You are currently viewing Braziliyada bir azərbaycanlı – Qüdrət Turxan

Braziliyada bir azərbaycanlı – Qüdrət Turxan

Bu gecə yenə beynimə Türkiyənin daşını atıb başqa bir ölkəyə səyahət etmək düşmüşdü. Nədənsə ağlıma Braziliya gəldi. Rio de Janeyro sahillərindən başlayaraq sayt-sayt gəzməyə başladım. Yatmaq istəməyən adam nə etməz ki?! Bir də gördüm tıklaya-tıklaya Rio de Janeyro şəhərinin arxiv idarəsinə çıxmışam. “Baku” yazıb axtarış verdim və təsadüfən tapdığım bir sənəd – Braziliyanın Rio de Janeyro şəhərinə köçmüş bir azərbaycanlının miqrasiya vəsiqəsi.
 
Sənəddən anlayırıq ki, Qüdrət Turxan adlı bu şəxs 7 iyul 1903-cü ildə doğulub. Milləti türkdür, Türkiyə vətəndaşı olsa da Bakıda doğulub – atasının adı Xələf, anasının adı isə Ağabacı olub. Çox güman Cumhuriyyət dövründə Türkiyəyə köçənlərin övladı olub deyə düşündüm. Sənəddə qeyd edilənə görə 20 iyul 1962-ci ildə bu sənədi alıb. Sənədi alarkən evliymiş. Çox güman Braziliyaya miqrasiya etmək üçün braziliyalı biri ilə evlənib deyə düşündüm.

Bir az Google-da eşələnəndən sonra gözümə 1968-ci ildə yayımladığı bir kitab ilişdi – Islamic Rugs. Kitaba önsöz yazan Lynne Thornton da şərq xalçaları barədə ekspertdir – müəllifin Topqapı muzeyi cəmiyyətinin üzvü olduğunu qeyd edir. Kitabın önsözündə müəllif kitabı həyat yoldaşı Elia Perezə ithaf edir. Çox güman həmin braziliyalıdır deyə fikirləşdim. Müəllif daha sonra kitabın girişdə qeyd edir ki, mən Qafqazlı bir Türkəm, Xilə kəndində doğulmuşam – yəni ki, indiki Əmircan kəndi. Babasının adını da çəkir – Ağa Şəmsi bəy Əsədullazadə. Dediyinə görə ailəsi xalçalarla bağlı ekspertmiş.

Burada artıq düşündüm ki, axı mən bu adı harada eşitmişəm?!

Xatırladım – söhbət neft maqnatı olan məşhur əmircanlı Şəmsi Əsədullayevdən (1840-1913) gedirdi. Şəmsinin Bakıda bir müsəlman arvadı – Meyransa Əsədullayeva, iki oğlu və iki qızları vardı. İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə oğlanları Mirzə, Əli və qızları Sara, Xədicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur.

Mənbələrdə Mirzə və Əlinin evlilikləri haqqında məlumat tapdım – Mirzə Əsədullayev Musa Nağıyevin qızı Ümmülbanu ilə, Əli isə Hacı Zeynalabdin Tağıyevin qızı Leyla ilə evlənib. Həmçinin Sara da Zal Həsənovla evlənib. Lakin Ağabacı Əsədullayeva haqqında ilk baxışda heç nə tapmadım. Bu məqalədən evləndikdən sonra “Meylamova” soyadını aldığını öyrəndim. Demək 1920-ci ildə sağmış. Bəs kim idi Ağabacı xanımın evləndiyi Meylamov? Adını axtarışa verəndə əvvəl Kultura.az-dakı Baninin Qafqaz günlərini və Azərbaycan Gender Məlumat Mərkəzindəki belə bir məlumatı tapdım:

Tamara Nağıyeva Məryəm xanım qızı – 1906-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Kommunist küçəsi 116 mənzil 17 ünvanında yaşamışdır. Ailə tərkibi: atası Xələf Meylamov, qardaşları Əsəd, Qüdrət, Səməd. Bacısı Züleyxa. Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən 25 mart 1933-cü il tarixdə Siyasi fəaliyyətinə go­rə həbs edilmiş, Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə təqsirli bilinərək nəzarətdə saxlanılmışdır. Azərbaycan Dövlət Siyasi İdarəsinin 20 may 1933-cü il qərarı ilə günahı sübuta yetmədiyi üçün 27 may 1933-cu il tarixdə 599 №-li orderə əsasən azad edilmişdir.

Burdan isə belə nəticəyə gəlmək olar ki, Qüdrət Turxan Xələf Meylamov və Ağabacı Əsədullayevin oğlu olub. Yuxarıda adı çəkilən Tamara isə Qüdrətin ata bir, ana ayrı bacısıdır. Bununla belə Azerbaijan International jurnalı 1999-cu ildə Züleyxa Əsədullayeva (1914-2002) ilə apardığı müsahibədə tam başqa bir nüans var, Azərbaycan dilindəki versiyada o öz qardaş və bacılarını belə sıralandırır –  Məryəm (1905-1991), Əsəd (1906-1971), Hidayət (1907-1979) və Səməd (1917-1919) – bu sıralamada Qüdrət adı keçmir. Züleyxa xanımın xatiratına görə atası siyasi təqiblərdən qurtula bilib amma sonradan yenə tutulub və bir daha ondan xəbər olmayıb. Özü isə Amerikaya köçüb. Ətraflı burada oxuya bilərsiniz.

Niyə belə ziddiyyətli məlumatlar alırıq? Züleyxa xanım Hidayətlə Qüdrəti səhv salmışdı? Xeyr, müsahibənin ingiliscə orijinalında “Qüdrət” yazılıb, nədənsə tərcüməçilər səhv edib. Bəs niyə doğumunu da 4 il gec vaxta salmışdı? Gəlin kitabı oxumağa davam edək.

 

Şəmsi Əsədullayev

Ağabacı Əsədullayeva (Meylamova)

Müəllif kitabında 1916-cı ildə bayramda dayısını və ya əmisini ziyarət etdiyini xatırlayır – ingiliscədə “uncle” hər iki mənanı verdiyi üçün bilmirik. Hacı Zeynalabdindən də bəhs edir. 1917-ci ildə babası ilə Qızılarvad və Daşkənddəki plantasiyalarını ziyarət etdiyindən bəhs edir. Halbuki Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdi! 1920-ci ildə dayısıyla (ya da əmisi) İstanbulda Kirman xalçasını baha qiymətə aldığını da deyən Qüdrətin hansı qohumundan bəhs etdiyini anlamaq mümkün deyil. Babasının xalça kolleksiyasından məsul şəxs olaraq Şövlət ağa deyə birini xatırlayan Qüdrət nəsillikcə Əmircandan olduqlarını, Suraxanı, Ermənikənd və Binəqədidə də xalça toxunduğunu deyir.  Kitabın sonundakı annotasiyada isə Qüdrət bəy üçün “Born in Turkey” yazılır.

Bundan sonra onun heç bir kitabını görmürük, əsərini də tapmırıq. Ondan arxivlərdə bir də ölümü zamanı xəbər alırıq: 1977-ci ildə vəfat edib və Londonun St.Pancras qəbristanlığında basdırılır. Amma burada da ziddiyyətli bir məqam var – ingilis arxivi onun 17 iyul 1907-ci ildə doğulduğunu göstərir.

Qüdrət Turxanın yaxınları ilə əlaqə qurmağa çalışacağam.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz