…Knyazlar Behbudov və Mədətov istisna olmaqla hamımız Mayın 7-si axşam saatlarında at belində yola düşdük. Onlar da sabah faytonla arxamızca gələcəkdilər. Generaldan aldığımız tapşırığa görə biz heç bir köməkçi olmadan Tiflisdən 273 verst uzaqlıqdakı Qarabağ vilayətinin paytaxtı Şuşaya getməli idik. Tiflisi tərk edərkən İrana gedən yol üzərindən Kürün sağ sahili ilə gözəl bağların mənzərəsi ilə davam etdik. Tiflisdən 5 verst aralıqda bir tərəfdə qədimi daş körpünün xarabalıqları, digər tərəfdən isə yeni qurulan bir istehkam var. 7 verst uzaqlıqda isə kazakların stansiyası olan Soğanlıq yerləşir.
Axşam vaxtı biz 28 verst yol gəlib ikinci stansiyaya – Dəmir Həsənliyə çatdıq. Otaqlardakı divarların çoxu necə gəldi hazırlanıb və narahat edici dərəcədə rütubətlidir. Gecələri soyuq, gündüzləri qızmar keçir. Bu havalar kazakların və səyyahların möhkəmliyini ölçür.
Səhər tezdən yola çıxdığımız bu stansiyadan bir neçə verst uzaqlıqda Noyabr-Mart aylarında Gürcüstanda yaşayan köçəri tatarlar tərəfindən istifadə edilən çoxlu miqdarda oyuq gördük. Bu köçərilər kalmıklar kimi ilin geri qalan hissəsində ətrafdakı yaylaqlarda yaşayırlar. Bu oyuqlarda qadınlar qışda öz heyvanların yunlarından ən gözəl xalçaları hazırlayırlar və onları Tiflis bazarlarında görmək olar.
Kürə boşalan Ehram çayı üzərindəki beş arkadan ibarət Qırmızı Körpü səyyahlar üçün diqqətəlayiqdir. Körpünün bərkliyi, onun döşənişi, balustradası, çaya enən pilləkənləri və genişliyi yaxın məsafədəki başqa bir xaraba körpünü, bəzi qüllələri nəzərə alanda qədim əyyamlarda burada böyük bir şəhərin olduğunu deməyə bizə əsas verir. Bu körpünün yerləşdiyi məkan bu ehtimalı gücləndirir – Yelizavetpoldan, İrəvandan, Qarakilsədən, Gümrüdən, şərqdə Bakıdan, cənubda İrandan, qərbdə Türkiyədən gələn yollar burada birləşir.
Günün əksəri yağışlı və küləkli keçdi, buna görə də axşam Salahlıda, gecə isə Ağstafada gecələməli olduq. Bura Dəmirçi Həsənlidən 45 verst uzaqlıqdadır. Bu poçt evinin pis vəziyyəti, yağış selindən qorumaması bizi məcbur etdi ki, sıx ağaclıqda çadır salıb tonqal qalayaq. Gecəyarı knyazlar Mədətov və Behbudovlar bizə çatdılar.
Səhər açılanda hava yaxşılaşdı və biz generalın faytonunda yolumuza davam etdik. 20 verst getməmişdik ki, knyaz Mədətovun bir dostunun gürcü xidmətçiləri bizi qarşıladılar və yoldan bir neçə verst qərbə, bir qülləyə apardılar. Qüllənin yanında çadırlar quruldu və 24 saat əyləndik. Hər tostdan sonra bir mahnı oxunulur və rəqs edilirdi – knyaz və xidmətçi bir yerdə əylənirdi. Bu əsilzadə bizə 3 günlük yol üçün azuqə təşkil etdi.
Növbəti gün Tiflisdən Qarabağa uzanan dağları izləyərək dünən əyləndiyimiz yerdən 50 verst şərqdəki Şəmkirə çatdıq. Şəmkir düzənliyi La Mançadakı düzənliklərə çox bənzəyir. Ağaclar görünmür. Əgər bu torpaqlar İspaniya qədər çox məskunlaşsaydı (ki, məncə qədimdə belə olmağına inanmaq üçün hər cür səbəbimiz var) şəhərin bir ucundan digərinə bir günə çatardın. Düzənliklərdə çoxlu vəhşi keçi gördük. Orbelianov kimi bəzi gürcülər necə ovlanmaq lazım olduqlarını bilməklə öyünsələr və cəhdləri nəticəsiz oldu. Şəmkirə çatmazdan əvvəl görünən böyük bir sütunün yanında Şəmkirçayın üzərində bir zamanlar olmuş körpünün 3 arkası görünürdü.
Sütunun bazası 14 fit kvadratdır və Parisdəki “Place Vendôme” qülləsinə çox bənzəyir. İçərisinə pilləkənlə qalxırlar və düzü çox pis vəziyyətdə olsa da görünür müharibə vaxtı müşahidə üçün istifadə olunub. Ətrafdakı daşların yanından keçəndə məcbur idik ki, atlarımızı 4-5 fit uzunluqdakı sürüngənlərdən qılıncla qoruyaq. Heç bir şey onların atların ayaqları altında qalıb əzilməsindən pis ola bilməzdi. Bu vəziyyət Yelizavetpolun 2 verstliyinəcən davam etdi.
Əvvəllər Gəncə adlanmış Yelizavetpol şəhəri Gəncəçay adlı, 25 verst sonra Kürə tökülən kiçik bir çayın yanında yerləşir. Yolun sağında şəhərə çatmazdan əvvəl Sisianovun tutduğu, xanların qədim qalası yerləşir. Bu qala çox möhkəmdir və bunun üçün hər bir əziyyət çəkilib. Onun ətrafında geniş və dərin xəndəklər var və üstündə iri kalibrli Türk topları yerləşdirilib. Bu qala Rusiya ordusu tərəfindən uzun bir mühasirə və ikinci hücumdan sonra tutulub. Sarayda öz böyük sərvətini gizlədən xan onun müdafiəsində çox dəyanətli döyüş aparıb. 20 kiloluq, hələ də sarayın yaxınlığında olan bir topun yanında öz qılıncı ilə ölənəcən döyüşüb.
Təəssüf ki, mən xan haqqında deyilən yaxşı şeylərin hamısını onunla əlaqələndirə bilmirəm. Çünki öz təbəələrinə ən eşidilməmiş zülmləri törədib, hətta öz arvadları və uşaqlarının ən kiçik səhvlərində ən ağrılı cəzaları tətbiq edib. Sarayın komendantının tərcüməçisi, bir zamanlar xanın xidmətçisi olmuş şəxs bizə danışdı ki, öz keçmiş ağası bir gün ən gözəl qadınının üz ifadəsinin necə dəyişəcəyini görmək üçün təcrübə aparırmış və ona olmazın zülmləri verirmiş. Bu təcrübələrin yarısında həmin qadın daha dözə bilməyib ölüb. “Təcrübə” ikinci qadın üzərində də eyni nəticəni verib!
Bizim burada qaldığımız kiçik vaxt ərzində xanın xəzinədarı olmuş və onun qəzəbinə tuş gəlmiş bir şəxsi gördük. Müsəlmanlarda adətdir ki, hökmdarların qadınların onların yanından keçəndə gözlərini aşağı diksinlər. Amma xəzinədar bir gün bu qadınlardan birinə baxıb. Xan bunu eşidəndə qəzəblənib və xanım yanından keçəndə hansı üzünün ona sarı olduğunu öyrənib və həmin tərəfdə olan gözünü çıxartdırıb. Buna rəğmən onu xidmətdən azad etməyib. Rus qalibiyyətindən sonra öz vəzifəsini itirən bu yazıq şəxs indi Yelizavetpol məscidində işləyir. Həmçinin bizə dedi ki, ruslar buranı ələ keçirəndən cəmi 1 nəfər edam hökmü ilə cəzalanıb. 18 illik ağasının hakimiyyəti dövründə isə bu hardasa hər gün tətbiq edilirmiş.
Rusiya ordusu bu qalada çoxlu mal-dövlət tapdı, bu da onların maddi vəziyyətini yaxşılaşdırdı. Lakin xanın xəzinəsinin böyük hissəsi hələ də tapılmayıb. Onları gizlətmək üçün göndərdiyi adamları da sonradan özü öldürtdürüb ki, heç kim xəzinənin yerini bilməsin. Buna görə də Rusiya hökuməti xanın var-dövlətindən gözlədikləri gəliri əldə edə bilməyiblər.
Xan sarayının zalları hazırda şəhər qarnizonunun xəstəxanası kimi fəaliyyət göstərir. Həyətin yaxınlığında, şəhərin girişindəki saraya bitişikdə xan öz əzilən xalqının tez-tez qaldırdığı üsyanlara nəzarət etmək üçün bir qüllə ucaldıb.
Yelizavetpola çatanda bölgə komendantı məni şəhərin ən yaxşı evlərindən birində qalmağa dəvət eti. Həmin ev əvvəllər xanın ən yaxın qohumları üçün ayrılmışdı. Şəhərdə həm xarabalıqlar, həm də yenicə tikilmiş evlər var ki, əksərinin böyük bağları və hamısı birgə 1820-ci ildə 11000 əhalisi olan bu şəhəri çox böyük göstərir. Hərbi baxımdan sərhədlərə yaxınlığına görə yox, İranın bacarıqsızlığına görə önəmsizdir. İnanılır ki, Rusiyanın sərhədləri Araza çatanda burdakı istehkamlar da dağıdılacaq.
Yelizavetpol yaxınlığında 2 ayrı Vürtemburq koloniyası var amma deyilir ki, Tiflisdəkilər qədər yaxşı yaşamırlar, çünki onlara qısqanclıqla baxan tatar qonşularından əziyyət çəkirlər və hökumət də onları həmişə qorumur.
Yelizavetpoldan Qarabağın paytaxtına iki yol gedir. Biri poçt yoludur və 125 verst uzunluqdadır. Digəri kəsdirmə yoldur və səyahəti 1/3 azaldır. Qrup olaraq Orbelianovla sonuncu yolla getmək qərarında razılaşdıq. Amma sağlamlıq vəziyyətim əl vermədiyi üçün xidmətçim, iki kazak mühafizəçimlə gecəni şəhərdən 19 verst uzaqlıqdakı Kürəkçay stansiyasında keçirdim. Səssizliyi pozulmayan səyahətim mənimlə səyahət edən gürcülərin anlaşılmaz səsləri və monoton mahnıları ilə güclü kontrast təşkil edirdi. Hava gündüzlər dözülməz isti idi amma gecələr Qarabağa irəlilədikcə daha da sərin olurdu. Kürəkçay stansiyasından bir az uzaqda Kürəkçayı keçdim. Bu çay qonşu dağlardan axıb gəlir və düzənliklər içindən keçərək 60 verstlikdə Kürə tökülür. Bu çay Yelizavetpol və Qarabağ arasındakı sərhədi təşkil edir. Demək artıq sonuncuya daxil olmuşdum.
Bu torpaqda çox əkin olmasa da torpaq da bakir deyil. Yolla paralel, qərbdə qalın meşələr var. Gecəni Bərdədə, Kürəkçaydan 40 verst uzaqlıqda keçirdim və düşündüm ki, yolun geri qalanı da bu qədər gözəldir. Buna görə də səhər yola çıxaraq gecə Şahbulağa çatmaq ümidilə (hansı ki, Bərdədən 30 verst uzaqlıqdadır) yola çıxsam da cəmi 6 verst sonra Xaçınçaya çatıb bərk yağışa düşdüm. Kazaklardan biri az qalsın axına qapılıb öləcəkdi ki, onu xilas etdik. Kazaklar mənə dedi ki, bu bölgədə belə hadisələr tez-tez olur. Bu problemi isə çayın ən incə yerində taxta körpü salaraq həll etmək olardı.
Yolu keçmək üçün 2 saat vaxt itirdik və mən ümidi itirib son poçt stansiyasına qayıtmaq istədim. Elə bu vaxt çox da uzaqda olmayan, at belində çayı keçməyə çalışan iki tatar gördüm. Onlara qoşulub bizə bələdçilik etmələrini xahiş etdim. Heç bir çətinlik etmədən bizi çaydan keçirdilər və xidmətçim hədiyyə olaraq onlara bir viski hədiyyə etdi. Çayı keçməyə çalışdığım üçün çox islanmışdım və paltarlarımı da dəyişə bilmirdim, gecə də çox soyuq keçdiyi üçün Şahbulağa yüksək qızdırma ilə gəlib çatdım. Amma buranın kazak rəisi mehribancasına qeydimə qaldı.
Şahbulaqda qədim qəsr var və ətrafdakı əraziyə nəzarət üçün yüksəkdə tikilib. Onun bağı və münbit düzənliyi, beləliklə qaladakı atlar üçün də bəs edir. Növbəti gün qızdırmam bir az keçdi və səhər saat 6-da yola çıxdım. Hava da əlverişli idi. Qarabağın dağları qarlı olsa da hava ilıq idi və hər yöndə çay axırdı. Görünür ki, burada yaxşı qoyun otarmaq olar. Əsgərandan bir az qıraqda (hansı ki, Şahbulaq və Şuşa arasında yerləşir) bir zibilliyə çatdıq ki, qüllələri vardı və 50-100 metr hündürlükdə qədimi divarları da vardı. Bu divar qədimi dövrlərdə şübhəsiz ki, ölkəni düşməndən qoruyurdu. Bu zibillikdən o tərəfə yol demək olar ki, keçilməzdir və paytaxta doğru yuxarı qalxır.
Şuşaya çatmazdan 8 verst əvvəl hardasa 200 metrlik bir qayanın üzərindən axan şəlalə gördüm. Deyilənə görə yağış artanda fərqli mənzərələr yaranır və sənət əsərinə bənzəyir. Şəlalənin yanında bir dilənçi bizə qoşuldu. Bizdən əl çəkmirdi, onu təhdid etsək də, hədiyyə versək də bizə qoşulmaqda qərarlı idi. Şəhərə çatanda bir az pul verdim və əl çəkdi. Knyaz Mədətov sonradan mənə dedi ki, o bir dərviş idi və yollarda həmişə gəzən guşənişinlər qrupundan idi. Onlar bəzən karvanlarla Hindistanacan gedib çıxırlar. Demək olar ki, həmişə lütdürlər və bədənləri fərqli rənglərlə boyanmış olur. Onlar qalın, ucu yumru bir dəyənəklə gəzirlər və düşünürlər ki, ən yaxşı yol yoldaşıdırlar. Düşünürlər ki, onların olduğu karvana hücum etməyə heç kim cəsarət etməz.
Şuşaya çatanda bərbad küçələr gördük. Aramsız yağışlar nəticəsində atlarımız küçədə dizinəcən palçığa batmışdı. Şəhərin ümumi görünüşü haqqında da nəsə deyə bilmərəm, evlər indiyəcən gördüyüm ən pis zövqlə tikilmişdi. General Mədətov buranın yerlisidir və bu daxmalar arasında Avropa stilində zövqlü bir ev tikdirib. Bu ev Tiflisdəkindən də yaxşıdır. Amma hələ tikintisi bitməyib deyə Xan sarayında müvəqqəti bir otaqda qalır. Xan bizim üçün də evlər hazırlatmışdı.
Qarabağ vilayəti şimal-şərqdən Gəncə, cənub-qərbdən Kürlə sərhədlidir ki, onu Nuxa və Şirvandan ayırır. Cənub-şərqdən Yelizavetpoldan gördüyümüz dağ silsiləsi vasitəsilə Ermənistandan ayrılır, Araz isə İrandan ayırır. [Van Halen görünür orientiri səhv salıb – C.A.] Onun böyüklüyü və münbitliyi Rusiyanın ən məhsuldar vilayəti edir və gələcəkdə məhsuldarlıq daha da artacaq. Qarabağın Yelizavetpolla sərhəd yeri ən bakir yeri ola bilər amma geri qalan yüksək bölgə gözəl bulaqlar, münbit və sağlam yerlər baxımından seçilir.
Açıq səma, təmiz hava və Şuşanın hündürlüyü bu şəhəri Qafqazın ən sağlam yeri edir. Bura gələndən sağlamlığımın yaxşıya getdiyini hiss etdim, Tbilisiyə qayıdanacan bunu təcrübə etdim. Maraqlıdır ki, bu zonada xəstələnən hamı çox tez də sağalır. Bu göstəricilər bölgəni izah etmək üçün bəsdir. Qafqazdakı fərqli vilayətlərin iqlimlərindəki müxtəlikliklər İspaniyaya bənzəyir. Məsələn, Madriddə dondurucu qış olanda Malaqa, Valensiya və Mursiyada bahar çiçəkləri açılır – Şuşanın sakinləri May ayında tonqal ətrafında birləşir, sərhəddə – Arazın sahillərində isə onlar biçin edib torpağı əkinə hazırlayırlar.
Asiyanın heç bir şəhərində Şuşadakı kimi zövqlü və möhkəm yəhər hazırlanmır. Bu gözəl işçiliyin ən maraqlı nümunəsi təkcə yəhərin ornamentli tikilməsi deyil, həm də üzəngi və yüyənin belə hazırlanmasıdır.
Şuşaya ayın 11-i çatan knyaz Mədətov [Mehdiqulu] xandan 500 süvarini Dağıstana göndərməsini istəyib. 15inəcən burada qalmalı olduğumuz üçün knyaz Mədətov bizi xanla tanış etdi. O da bizi axşam yeməyinə dəvət etdi, beləliklə Nuxaya olan səyahətimiz sabaha qaldı.
Xan 45-50 yaşlarında, uzunboy, bütün tatarlar kimi qarayanız idi – qəhvəyi gözləri və saqqalı vardı. Amma gəncliyində farslarla döyüşlərdən birində burnunun yarısını itirdiyi üçün görünüşcə elə də baxımlı deyildi. Biz Şuşada qalarkən o məhlədəki bir sarayda və Şahbulaq yolunun yaxınlığındakı bir təpədə çox gözəl bir yerdə yaşayırdı. Peyğəmbərin inanclı bir davamçısı kimi hərəmi də orada idi.
Saraya çatanda qapıda bizi xan, onun katibi və ya vəziri qarşıladı (düzü onlarda təkcə bu vəzifə var və açığı ona ehtiyac yox idi deyə, qovsalar da nəsə dəyişməzdi). General atdan enəndən sonra Xan ona yaxınlaşdı və əlindən tutub avropasayağı bir evə apararaq biz kresloda oturdu. Arxasında vəziri və bir neçə vəzifəli şəxslər dayanmışdı. Onlardan biri də mehmandar idi – onun vəzifəsi ağasının qəbul etdiyi səyyahı sərhədəcən ötürməkdir. Mən isə hərəmi daha çox görmək istəyirdim və düşündüm ki, xanın Avropa adətlərinə olan marağı onu asiyalıların qadınlara olan münasibətindən fərqli cür davranmağa vadar edəcək. Biz fontanlarla bəzənmiş, çoxlu xidmətçi olan, çox gözəl bir bağda gəzməyə başladıq. Düşündüm ki, bura hərəmə aiddir amma Xanın avropalı zövqü bura qədərmiş. Huriləri fanilərin gözündən ayıran aşılmaz bir divar vardı. Lakin, saraydakı xidmətçi bir erməni qorxa-qorxa bizə dedi ki, hərəmdə 23 xanım var və çoxu da cavandır, Qafqazın adlı-sanlı ailələrinə mənsubdur. Xanların edam hökmü vermə haqlarının olduğu dövrlərdə bu məlumatı vermək ən kiçik şübhədə erməniyə baha başa gələrdi amma Rusiya hakimiyyətinə girəndən xanların bu haqqı Tiflisdəki məhkəmənin xeyrinə əllərindən alınıb.
Zala qayıdanda biz Avropa stilində yemək stolu gördük – salfet, bıçaq, çəngəl, stəkan, su sürahiləri və s. Xan öz stulunu götürüb bizim tərcüməçimiz olacaq knyaz Mədətovun yanında oturdu və bir neçə sual verməyə başladı. General ona məlumat verdi ki, mən heç bir Şərq dilini bilmirəm və çox az rusca bilirəm, çünki mən Avropanın ucqarında bir ölkədənəm. Xan mənim doğulduğum ölkənin “şah”ının kim olduğunu soruşdu. Mən isə sülalənin adını dedim, çünki daha bilinən, qısa, anlaqlı bir ad idi [söhbət Burbon sülaləsindən gedir – C.A.].
Sarayın qapı və pəncərələri yazıq ərizəçilərlə dolu idi və çoxu da knyaz Mədətovu görüb Xanla aralarında vasitəçi olmalarını istəyirdilər. Buna görə də masada çox otura bilmədik və qalxmalı olduq. Bu arada xan öz stulunu pəncərələrdən birindəki balışın üzərində qoymaq üçün qalxdı. Pəncərənin jalüzü açıq idi və insanlar xanı görmək üçün yığıldılar. 3 oğlu olan qoca bir kişi oğullarının ikisinin Dağıstana gedən hərbi birlikdə olduğunu deyib önəmsiz bir xatakarlıq etmiş həbsdəki digər oğlunu azad etməsini xahiş edirdi. Xan onun duasına cavab verdi və kişiyə kompensasiya olaraq bir neçə qoyun verilməsini əmr etdi. Digər ərizəçilər də öz məruzələrini səsləndirdilər və xan onların hamısına istədiklərini verdi. Burda bizim qonaq kimi orada olmağımız da öz rolunu oynadı.
Rusiya hökumətinə qarşı səmimi deyilsə belə, bu zadəgan davranışca indiyəcən gördüyüm bütün xanların ən kübarı idi. Ən azından onu neçə il tanıyanlar belə düşünürdü.
Biz Xan sarayını tərk edəndə bir gənc tatarla – mehmandarla birgə çıxdıq. O çox səmimi və aktiv idi, mahir at minicisi idi. Bundan əlavə yanımızda xanın vəziri və bir neçə xidmətçi vardı ki, növbəti səhərəcən bizdən ayrılmadılar. Nuxaya Gəncə üzərindən gedən yoldakı səyahətimizin ilk gecəsini Şahbulaqda keçirdik. Burada xanın xidmətçiləri bizə çadırlar qurdular və möhtəşəm bir axşam yeməyi təşkil etdilər. Knyaz Mədətov məndən kazak rəisinin xoş davranışını eşitdikdə onu yeməyə dəvət etdi. Bu rəis bizə dedi ki, məni Qarabağa gətirən tatarlardan birinin cəsədi qayanın altında tapılıb, kəllə sümüyü çat verib. Xanın vəziri bu kişini tanıyırmış və yoldaşının dediyinə görə bizim ona verdiyimiz içki onu bihuş edib və qayadan yıxılaraq can verib.
Növbəti gün Yelizavetpola doğru yolumuza davam etdik. Knyaz Mədətov kiçik bir at sürürdü amma at çox sürətli idi deyə biz də sürətimizi artırdıq. Axşama doğru Kürə axan Tərtər çayının sahilinə çatdıq. Yol boyu çoxlu ilan gördük, günəşin istisi onları dəri dəyişməyə dəvət edirdi. Lakin çayı keçəndən sonra əkin yerləri gördük və ilanlardan canımız qutardı.
Buradan 2 verst sonra, Kürə tərəf bir yaşayış məskəninə çatdıq. Mehmandarımız bizim üçün qalmağa yer və axşam yeməyi hazırlatdırdı. Burada çoxlu zeytun ağacları vardı.
Növbəti gün səhər saat 5dən kəsə yolla 35 verst gedib Kür çayına gəlib çatdıq. Mehmandar və Xanın digər xidmətçiləri bizimlə sağollaşdılar. Kürün sahilində Nuxanın tatar zadəganlarından biri ilə tanış olduq. Qarabağ xanından daha dəbdəbəli geyinmiş bu şəxs indiyəcən gördüyüm tatarlardan ən gözəçarpanı idi. Xəncəri və bıçağı çox dəyərli və işləməli idi. Geyimi qızıl və gümüş işləməli idi – Qafqaz qadınlarının bir əsəri! Bu şəxs öz xidmətçiləri ilə səhərdən sahildə gözləmiş, özü ilə çayı keçmək üçün sal gətirmişdi.
Çayın sağ sahili möhtəşəm mənzərəyə sahib idi. Endiyimiz yerin yaxınlığında çox qədim bir məscid vardı və ətrafında vəhşi meyvə ağacları örtülü idi. Bu meşə dağlara doğru göz boyunca uzanırdı.
Knyaz Mədətov, tatar bələdçimiz, başqa bir zabit və mən sala mindik. Bir nəfər idarə etməsinə baxmayaraq çayı 5 dəqiqəyə keçdik. Atlarımız da bizim arxamızca heç bir problemsiz sahilə çatdılar.
Ağacların kölgəsində yerə sərilmiş xalçalar gördük. Bir neçə tatar əsilzadəsi bizi gözləmək üçün ora yığılmışdı. Daha sonra inanılmaz bir axşam yeməyi yeyəndən sonra bu ölkədəki adətə görə süfrəyə meyvə gəldi.
Günün qızmarlığı bu kölgəli daldalanacağı daha da dəyərli edirdi. Biz burada bir neçə saat mürgülədik amma birdən-birə narahat edildik. Kür çayını keçmək tatar sərhədçilərin nəzarətində idi və bunlardan birisi quldurun birinə keçmək üçün sal vermişdi. Bəzi qayıqçılar bu faktı təsdiqlədilər. Mədətov isə sərhədçini çağırdı və iki kazakın onu şallaqlamasını əmr etdi. Mədətovdan belə davranış gözləməzdim, görünür vəziyyət buna məcbur etmişdi. 3 saat sonra sərhədçi knyazın yanına gəlib heç nə olmamış kimi şallaqların sayı az olduğu üçün təşəkkür etdi.
Bu rahat yeri gecə 3də tərk etdik və 1 saat yarımdan sonra Ərəş kəndinə çatdıq. Burada 300 nəfərə yaxın şəxs yaşayır və Kürdən 25 verst uzaqlıqdadır. Bir çox tatar kəndi kimi qalın meşənin ortasındadır. Meydana yaxın bir yerdə bizə qalmaq üçün yer ayrılmışdı. Bu ev 2 mərtəbəli taxta bir yer idi və xalçalarla örtülmüşdü. Sütunlarla bərkidilmiş evdəki ən hündür sütun 6 metr olardı, ora da nərdivanla çıxmaq olurdu. Bacardığımız qədər özümüzü rahatladıqdan sonra parlaq bir işıqlı yerdə şam yeməyi yedik, yanımızdakı gürcülər kimi əylənib oynamağa və mahnı oxumağa başladıq.
Səhər yola çıxıb bir neçə verstdən sonra dağlıq və tənha bir yerə gəldik. Buranın çayı qırmızı-mavi axırdı və deyilənə görə keçdiyi yarğanların tərkibindəki bir növ gilin tərkibinə görə bu rəngdə idi. 5 saat da keçəndən sonra Çurxa [buranı tapmadım] adlı Ərəşdən 40 verst uzaqlıqda bir yerə çatdıq. Burada əvvəlki qonaq olduğumuz yer kimi bir məkanda qalıb eyni xoş rəftarı gördük.
Növbəti gün getdiyimiz yol əkin sahələrinin yanından keçirdi. Bir neçə kəndin yanından keçdik və məscidə doğru 1 verst uzunluğunda, fontanlarla bəzədilmiş bir səki gördük ki, yerli əhalinin zövqündən xəbər verirdi. Evlərinin içindəki təmizlik Şuşadakı kirliliklə kontrast yaradırdı və düyü kultivasiyası mənə Nuxanın əhalisinin sənaye və varlılığı barədə bir fikir verirdi. Şəhərə çatmağa bir neçə verst qalmış bölgə komendantı Mayor Badarski və bir neçə tatar rəsmisi knyaz Mədətovu qarşılamağa gəldilər.
Nuxadan bir neçə verst uzaqlıqdakı bağlar, dağların qoynunda amfiteatr formasında yerləşmiş şəhər böyük mənzərə təklif edirdi. Biz Nuxaya səhər saat 10da çatdıq və keçmiş Xanın sarayında qaldıq. Bu zonanın xanı 1819-cu ildə övladsız ölüb və General Yermolov bu bölgəyə mayor Badarskini təyin edib. O isə ordusuz, 8-10 kazakla birgə burada Tiflisdəki hökumətlə əlaqəni saxlayır. Bu müdrik və gözəl idarəçilik yerli əhalinin xanların hakimiyyətindən qurtulub məhsuldarlığa dəstək verməsi bu sabitlik və inkişafı daha da gücləndirir. Lakin, General Yermolovun öz leytenantlarından gördüyü ən kiçik səhvi belə bağışlamaması, burada çox əsgər saxlamaması yerli əhalini rahat hiss etdirir.
Xan sarayı müxtəlif memarlar tərəfindən müxtəlif vaxtlarda tikilib. Binanın əsas hissəsində knyaz Mədətov qalır. Yerlər xalça və palazla örtülüb amma qeyri-adi nəsə deyil. Amma komendantın qaldığı bina binanın ən modern, bir çox otağı olan, zalı olan, divarları bəzənmiş, şüşəbəndlə örtülmüş, Çin stilində rəsmlərə sahib hissəsi 10 il əvvəl xan tərəfindən işə götürülmüş bir italyan tərəfindən hazırlanıb. Bu zal bağçaya baxırdı və həyətdə də fontanlar var idi. Mayor və generalın mənzilləri arasında başqa bir böyük bağça var ki, öncəkindən böyükdür. Onun digər tərəfində hərəmə qalxan pilləkənlər var ki, ağ mərmərdən hazırlanıb və 3 metr diametə sahibdir. Mənə Qranadadakı Aberseraj ailəsinin öldürüldüyü Mavr saraylarından birini xatırlatdı. Həqiqətən də iqlim, təmir səma və Nuxanın yerləşdiyi yer İspaniyadakı həmin bölgəyə çox oxşayır. Lakin bu xanlardan heç biri tacirlərdən və varlılardan yığdıqları var-dövlətə baxmayaraq İspaniyanın cənubundakı iki paytaxt şəhərlərdə Mavrlar tərəfindən ucaldılan zövqlü, möhtəşəm abidələr qoyub getməyiblər.
Nuxanın 40.000-dən çox əhalisi var. Ermənilərin çoxu bölgəyə təzəlikcə gəlib və sənayedə tatarlara nümunə olurlar. Nuxadakı əsas ticarət ipəkdə gedir. Bir çox parçanın və köynəyin hazırlanmasında istifadə olunsa da istehsal miqdarı bölgənin istehlakını üstələyir.
Biz gələndən bir gün sonra knyaz Mədətov özünü Divanda təqdim etdi və bir neçə rəsmi ilə çıxış etdi. Knyazın başının üstündə imperator Aleksandrın portreti asılmışdı və onun ətrafında məmurlar, çoxlu tatar ayaq üstündə dayanıb qulaq asırdılar. Knyaz bölgədəki ədliyyə sisteminin işləyişi ilə bağlı öz şübhələrini səsləndirdi və daha sonra biz mayor Badarskinin xan sarayının zalında təşkil etdiyi banketə qatıldıq.
Sarayın əks istiqamətindəki meydançada knyaz Mədətov 300 süvarini yoxlanışdan keçirdi və onları Dağıstana yollamaq barədə əmr verdi. Bu süvari birliyinin komandiri 23 yaşlı bir gənc tatar idi. O, bölgənin ən sayılıb-seçilən ailələrindən birinin üzvü idi. Ötən il özünü oxşar bir ekspedisiyada fərqləndirmişdi və Rus ordusunun zabiti olmuşdu.
Avropada bu şəxslərdən daha yaxşı silahlanmış bir daimi ordu tapmaq çətindir. Çoxunun silahları bir neçə nəsildən yadigar qalmış qədim silahlardır. Bütün tatar regionlarında evlərindəki işləri onlara hərbə imkan vermədiyi üçün həmin kişilərin öz yerlərinə göndərdikləri əvəzediciləri görmək mümkündür. Bu şəxslər həmişə silahlı və atlıdır və yüklü məbləğ üçün hər cür şey edə bilərlər. Onların arasında 60 yaşlı bir kişi gördüm. Muşket, xəncər və bıçaqla silahlanmışdı. Atın arxasında öz gitarası [çox güman saz] və döyüşlərdən birində əldə etdiyi bir suvenir daşıyırdı. Bədənində çoxlu çapıq və sağalmış yara izləri vardı. Yaşına baxmayaraq çox atılıb düşən, enerjili, zarafatcıl və aktiv bu şəxs ilk baxışdan bütün diqqəti özünə cəmləyirdi. Knyaz Mədətov ona əmr etdi ki, bizimlə birlikdə səyahət etsin ki, bizi yolda əyləndirsin.
Axşam yeməyində iki çox çirkin tatar qadın (xanın hərəmində rəqqas olublar) bizim üçün rəqs etdilər və açığı biz bunsuz da keçinərdik. Amma mənə ən çox ləzzət edən zaldakı farsların Rolandı – Rüstəmin qəhrəmanlıqları rəsmləri oldu. Musiqi nə qədər bərbad olsa da rəsmlər bir o qədər çarpıcı idi.
24 mayın səhəri Nuxadan çıxdıq və Şirvana doğru yol almağa başladıq. Nuxa regionunun bu tərəfi də əkin-biçinlə məşğul idi. Dağların başını qar almasına baxmayaraq gündüz isti yandırıb-yaxırdı. Biz sonra Nuxadan 54 verst aralıqdakı Zərrab kəndinə çatdıq. Burada mayor Badarski və mən əla qarşılandıq. Ev yiyəsi qoca bir adam idi və zonadakı indiyəcən gördüyüm ən gözəl xalça ilə döşənmiş, işıqlı bir otağı bizə verdi. Bir tatarın evindəki mebelin əsas hissəsi xalça və mütəkkədən ibarətdir ki, ornamentlərdəki qızıl işləmə bəzən parçadan da ağır olur. Tatarların söhbəti – xüsusilə yad adamların yanındadırlarsa – heç hərəkətli deyil, hətta onların dili qonaqları tərəfindən başa düşülsə belə. Nadir hallarda sual verirlər amma qonaqpərvərlik qanunlarını son dərəcə ciddiliklə yerinə yetirirlər.
Növbəti gün mən mehriban ev yiyəsindən və Mayor Badarskidən ayrıldım, o da Nuxaya qayıtdı. Mən öz qrupumuzla Şirvana davam etdim. Zərrabdan bir neçə verst uzaqlıqda dağlardan enən, bizə doğru sürətlə at çapan tatarlar gördük. Onların başçısı bizə yaxınlaşdı və hörmət göstərdikdən sonra knyaza xəbər verdi ki, o Şirvan xanının mehmandarıdır və ona bizi 12 süvari cəngavərlə paytaxta ötürmək tapşırılıb.
Hava gözəl və sərin idi, yol da yaxşı idi. General razılaşdı və mehmandarın bizim üçün hazırlatdığı düşərgəyə çapdıq. Gecə saat üç idi və Zərrabdan 56 verst uzaqlaşmışdıq. Qafqazdan Kürə axan saysız-hesabsız çaylardan birinin yanında çadırlar salınmışdı. Dairə halında salınmış çadırların ortasında bizim üçün monoton səsdə musiqi ifa edən bir orkestr də var idi. İki taxta ağacın asıldığı bir pərdənin arxasında iki tatar var idi və əlləriylə kuklalar oynadaraq tamaşa göstərirdilər. Bu qədim əyləncə növü tatarlar arasında ən orijinal ictimai tamaşa sayılır.
Bizə Nuxada qoşulmuş və indiyəcən səssiz qalmış qoca veteran birdən əlinə gitarı [yəqin ki, sazı – C.A.] aldı və başladı uca, harmonik səslə Rüstəmin mahnısını oxumağa. Həm mehmandar, həm də yanımızdakı zabitlər bu dövrümüzün Orfeyinin öz qəhrəmanı haqqında oxuduğu mahnını gecənin sonunacan hərəkətsiz dinlədilər.
Düşərgəmizin olduğu vadi Çaxana [böyük ehtimal, indiki Çarxan, Şamaxı] adlı 40 nəfərlik kənd və Şirvan sərhədləri arasında idi. Bizim tərəfimizdə Qafqazdan Kürə, buradan da Xəzərə axan gur axınlar adalar yaratmışdı. Növbəti günün səhəri Şirvana daxil olduq. Yol boyu Nuxadan onunla fərqlənirdi ki, daha çox ağaclıq vardı və düzənliklərində çaylar axırdı. Buranın əsas iqtisadiyyatını mal-qara təşkil edir. Mehmandar atçı idi və öz dediyinə görə 400-əcən dayça yetişdirmişdi. Ağası ən yaxşı atlarını bir tərif müqabilində ondan alırdı.
Şirvan atları Qarabağ atlarından daha kiçikdir. Daşlı olan torpaq sayəsində atların dırnaqlarına nal vurmadan uzun müddət çapmaq olar. Amma dayça vaxtları da onları mindiklərinə görə bir az inkişafdan qalırlar. Suya, iqlimə və ətraf-mühitə baxanda hardasa Qarabağla eynidir. Meşəlik bölgə atları günəşin işıqlarından qoruyur.
Axşam 45 verst uzaqlıqda, Xanın ənənəvi iqamətgahı olan Fitə çatmaq ümidilə düşərgəmizdən yola çıxdıq. Şəhərin 10 verstliyində çöllük, xarabalıq və üzərində ərəbcə yazılar olan qədim qəbirlərin yanından keçdik. Qərbdən şərqə olan yolumuz şimala, Fit dağına doğru burulmağa başladı. Şəhərə çatmamış bir neçə verstlikdə 200 süvarinin bizə doğru çapdığını gördük. Onların bəziləri dəbilqə və zireh geymiş, nizə və dəri qalxanlarla donanmışdılar. Bizə yaxınlaşanda 10-12 yaşlı bir uşaq, xanın oğlu və vəliəhdi atasının əmrilə özünü generala təqdim etdi. Zirehli şəxslər xanın rəsmiləri və əsilzadələr idi. Qalanları isə xanzadənin öz əsgərləri idi. Bu süvarilərə də qoşulandan sonra daha sürətlə çapmağa başladıq və Xanın fitdən 1 verst uzaqlıqdakı yay düşərgəsinə çatdıq.
Düşərgədən bir az uzaqlıqda Mustafa adlanan xan öz hərəmini qurmuşdu. Kvadrat şəklində, ağacdan hazırlanmış bu hərəmin eni 60 metrə çatırdı. Buranın ağzında 1 mərtəbədən ibarət kiçik bir daş ev vardı ki, xan qonaqlarını burada qəbul edirdi.
Biz daxil olan kimi öz xidmətçilərinə çəkilməyi əmr etdi və bizi bir mütəkkənin üzərində qəbul etdi. Knyaz Mədətov əvvəlcədən hamını öz çadırına göndərdi, Mustafa ilə qalan təkcə mən və Orbelyanov idik. Mustafa ilə uzun-uzadı danışdıq, özünün isə bundan xoşu gəlmirdi.
Mustafa xan 50 yaşlarında, hündürboy, kök və güclü bədən quruluşuna sahib şəxs idi. Nə bədənindəki yara və çapıq izləri, nə də İran sarayı ilə saysız-hesabsız sövdələşmələri və cinayətləri onun əhvalını korlamamışdı. Ümumi düşüncəyə və zonanın iqtisadiyyatına görə, xanın xəzinəsində 600.000 qızıl pulu vardı. Bu rəqəm ölkədə çox iri məbləğdir. İran və Rusiya arasındakı sülhə görə bu vilayət Rusiyaya birləşib və buranın xanı da Rusiyaya tabe olub.
O andan bəri Mustafa Rusiyanın ən böyük düşməninə çevrilib – onun İran və dövlətin başqa düşmənləri ilə ittifaqda olmasından şübhələnirlər. Onun dini fanatizmindən çox mütləq hakimiyyət eşqi ona bu nifrəti daha çox qazandırıb. Belə ki, ordumuzda ona “Şirvanın saqqallı ilanı” deyirlər. Bundan əlavə o hazırda müharibə aparacağımız Qazıqumux xanının qohumu və yaxın dostudur. Lakin məcburdur ki, bizə 400 süvari versin ki, döyüşə gedək. Buna görə də bu hərəkətin necə qeyri-səmimi olduğunu anlamaq asan deyil, lakin General Yermolovun tatarlara tam güvənmə siyasətinə görə General Mədətov Şirvana digər iki vilayətdən fərqli davranmaması tapşırılmışdı.
Knyaz Mədətovun mənə dediyinə görə Mustafa söhbət boyu ona başa salmağa çalışıb ki, ölkədə İmperator Aleksandrın ondan daha sadiq bir təbəəsi yoxdur və General Yermolovun da ondan başqa ölkəyə əmin-amanlıq gətirəcək daha səmimi dostu yoxdur. Bütün bunları deyərkən əlini gah xəncərinə aparırdı ki, gücünü nümayiş etdirsin. Gah da qəlbinə aparırdı ki, dostluğunu bildirsin.
Məclisimizə bu vilayətin adətinə uyğun olaraq qəlyanla ara verdik. Xan bizi sabah axşam üçün yeməyə dəvət etdi və biz məclisi tərk etdik.
Knyaz Mədətov haqlı olaraq özünün və bizim təhlükəsizliyimiz üçün qorxurdu. Çünki bizim mühafizəçilərimiz yox idi və təklif etdi ki, hamımız növbəylə çadırın önündə keşik çəkək. Mustafanın qəzəbindən, aradan çıxıb öz qadınları, xəzinəsi və İrana qaçmasından qorxmaq üçün hər cür əsas vardı. İlk gecədə amma elə də ciddi keşik çəkilmədi, çünki bir gənc gürcü kapitan bizi bütün gecə saz ilə əyləndirdi. Bu cavan oğlan Tiflisin ən görkəmli ailələrindən birinə mənsub idi və Şirvandakı yeganə Rusiya hərbçisi idi. Xana yaxın olması və Tiflislə bağlı administrativ məsələləri həll etməsi üçün buraya yerləşdirilmişdi. Lakin o burada tamamilə izolyasiyada və tənha qalmışdı deyə Mədətovdan bizə qoşulmaq üçün icazə istədi. Sazı elə gözəl və zövqlə çaldı ki, musiqinin daha dəyərli olduğu bu vilayətdə gözə çarpa bildi. Bütün tatarlar kimi musiqi aşiqi olan xan da onu bəyəndi.
Növbəti gün xan knyaz Mədətovun çadırına gəldi və bizi 30 metr uzaqlıqdakı öz çadırına apardı. Qarabağ xanı Avropa adətlərinə nə qədər aşiq idisə, Mustafa xan da o qədər öz qədim adətlərinə aşiq idi. İştirak etdiyim ilk axşam yeməyi idi ki, tam olaraq əsl tatar üsulu ilə keçirildi. İzah etməyə çalışacam.
Xan, General, zabitlər və xanla eyni yaşlarda olan ailə üzvləri bir yerə yığılmışdıq. Bu 3 şəxs xan onlara icazə verənəcən ayaq üstə durdular. Digər hamı isə çadıra daxil olan kimi xalçaya oturmuşduq. Yeməkdən öncə 3 xidmətçi gəldi. Biri əlində gümüş sini və aftafa gətirdi, digəri bir qızıl qabda gülab gətirdi, üçüncü isə bir neçə rəngdə olan pambıq dəsmallar təqdim etdi. Hamımız öz əllərimizi yuyandan sonra xandan və generaldan başlayaraq sırayla əllərimizi gülabla yaşladıq. Daha sonra xidmətçilər əllərində iri padnoslarda daxil oldular. Bunlardan biri xanın, digəri generalın önünə qoyuldu. Digərlərimizə isə 3 nəfərə 1 padnos nisbətində yemək payladılar.
Hər padnos 1 metr diametrə sahib idi və ortasında plov vardı. Plovun bişirilmə üsulu belədir – düyü qaynadılır və qurudulur, daha sonra az odda yenidən qaynadılır və qoyun əti, yağ, qurumuş meyvələr və zəfəran qatılır. Süfrəyə piramida şəklində, 30 santimetrlik hündürlükdə yığılıb gətirilir. Yeməzdən əvvəl sağ əlinin üç barmağını birlikdə plova salaraq fərqli formalara salır, daha sonra əti dişinə çəkir. Çox incə hazırlanan, azca bişmiş çörək [yayma nəzərdə tutulur – C.A.] bəzən salfetka kimi, bəzən də qaşıq kimi funksiya görür. Yemək yeyəndə də, at üzərində olduğu kimi sol əlini istifadə etmir. Şərqdə bu cür yeməyi daha çox özündənrazılar edirlər.
Plovun ətrafında qızarmış bildirçin ətləri və zəfəran, qurudulmuş meyvələr düzülüb. Çaxır yerinə şərbət içirlər – su, bal və qurudulmuş meyvələrdən hazırlanır. Bu içkilər böyük qablarda təqdim edilir və böyük taxta kəfkirlərlə özünə əlavə süzə bilirsən.
Xidmətçilər padnosların aparandan sonra yerdə qalanlar özlərinin olur. Yeməkdən sonra əl yuma mərasimi yenidən təkrarlanır və nəzərə alanda ki, barmaqlarımız bayaqdan bizə nə xidmətlər ediblər, bundan imtina edə bilməzdik. Bundan sonra qəlyanlar gətirildi və birindən başqasına ötürüldü.
Bu banketin sonunda Xan qışdaymışıq kimi xəz paltar geydi. Çox güman soyuq yaralarına pis təsir etməsin deyə belə etmişdi. Bizi böyük bir gölməçənin sahilinə gətirdi. Bu göl Fitdağ və düşərgəmizin yerləşdiyi iki təpənin arasındakı boşluğa yağış suyunun dolması ilə yaranmışdı. Burada bir saat boyu gedən işlərlə maraqlandı. Bu vaxt ərzində xidmətçiləri ona bir neçə arvadından doğulmuş çoxlu uşaqları gətirib göstərdilər. O, xüsusilə 2 yaşlı olan birini çox əzizlədi və gəzdirdi. [Çox güman, Ağa xan nəzərdə tutulub – C.A.] Bu gölməçənin yanında Xana aid olan 100 dəvə gördük.
Günün sonuna doğru xan öz hərəminə çəkildi, biz isə gecə qaranlığında növbə ilə keşik çəkərək düşərgədəki təhlükəli və şübhəli adamlara diqqət yetirirdik.
Knyaz Mədətov buradakı işləri bitirəndən sonra növbəti səhər yola çıxmağa qərar verdi. Mustafanın Fitdağdakı sarayında onunla görüşüb sağollaşmaq istədik, xan öz əyanları və bəyləri ilə bizi nə qədər daha çox qalmağa razı salmağa çalışsa da General Mədətovun sözünün üstünə söz deyə bilmədi.
Fitdağ 12 il əvvəl Şamaxı, keçmiş paytaxt xarabalığa çevriləndən sonra Şirvanın paytaxtına çevrilib. Hazırki əhali 28.000 nəfər təşkil edir. 28 May səhər saat 9da tərk etdiyimiz Fitdağdan Cənubi Dağıstana gedən yol Qafqaz dağlarının ətəyi ilə 50 verstdən çox təşkil edir. Yolboyu çoxlu çobanlar, köçəri tayfalar gördük ki, yaylaqlara qalxırdılar. Bir gecəliyinə qədim xarabalıqların yanında gecələdik. Burada möhtəşəm bir bulaq, üç arx, bəzi qabartma rəsmlər və ərəbcə yazılar vardı. Bizi müşaiyət edən bəy dedi ki, bura əvvəllər Şirvan xanlarının yay iqamətgahı olub. [Çox güman Gülüstan qalası nəzərdə tutulur.] Digər yerlər kimi buralar da müharibələr nəticəsində dağılıb tökülüb.
Bəy bizim üçün tonqallar qalatdı və yerimizi rahatladı. Bir neçə qoyun gətizdirdi və özü xəncərlə kəsdi. Tatar xidmətçiləri əti parçalara bölüb 1 metrlik şişlərə saldılar və tonqallarda bişirməyə başladılar. Əti belə bişirmək tatar əsgərləri arasında adətdir. Bəzən şiş olmayanda muşketlərindəki bıçaqdan istifadə edirlər. Bəy və xidmətçiləri sadə amma möhtəşəm axşam yeməyini hazırlamaqla məşğul ikən biz də bulaq başında musiqi dinləyirdik. Növbəti gün gürcü dostumuzla və bəylərlə sağollaşıb dağların ətəyi ilə yola davam etdik.
Ardı var…