaq üçün Toxmaqa rüşvət də vermiş, lakin nəticədə yenə Tacəddin qalib gəlmişdi. Toxmağın Çobanla arası Ölcaytu dövründə pozuldu. Əmir İrincinin qızı Dursunu öz oğluna almaq istəyən Toxmağın istəyi geri çevrilmiş, qız əvəzində Çobanın oğlu Dəməşq Xacəyə verilmişdi.
Anti-Rəşidəddin kampaniyasının digər bir üzvü isə imam Həsənin nəslindən gələn, şiə Seyyid Dilqəndi idi. Seyyid Dilqəndi Ölcaytu dövründə Bəsrənin valisi olub tarixdə monqolların ilk və tək Məkkə yürüşünün komandiri olmuşdu. 1316-cı ildə Hicaz şərifi Hümeyda ilə yürüş edən Dilqəndi Bəsrəni keçəndə xanın ölümü xəbərini aldı və ordusunun böyük hissəsi dağıldı. 1317-ci ilin martında bədəvilər tərəfindən məğlubiyyətə uğrasalar da Hümeyda və Dilqəndi 23 nəfərlə gəlib Hicaza çata bilmişdilər. Dilqəndi ordunun dağılmasının əsas səbəbi kimi Rəşidəddini görürdü, çünki Rəşidəddin belə bir hərbi ekspediyasının lazımsızlığını müdafiə edirdi. Lakin Məkkə yürüşü Əbu Səidin rəsmi dəstəyini aldı və Məkkə şərifi Hümeyda 1318-ci ilin martında qardaşı Rümeytanı devirərək Hicazı ələ keçirdi. Tarixdə ilk dəfə Məkkədə bir monqol hökmdarının adına xütbə oxundu. Xütbədə 3 xəlifə – Əbubəkr, Ömər və Osmanın adı sadalanmadı. Lakin monqolların Hicazdakı hakimiyyəti çox çəkmədi. Məmlük ordusu 1320-ci ilin iyulunda Məkkəni aldı və Hümeyda öldürüldü.
Nəhayət, böyük kampaniyanın nəticəsində əmir Sevincin keçmiş elçisi olan Zənburi (Ranbu) də Rəşidəddini Ölcaytunu zəhərləməkdə ittiham etdi. Əmir Çoban artıq Rəşidəddini müdafiə etmirdi. Beləliklə Rəşidəddin Əbu Səidin əmri ilə dövlətə xəyanətdə günahlandırılaraq 17 iyul 1318-ci ildə edam edildi.
Lakin anti-Rəşidəddin kampaniyası tezliklə öz qurbanlarını yedi – bir neçə aydan sonra, noyabrda Zənburi və Dilqəndi Çobana xəyanətdə ittiham edilərək edam edildilər. Məmlük qaynaqlarına görə, xana yaxın olan və keçmiş axtaçısı olan Zənburinin ölümü Əbu Səidi qəzəbləndirmişdi. Bu barədə qayğılarını da birinci İrincinlə bölüşmüşdü. Həmdullah Mustovfiyə görə hətta üçlük plan qurmuş, Dilqəndiyə Çobanı öldürmək tapşırılmışdı.
Lakin sarayda Rəşidəddin tərəfdarı əmirlər də vardı. Buna nümunə olaraq Əsən Qutluğu göstərmək olar. Əsən Qutluq Ölcaytu dövründə yeddinci ən güclü əmir idi və İrincindən sonra ən önəmli şəxs idi. Məşhur bağdadlı alim, bir zamanlar Nəsirəddin Tusi ilə şəxsən işləmiş ibn-əl Fuvəti onunla görüşmüş, “Tarixi Ölcaytu”nun müəllifi Kaşani də onu çox tərifləyir, tarixi biliyinə görə yüksək qiymətləndirirdi. Fuvəti onun xəstəxana, xanəgah tikdirdiyini, siyasətdən yaxşı başı çıxdığını da qeyd edir. Nəsəbi “ibn Zəngi ibn Sibna ibn Tarum ibn Toğrul ibn Qılınc ibn Sunqur ibn Könçək ibn Tosbuğa ibn Altan xan” kimi qeyd edilən Əsən Qutluq güman ki, Uyğur xaqanlarının nəslindən gəlirdi. Qazan xanın dövründə Xorasanın hərbi valisi olmuşdu. Ölcaytu dövründə Əsən Qutluq və İrincin qohumluq əlaqələri bağlamışdılar – 28 Aprel 1305-ci ildə Əsən Qutluğun qızı və İrincinin oğlu Şeyx Əli evlənmişdi. Həmin il əmir Sutayla birgə Ölcaytunun Gilan yürüşündə iştirak etmişdi. 1308-ci ildə Cəlair əmiri Ağbuğanın qızı (Həsən Cəlairin bibisi) ilə evlənən Əsən Qutluq saraydakı ən güclü əmirlərdən biri olmuşdu. Əsən Qutluq, həmçinin gələcəkdə problemə çevriləcək Çağatay şahzadəsi Yasavurun bacısı ilə evli idi.
Ölcaytunun ölümündən sonra Əbu Səid və Çoban onu Xorasana, Xorasanı ələ keçirmək istəyən Yasavurun planlarını yatırmaq üçün göndərmişdi. 1317-ci ildə Xorasan valisi olan Əsən Qutluq əslində Yasavuru elə də ciddiyə almırdı. Qızıl Orda xanı Özbəyin Azərbaycanı işğalı yuxarıdakı əmirlərin edamı ilə üst-üstə düşmüşdü. Əsən Qutluq Özbəyə qarşı mübarizə aparmaq üçün Xorasandan Təbrizə qayıtmış, gəlmişkən də əmirlərin və vəzirlərin edamına etiraz etmişdi. Lakin bu əmir də gözlənilmədən, 10 oktyabr 1318-ci ildə Təbrizdən Arrana gedərkən qəflətən öldü. Əbu Səid sevimli əmirlərindən daha birinin ölümünə görə çox kədərlənmiş və ard-arda ölümlərdən dərin şübhəyə düşmüşdü.
Qurumşi
Çağatay şahzadəsi Yasavurun Xorasandakı üsyanı Əbu Səid üçün başağrısı halını almışdı. Əmir Hüseyn Cəlairi və Çobanı Xorasana göndərən Əbu Səid birdən-birə Qızıl Orda hökmdarı Özbəyin basqınına məruz qalmışdı. Ətrafında ordusu çox az qalmış 14 yaşlı Əbu Səid birdən-birə təhlükəli vəziyyətə düşmüşdü, qarşısında dünyanın ən böyük ordularından (300.000 əsgər) birinə rəhbərlik edən 37 yaşlı Özbək var idi. Çoban xəbəri eşidən kimi yarı yoldan qayıdaraq özünü Kür çayına çatdırdı və ətrafdakı əmirlərə. əsasən də Gürcüstanda hərbi vali olan Qurumşiyə çağırış etdi. Qurumşi isə gec hərəkət edərək Çobanı Özbəyin qarşısında tək qoydu. Çoban çətinliklə də olsa Özbəyi məğlub edərək vəziyyəti stabilləşdirdi. Çağırışına məhəl qoymayan Qurumşi isə 100 dəfə qamçılanma cəzası aldı. Bu cəzanı Xacə Misir ibn Məhəmməd təsdiqlədi.
Qurumşi də İrincin kimi Kerait türkü idi amma müsəlman olması ehtimal edilir. Ondan fərqli olaraq xan ailəsindən deyil, Tonqqayıt klanından olub əcdadları Toğrul xana xidmət etmişdi. Babası Tügür Hülakünün katibi kimi bölgəyə gəlmiş, atası Əlinaq isə Hülakünün oğlu elxan Əhməd Təkudarın kürəkəni olmuşdu. 4 iyul 1284-cü ildə Əlinaqın Arğun xan tərəfindən edamı sonrasında Qurumşi atasının Cavaxetidəki torpaqlarını və Təkudarın qızı, analığı Kiçik xatunu irsən aldı. Beləliklə, o həm də İrincinlə qohumlaşmışdı – Kiçik xatun və İrinin xanımı Könçək xatun bacı idilər. Qurmuşi Arğun xan dövründə (12 mart 1289) Gürcü kralı II Vaxtanqa nəzarətlə vəzifələndirilmişdi.
Qurumşi Keyxatu, Baydu və Qazan xan dövrlərində dəfələrlə mövqeyini dəyişərək həmişə qalib gələn tərəfi seçdi. Keyxatunu hakimiyyətə gətirərək onun qızı Qutluq Məlik xatunla evlənmişdi. 1295-ci ildə Baydunu Naxçıvanda ələ keçirən Qurumşi onu Qazan xana təhvil vermişdi. Baydu tərəfdarı olan əmir Tukal Samstxe atabəyi Beka Cakeli tərəfindən tutularaq Qurumşiyə təhvil verilmişdi. Daha sonra yenə Qazan xanın əmri ilə Biləsuvar və Beyləqan kimi yerlərdə rəqib şahzadələri divana tutmuşdu.
Qazan xanın dövründə, 1299-cu ildə II Vaxtanqın davamçısı VIII Davidin üsyanını yatırıb, yerinə V Georgini təyin etmişdi. Yenə həmin il məmlüklərə qarşı aparılmış Vadi əl-Xəznədar döyüşündə iştirak etmişdi. Bu döyüş monqolların məmlüklərə qalib gəldiyi əsas döyüşlərdən idi.
Üsyanın başlanğıcı
Qurumşi kimi sadiq və vali dərəcəsində yüksək bir sərkərdənin 100 şallağa layiq görülməsi əmirlər arasında Çobana qarşı nifrəti artırmışdı. Bunlar bəs deyilmiş kimi, Çobanın nökəri, Rəşidəddinin ölümündə rol oynamış Əbubəkr ağa tərəfindən söyülərək təhqir edilmişdi. Lakin Qurumşi cəzalandırılan tək əmir deyildi. Əmir Toğrulçanın oğlu Qazan və Buğa İldurçı da şallaq cəzası almışdılar. Qazanın atası Toğrulça elxan Qazana xidmət etmiş bir sərkərdə idi. Qurumşi hətta onu 1296-cı ildə Biləsuvarda ölümdən xilas etmiş, dostlaşmışdı. Tezliklə Anadoludakı vəzifəsindən kənarlaşdırılaraq Gürcüstana gəlmiş İrincin və Qurumşi liderliyindəki əmirlər qrupu Çobana qarşı hərəkətə keçmək haqda qərara gəldilər.
Əbu Səid yaylamaq üçün Sultaniyyəyə, əmir Çoban da Göyçə gölünə hərəkət edən zaman Qurumşi gizlincə onun düşərgəsinə basqın etmək üçün 10.000 nəfər əsgərlə Gürcüstandan gəldi. Qurumşinin ordusundan Qara Tağay adlı bir şəxs Çobana əvvəlcədən məlumat verdiyi üçün ancaq oğlu Həsəni düşərgədən çıxara bildi. Qurumşi gecə vaxtı düşərgəyə hücum edəndə ilk işi onu təhqir edən Əbubəkr ağanı tapıb öldürmək oldu. Çoban isə qaçmışdı. Çobanın düşərgə komandiri olaraq qoyduğu nökəri Toxmaq isə Qurumşinin tərəfinə keçdi. Yuxarıda dediyim kimi, Toxmaq İrincinlə qohum olmağına imkan verməyən Çobana onsuz da qəzəbli idi və əslində üsyanı təşkil edən çevrədən idi.
Çoban isə bir neçə özünə sadiq əmir və xidmətçi ilə oğlu Həsənin yanına qaçdı. Qurumşinin 3000 nəfərlik avanqard qüvvələri 3 gün sonra Çobana çataraq onun iki oğlunu ağır yaraladılar, Çoban isə yüngül yaralanıb 50 nəfərlə qaça bildi. Səfəvi qaynaqları (Səfvət əl-Səfa) sonradan Çobanın qurtuluşunu Şeyx Səfiəddinin möcüzəvi köməyinə bağlamışdılar. Çoban və oğlu Həsən Naxçıvana qaçıb yerli vali Məlik Ziyaəddin Naxçıvanidən dəstək istəsələr də mənfi cavab alaraq Mərəndə qaçdılar. Mərənd valisi Nəsrəddin öz növbəsində ona at və əsgər verərək Təbrizə yola saldı. 1000 nəfər əsgərlə Təbrizdə onu qarşılayan vəzir Tacəddin Əlişah daha sonra onu Sultaniyyəyə yola saldı. Tacəddinin Çobana bu nöqtəyə dəstəyi həll edici məqam idi. Rəşidəddini müdafiə etməyinə baxmayaraq Çoban yəqin ki, vəzir tərəfindən stabillik rəmzi kimi görünürdü. Tacəddin Ucana qədər Çobana yoldaşlıq edərək onu Soyurqatmış və Xubilay adlı iki zabitlə göndərdi. Bu iki zabit loyallıqları ilə seçilən Buğday axtaçı və Şiktur noyanların oğulları idilər.
İrincin konspirasiyalarına saraydan da dəstək var idi. Belə ki, qızı Qutluqşah xatun Əbu Səidin hərəmində, oğlu Şeyxəli isə sarayda qaşqa axtaçı kimi xidmət edirdi. Şeyxəli Çobanın məğlub olduğu xəbərini alan kimi onun oğlu Dəməşq Xacənin mal-mülkünü qarət etdirmiş, döymüşdü. Xacəni ölümdən saxlayan şey isə Əbu Səidin rəsmi icazə verməməsi olmuşdu. Əmir Sevincin qardaşı əmir Ögrünc xana bunun ağıllı addım olmadığını başa salmışdı.
Hər bir halda, Qurumşi və İrincinin ordusu Naxçıvana çatdıqda əllərində xandan yarlıq olduğunu, Çoban və ailəsini öldürmək icazələrinin olduğunu elan etdilər. Bu yarlığın nə qədər orijinal olduğu bəlli olmasa da, üsyançılar bununla əsl düşmənlərini elan edir, birbaşa dövlətə üsyan etmədiklərini göstərmək istəyirdilər. Üsyanın xəbərləri beləliklə Anadoluya da yayıldı və Çobanın oğlu Temürtaş lokal üsyanlarla məşğul olmalı oldu.
Bir müddət sonra Tacəddin Əlişah Əbu Səidin hüzuruna çıxdı. Tacəddinin iddiasına görə İrincin təkcə Çobanı düşmən bilmir, həm də hökmdarlığa iddia edirdi. Tacəddin Çobanın əsas hədəf yox, sadəcə Əbu Səidin ölümünə gedən yolda İrincinin bir maneəsi olaraq göstərməyə, xanın dəstəyini almağa çalışırdı. Çoban bu vaxt hələ sarayda deyildi, Tacəddini əvvəlcədən göndərmişdi ki, ab-havanı yoxlasın. Güman ki, üsyançıların həqiqətən xan tərəfindən dəstəkləndiyindən qorxurdu. Görünür Tacəddinin səyləri öz meyvəsini vermiş və Əbu Səid Çobanı dəstəkləməyə qərar vermişdi. Bununla belə Çoban təkbaşına İrincinə qarşı çıxmağa qorxurdu, çünki xanın onu arxadan vura biləcəyindən ehtiyatlanırdı.
İrincin və Qurumşinin ordusu isə artıq Sərabı qarət edərək Təbriz qapılarına çatmışdılar. Təbriz valisi əl-Hacini onlara qida və 70.000 dinar pul verməyə məcbur edən üsyançılar şəhəri qarət etməkdən çəkindilər. Daha sonra Miyanə və Zəncana yönələn üsyançıların gəlişini Çoban Əbu Səidə çatdırmaq üçün geri qayıtmalı oldu. Əbu Səidin ordusu onu qarşılamaq üçün Zəncana doğru yönəldi.
Döyüş
Tərəflər 1319-cu ilin iyulunda, Zəncan və Sultaniyyə şəhərləri arasındakı tək minarəli bir kəndin yanında, Zəncanrud sahilində qarşı-qarşıya gəldilər.
Sultaniyyədən gələn Əbu Səidin ordusunda, xan özü mərkəzdə əmir Sevincin qardaşı Ögrünclə komandanlıq edir, Əsən Qutluğun oğlu Mahmud, Əli Quşçunun oğlu Şeyxəli isə sağ qanadın başçılığını edirdi. Sol qanadda Alğu noyan, yuxarıda adı çəkilmiş Xubilay, həmçinin Əbu Səidin oyrat tayfasından dayıları olan Çiçək noyan oğlu Əli Padşah və Məhəmməd komandanlıq edirdilər. Tacəddin Əlişah böyük ehtimal mərkəzdə, Çoban isə sağda idi.
Zəncandan gələn üsyançıların ordusu İrincin tərəfindən idarə edilirdi. O və xanımı mərkəzdə irəliləyir, əmir Toxmaq və qardaşı Orus solda, Qurumşi və oğlu Əbdülrəhman isə sağda idi. Ordunun bəzi hissələrinə Buğa İldurçı, Əsən Buğa və Qaraunlu Çoban rəhbərlik edirdi. Orduda həmçinin elxan Abaqanın baxşısı olan Taycunun oğulları – Taramtaz və Sanktaz adlı uyğur qardaşlar da var idi.
İrincin meydana gələndə Əbu Səid və Çobanın bayraqlarını bir yerdə görüb qorxuya düşmüşdü. Qurumşi isə onu əmin etməyə çalışırdı ki, əslində xan da onlarladır. İlk günlərdə Çoban və Qurumşinin dəstələri arasında xırda çaplı döyüşlər baş verdi, Çoban Qurumşinin hədəfindən yayına bildi.
Əbu Səidin hərəmindəki Qutluqşah xatun isə əvvəlcə atasına yalvardı ki, sülh bağlasın. Bundan ötrü hətta Əbu Səiddən, İrincin təslim olacağı təqdirdə həyatının bağışlanması sözünü də almışdı. Bu sözün işarəsi olaraq xan ağ bayraq qaldırmalı idi. Xan bu bayrağı qaldırdı, lakin İrincin Qurumşinin sözünə aldanaraq bunu təslimiyyət kimi başa düşdü. Əbu Səid qarşıdakı ordunun döyüş hazırlıqlarına davam etdiyini görüb qəzəbləndi və 13 iyul 1319 tarixində İrincinin oğlu Şeyxəlinin başını kəsərək nizəyə keçirib qarşı tərəfə göstərdi. Bu addım üsyançıların özünü itirməsi və birbaşa xanın ordusuna hücuma keçməsinə səbəb oldu.
İrincin və xanımı Könçək, sol qanaddan Toxmaq və Orusun köməyi ilə xanın ön-mərkəz və sağ qanadlarına fokuslandılar. Səfvət əl-Səfada yazılanlara görə Qurumşinin qanadı Şeyx Səfiəddinin daha bir möcüzəvi aktı və gözlərinə toz-torpaq səpilməsi ilə hərəkətsiz qalmışdı. Hər bir halda, üsyançılar əvvəlcə qalib gələnə oxşayırdılar, lakin mərkəzin güclü müqaviməti və Əbu Səidin son anda öz dəstələrini arxadan önə gətirərək şok effekti ilə üsyançıları pərən-pərən salması döyüşün və üsyanın taleyini təyin etdi.
Məmlük mənbələrinə görə hər iki tərəfdən toplam 15.000-30.000 arası Elxani əsgəri həmin döyüşdə öldürüldü. Qurmuşi döyüşdən qaça bilsə də, Kür çayı yaxınlarında ələ keçirilərək həbs edildi və Sultaniyyəyə göndərildi. Oğlu Əbdürrəhman isə Qızıl Ordaya qaça bildi.
Yarğı
Döyüşdən sonra əsir edilmiş əmir və əsgərlər Sultaniyyə şəhərinə yarğı mərasimi – yəni məhkəmə üçün gətirildilər. Məhkəmə zamanı üsyanın bütün rəhbərləri Əbu Səidin əmri ilə hərəkət etdiklərini dedilər.
Qurumşi Yusuf Böke və Hərzə Məhəmməd adlı əmirlər tərəfindən ona Əbu Səiddən məktub gəldiyini və bu məktubda Çobanın öldürülməsinə icazə verildiyini qeyd edirdi. Hərzə Məhəmməd Ölcaytu zamanında yüksəlmiş əmirlərdən olub Toxmaqla yaxın idi. 1311-ci ildə keçmiş vəzir Sədəddin Savcıya qarşı ittihamda ona qarşı ifadə vermiş, Məmlük ordusuna qarşı 1312-ci ildə Rəhba yürüşündə iştirak edib döyüşmüşdü. Hərzə Məhəmməd həm də Çoban kimi Sulduz qəbiləsindən idi.
Digər elçi, Yusuf Böke 1299-cu ildə Qazanın ordusunda məmlüklərə qarşı döyüşmüşdü. Ölcaytunun loyal əmirlərindən olub Rəhba yürüşünə qatılmışdı. Lakin birbaşa olaraq son döyüşdə iştirak etməmiş, həyat yoldaşı və uşaqları ilə Ərdəbilin Xöşkərud kəndində məhkəmədən 10 gün əvvəl həbs edilmişdi.
Hər iki əmir məhkəmədə ifadəni təsdiqləsələr də Əbu Səid onları inkar etdi və həmin şəxslərin Çingiz xan yasasına görə edam edilməli olduğunu dedi. Yusuf Böke qardaşları Firuz və Qutluq Temür ilə birlikdə edam edilərək ət kimi zəncirdən asıldı.
İrincin də öz növbəsində Əbu Səiddən gələn yarlığı göstərərək Çobanın öldürülməsinə icazəsinin olduğunu dedi. Əbu Səid yenə bu yarlığı inkar edərək Çobana istədiyini etmək icazəsini verdi. İrincin qabırğalarına qarmaq keçirilərək bazarda asıldı. Lakin bu halda belə o Əbu Səidə söyüş yağdırırdı. Dilini kəsməyi heç kəs bacarmadıqda çənəsindən beyninə doğru bir şiş soxularaq öldürüldü. Bədəni 2-3 gün çürüməyə məruz qaldı, daha sonra başı kəsilərək Xorasana, Azərbaycana, İraqa, Anadoluya və Diyarbəkirə göndərildi. Əmir Toxmaq və qardaşı Orus da onunla birlikdə edam edildi.
Orusun iki 7 yaşlı oğlu Məhəmməd və Hüseyn məhkəmənin 3-cü günü öldürüldülər. Toxmağın xanımı İlqay bir kasıb kişiyə cariyə kimi verilsə də, qadın 5000 dinar ödəyərək öz azadlığını ala bildi və yuxarıda adı çəkilmiş Soyurqatmış ilə evləndi.
İrincinin digər oğlu Vəfadar atasından 4 gün sonra edam edilərək başı anası Könçəkin önünə atıldı. Şahzadə Könçək qadın olmasına baxmayaraq şəxsən döyüşmüşdü. Çingiz xanın nəslindən gəldiyi üçün atlar tərəfindən əzilərək öldürüldü.
Qurmuşi İrincindən və Toxmaqdan bir həftə sonra başı və üzü qırxılaraq, başına konuslu papaq qoyuldu və kəllə sümüyünə mismarlar vuruldu. Daha sonra sinəsinə ox atılaraq edam edildi. Qurmuşinin oğlu Qızıl Ordaya qaçdığı üçün qardaşı Xorasandan gətirilərək edam edildi.
İrincinin qızı Qutluqşah bir daha Ölcaytunu zəhərləməkdə ittiham edildi. Tacəddin Əlişah onun köməyinə çataraq əvəzində əmir Polad Qiya ilə evləndirilməsini təşkil etdi.
Üsyançı ordudakı iki uyğur qardaş – Taramtaz və Sanktaz da edam edildilər. Onların kiçik qardaşı, Eretna isə Çobanın oğlu Temürtaşa sadiq qalmışdı.
Temürtaş üsyan zamanı atasına kömək edə bilməmiş, İrincinin tərəfdarları ilə mübarizə aparmalı olmuşdu. Üsyanın Anadolu qolunun başçıları mərhum əmir Əsən Qutluğun qardaşı Kür Buğa və keçmiş Anadolu valisi Samağarın nəvəsi İcil Buğa idi. İrincinin məğlubiyyətindən sonra hər iki əmir bir-birini qınayaraq öz aralarında döyüşərək öldürülmüşdülər.
Ümumi yarğı prosesi zamanı Əbu Səid 36 əmir və 7 xatun edam etdirdi. Xana döyüşdə göstəridiyi şücaətə görə “Bahadur” titulu verildi. Bir neçə ay sonra artıq mütləq hakimiyyətə sahib əmir Çoban Əbu Səidin bacısı Satıbəy ilə 6 sentyabr 1319-cu ildə evlənərək xan ailəsinin üzvünə çevrildi.
Üsyanın nəticələri
1319-cu il üsyanı Elxanilər dövlətini ciddi zədələdi və əmir Çobanın mütləq yüksəlişinə imkan verdi. Çoban bu təsirini 8 il qoruya bildi, hətta oğlu Temürtaşın üsyanı belə onu laxlatmadı. Çoban hətta uzaq Pekində belə tanınmış, Xubilay xaqanın nəticəsi, xaqan Yesün Temür tərəfindən “bütün xanlıqların baş komandanı” adlandırılmış, Çin imperiyasına məxsus titul olan Yi knyazı (翊國公) dərəcəsi verilmişdi. Çobanın bütün oğulları yüksək vəzifələr, valiliklər qazanmışdılar.
Əbu Səid Çobanın qızı Bağdad xatunu istəyəndə ona evlənməyə imkan verməyərək öz sonunu hazırlamışdı. 20 yaşlı Əbu Səid və 14 yaşlı Əbu Səid arasında böyük fərq vardı. Çobanın Xorasanı işğal edən Çağatay xanı Duvaya qarşı yürüşünü fürsət bilən Əbu Səid Çobanın oğlu və vəliəhdi Dəməşq Xacəni vətənə xəyanətlə – Ölcaytunun hərəmindən bir qadınla zina etməkdə – günahlandırdı və Çobaniləri sistematik məhv etməyə başladı. Qurumşinin şallaq cəzasını təsdiqləmiş Xacə Misr çox maraqlıdır ki, bu cəzanı da təsdiqlədi – Dəməşq Xacə 1327-ci ildə edam edildi. Əbu Səid həmçinin Çobanın təsirində qalaraq məcbur edam etdirdiyi Rəşidəddin Həmədaninin oğlu Qiyasəddin Məhəmmədə vəzirlik verdi.
Çoban hadisəni eşidən ki, Əbu Səidin üzərinə yürüdü və şeyx Əlaəddövlə Simnanini xana elçi kimi göndərdi. Çoban oğlunu xana şikayət edən əmirlərin verilməsini tələb etdi və əvəzində heç bir müharibə olmayağının sözünü verdi. Əbu Səid isə cavabında bunu qəbul etməyinin yeganə şərtinin Çobanın istefaya gedib bir kənarda sakit həyat yaşaması olduğunu dedi. Çoban dəstək almaq üçün Herata qaçaraq yerli hakim Qiyasəddin tərəfindən həbs edildi və orada boğdurularaq öldürüldü.
1319-cu il üsyanı “köhnə monqollar”ın “yeni monqollara” son cavabı idi. Çobanın təsirindən hələ 14 yaşında çıxmaq istəyən Əbu Səid görünür ki, gizli bir üsyan yaradaraq Çobandan qurtulmağa çalışmış amma həlledici nöqtədə iradəni itirərək hakimiyyətini də əldən vermişdi. Əbu Səidin bundan sonrakı illəri də asan keçmədi – dəli kimi sevdiyi Çobanın qızı Bağdad xatunu əri Böyük Həsəndən boşadıb ələ keçirə bilmişdi, ona hər cürə mal-mülk, siyasi güc və hətta rəsmi titul – Xudavəndigar – vermişdi. Lakin tezliklə Bağdaddan da bezən xan 1333-cü ildə onun qardaşıqızı, edam etdirdiyi Dəməşq Xacənin qızı Dilşad xatunla evlənmişdi.
Dilşad xatun tezliklə Bağdadı öz kölgəsində qoydu. Maraqlıdır ki, Dilşadın anası Dursun xatun idi – İrincinin qızı. Bu evlilikdən 2 il sonra, Əbu Səid Qızıl Orda hökmdarı Özbəyin daha bir yürüşünə cavab vermək üçün gedəndə Qarabağda qəflətən vəfat etdi. İbn Bəttutənin o dövrdə eşitdiyi şaiyələrə görə Əbu Səid qısqanc Bağdad xatun tərəfindən zəhərlənmişdi. Bağdad xatun Əbu Səidin ölümündən 2 həftə sonra vəzir Qiyasəddinin əmrilə hamamda çimərkən döyülərək öldürüldü.
Hamilə Dilşad xatun Əbu Səidin ölümündən sonra Əbu Səidin dayısı oyrat tayfasının başçısı Əli Padşahın yanına qaçdı. 7 aydan sonra uşağın qız olduğu üzə çıxdı. Beləliklə Elxanilər dövlətinin sonu başladı. Artıq heç kimin ona ehtiyacı yox idi. Əli Padşahın öldürülməsindən sonra bibisinin əri, Bağdad Xatunun məcbur boşandığı Böyük Həsənlə evlənən Dilşad xatun beləliklə Cəlairilər sülaləsinin ana tərəfdən əsasını qoydu. Bu evlilikdən sonra Dilşad Xatun həm Qurmuşinin şallaqlanmasına, həm də atası Dəməşq Xacənin öldürülməsinə səbəb olan Misir Xacəni edam edərək intiqamını almış oldu.
Əmir Çoban və Səfəvilər
1319-cu il üsyanı sonradan Azərbaycanı formalaşdıracaq Səfəvilər üçün də dönüm nöqtəsi idi. Səfvət əl-Səfanın III kitabının III fəslində oğlu Sədrəddinin dilindən Şeyx Səfinin Çobanın Qurumşi tərəfindən basıldığı zaman “qorxma ki, bu gecə zalımların əlindən xilas olacaqsan və bir müddətdən sonra bunlar sənində giriftar olacaqdır” deyib gözünə görünməsi və onu möcüzəvi şəkildə ölümdən qurtarılması və daha sonra Zəncanrud yaxınlığındakı döyüşdə Qurumşinin ordusunun üzünə qum atılması təsvir edilir. Eyni hekayə VII kitabın II fəslində xatırlanır.
Əmir Çoban Səfəvi ənənəsində xüsusi hörmət bəslənən bir şəxs kimi qəbul edilir. Məsələn, Şeyx Zahid Gilaninin (Səfiəddinin qaynatası) Çobanın “Çingiz xanın dörd oğlunun uluslarına əmirülüməra olmağını” öncədən gördüyü qeyd edilir. Bu hadisə Qazan xan zamanında baş verir. Ölcaytunun ölümündən sonra yenidən xatırlanan Çobanın Şeyxə onu ziyarət etməyə söz verməsi qeyd edilir. Hekayəyə görə Çobanın əmirləri Qarabağdan uzun yol gəldiklərini, bir gecə əylənməklərini xahiş edirlər. Çoban əvvəlcə razı olur amma sonra “Şeyxdən qorxaraq” onu ziyarət edir. Bir başqa yerdə Əmir Çoban Özbək xanla döyüşündən xilas olmasını yenə yuxuda şeyxi görməsinə bağlayır.
Çobana qarşı çıxmış əmirlərdən olan Yusif Bökə haqqında da həmin kitabda qeyd var. Kitabda o “ulu bəy” kimi qeyd edilir və edamından sonra Şeyx Səfiədinin bir nəfərə yuxusunda görünüb Sultaniyyəyə getməsini əmr etməyi əks edilir. Həmin şəxs əmir Çobandan Yusifin dul arvadı Şahaləm və uşaqları üçün Səfiəddinin adından aman diləyir. Bir başqa yerdə Yusifin xanımı Şahaləmin əvvəl Yusiflə nikahsız yaşadığı, məhz şeyxin əmri ilə evləndiyi qeyd edilir.
Kitabda Rəşidəddinin oğlu Qiyasəddinə də mənfi münasibət mövcuddur. Tez-tez onun “yəhud millətindən” olmağı xatırlanır və Əbu Səidin dayısı Əli Padşaha onunla dostluq etməməsi tövsiyə edilir.
Kitabda Şeyx Səfiəddinin məqbərəsi üstündə olan bir sıra mərasimin məhz Əmir Çobanın əmrilə başladıldığı və bu mərasimlərin Şah Təhmasib zamanında da izlənildiyi qeyd edilir.