You are currently viewing Şaumyana qarşı ikili münasibət: Ermənistanın Bolşevik kabusu

Şaumyana qarşı ikili münasibət: Ermənistanın Bolşevik kabusu

Azərbaycanda Şaumyana olan münasibətdən az-çox xəbərimiz var. Adətən bizdə onun ideoloji kimliyi yox, etnik kimliyi önə çəkilir və 31 mart soyqırımı ilə əlaqələndirilir. Şaumyan haqqında heç bir məlumatınız yox idisə və ya adını ilk dəfə eşidirsinizsə Vikipediyada haqqında geniş məqalə yazılıb. Oxuya bilərsiniz.

Ermənistanda Şaumyana baxış isə fərqlidir. Bu haqda tərcümə etdiyim yazıda qeyd olunan bütün mövqelər müəllifin özünündür.

Şaumyanın İrəvandakı heykəli

Bir turist bələdçisi kimi Ermənistanın fərqli yerlərinə səyahət etmə imkanım olur. Yeniyetməliyimi ABŞ-da keçirdiyim üçün bəzi şeylərə xarici müşahidəçi gözüylə baxmağa meylli oluram. Fikir verdiyim şeylərdən biri də Stepan Şaumyanın demək olar ki, hər yerdə gözümə batmasıdır. Onun adı ilə Ermənistan və Qarabağda heykəllər, küçələr, kəndlər və qəsəbələr adlanır. Kimdir bu Şaumyan və ermənilər onu niyə hələ də xatırlayır?

 

Şaumyan Rusiya Zaqafqaziyasının 1900-cü illərdəki ən öndə gələn inqilabçı sosialist aktivistlərindən idi. Müharibədən sonrakı qarışılıq içində Şaumyan Qafqazdakı ilk Sovet stili höküməti yaratdı – Bakıda, kənd yerlərinin arasında proletariatın üstünlük təşkil etdiyi bir sənaye oazisində. O, neftlə zəngin bu şəhərdə “proletariatın diktaturası”nı qurmağa cəhd etdi. 1871-ci ildəki Paris Kommunasından ilhamlanmış Bakı Kommunası 1918-ci ildə cəmi 3 ay yaşasa da Rusiya imperiyasının periferiyalarındakı marxistlərə mənəvi güc verdi. Təbii ki, buna görə də kommunist tarixçilər tərəfindən ucaldılmış və “Qafqazın Lenini” deyilmişdir.

 

1931-ci ildə Şaumyan üçün ucaldılmış nəhəng xatirə abidəsi Sovet İrəvanındakı ilk heykəl idi. Boz bazalt kolonadasının önündəki mərkəzi meydanda ucaldılaraq bir neçə il əvvəl sökülmüş Rus pravoslav kilsəsini əvəz etdi. Kilsənin sökülməsi və yerində kommunist “şəhid”in heykəlinin qoyulması ən azından iki Sovet ideologiyasına xidmət edirdi – “davakar ateizm” və Marksist döyüşçülərin tanıdılması. Yunan-Erməni heykəltəraş Sergey Merkurovun hazırladığı bu heykəl hələ də Şaumyan meydanında, yeni hökümət binası və Ameriabanka ev sahibliyi edən biznes mərkəzinin ortasında, Respublika meydanından 200 metr uzaqlıqdadır.

 

Ermənistan bəzi Şərqi Avropa və post-sovet ölkələrindəki (məsələn Macarıstan və Litva) təcrübədən fərqli olaraq kommunist heykəllərini bir ayrı parka yerləşdirmədi. Bir qayda olaraq, qeyri-erməni kommunistlər ictimai yerlərdən silindi (məs. Marks, Lenin, Əzizbəyov), buna baxmayaraq etnik erməni kommunistlərin heykəlləri qaldı (Şaumyan, Aleksandr Myansikyan, Qay, Suren Spandaryan). Leninin Respublika meydanındakı heykəli xüsusi mərasimlə 1991-ci ilin aprelində söküldü və hissə-hissə məhv edildi. Qeyri-ardıcıllığın absurd bir nümunəsi kimi İrəvandakı Spandaryan meydanı qatı bir anti-kommunist olan Karekin Njdenin xatirəsində adlandırıldı, bununla belə bolşevik Spandaryanın heykəli hələ də meydanın ortasında qalır.

 

Ermənistan Amerikan Universitetində Sovet Ermənistanı barədə kursda dərs deyən Aşot Voskanyan Şaumyana post-sovet kimliyi və tarixi yaddaşın qavrayışı kontekstində baxır. Onun fikrincə Ermənistanın bu davranışı inklüzivdir. Əsasən, ermənilər millətçi və kommunist siyasətçilərə də erməni kimi baxır və Ermənistanı SSR (1920-1991) dövrünü “ikinci respublika” və birincinin (1918-1920) davamı kimi görür. Gürcülər, bizim şimal qonşularımız, öz kimliklərini Sovet keçmişlərini inkar edərək və uzaqlaşdıraraq təyin edirlər. 2006-cı ildə Tbilisə Sovet işğalına həsr olunmuş muzey fəaliyyətə başlayıb.

 

Keçmiş millət vəkili və diplomat Voskanyanın fikrincə Şaumyan məşhur erməni Sovet rəsmisi Anastas Mikoyan qədər ziddiyyətli imicə sahib deyil. 2014-cü ildə Yerevanda Mikoyanın heykəli qoyulmaq istənsə də Stalin repressiyalarındakı roluna görə etirazlar oldu və bu fikirdən daşınıldı. Maraqlısı budur ki, Mikoyan Şaumyanın rəhbərlik etdiyi 26 Bakı komissarından sağ qalan yeganə şəxs idi.[1]

 

Ermənilər üçün Şaumyan real yox, daha çox qurma fiqurdur – Voskanyan belə deyir. Onun fikrincə Şaumyanın Bakıdakı qısa bolşevik eksperimentindən başqa idarəçilikdə rol almaması onun haqqında dolğun fikir sahibi olmağa imkan vermir. İxtisasça filosof olan Voskanyan qeyd edir ki, 1900-cü illərdəki analitik və nəzəri məqalələrindəki milli məsələyə yanaşma təqdirəlayiqdir. Şaumyan təkrar-təkrar “burjua millətçi” daşnakları ermənilərin iqtisadi vəziyyətinə fikir verməməkdə və onların sinif mübarizəsindən uzaqlaşdırmasında günahlandırır.

 

İndi, bir əsr sonra, Daşnaksütun (Erməni İnqilabi Federasiyası) bu hücumlara ötəri baxır. Şaumyanın tarixi düşmənləri artıq onu daha müsbət biri kimi görür – çox güman azərbaycanlıları da nəzərə alaraq. “Baxmayaraq ki, Şaumyan Qarabağda birbaşa fəaliyyətdə olmayıb, o milli bir üzü olan tək-tük bolşeviklərdən biridir. Şaumyan hazırkı Azərbaycan ərazisində, daha doğrusu Bakıda bir erməni dövləti qurmuşdu” – Qarabağdakı Daşnaksütun təşkilatının sözçüsü Vahaqn Dadayan belə deyir. Bakıdakı beynəlmiləlçi kommunanı “Erməni dövləti” adlandırmaq bir az yersiz olsa da, post-Sovet erməniləri daha çox kommunanın çöküşündən sonra şəhərin 1918-ci ilin sentyabrında Osmanlı qüvvələri tərəfindən ələ keçirilməsi və ermənilərin qırğınına fokuslanıblar. Həmçinin, kommuna retrospektivdə Bakı və ətrafını idarə etdiyi bir vaxtda şəhərin ermənilərinin qoruyucusu kimi görünür.

 

Qarabağda – erməni-azərbaycanlı münaqişə ocağında – regional paytaxt ölümündən 5 il sonra, 1923-cü ildə Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Şuşa – Qarabağdakı erməni həyatının mərkəzi – 1920-ci ildə azərbaycanlılar tərəfindən yerlə-yeksan edilmişdi[2]. Etnik erməni birinin adını regional paytaxta verib adını Stepanakert etmək Sovetlər tərəfindən iki xalqlar arasındakı qardaşlığı təşviqə cəhddən başqa bir şey deyildi. Hər halda, Şaumyan radikal bir beynəlmiləlçi idi və etnik millətçiliyin qatı düşməniydi. Qarabağ Daşnaksütununun rəsmi mövqeyinin ardılı olan Dadayan düşünür ki, “tarixin bu dövrünə təftişə ehtiyac yoxdur” və şəhərin adının dəyişdirilməsinə qarşıdır.

 

Ermənilər Şaumyanın xatirəsinin ictimaiyyətə açıq yerlərdəki mövcudluğuna dözüm göstərsə və hətta sevinsə belə eyni şeyi anti-erməni əhval-ruhiyyəsi ucbatından azərbaycanlılarda görmək mümkün deyil. Nəinki onun Bakıdakı heykəli götürülüb, 2009-cu ilində bir zamanlar rəhbərlik etdiyi “26 Bakı komissarı”nın yenidən basdırılma prosesində onun meyidi “itib”. Şaumyanın kommunası bir müddət sonra anti-bolşevik solçular (həmçinin daşnaklar) tərəfindən qansız şəkildə devrildi. Komissarlar – Şaumyan da daxil olmaqla – hazırki Türkmənistana aparıldılar və ingilis müdaxiləçiləriylə rus eserləri tərəfindən edam edildilər.

 

Şaumyanın kabusu kabusu hələ də öz vətəni Qafqazda gəzir və ermənilər artıq onun millətçiliyə hücumları və beynəlmiləlçi qardaşlıq haqqındakı bir əsrlik yazılarını unudublar. Bununla bərabər keçmiş rejim tərəfindən dayanmadan ucaldılan kimliyi bu günün Ermənistanı üçün əsasən anlamsızdır. Ölkənin şimalında, Şaumyanın ilk marksist qrupunu təşkil etdiyi Stepanavanda bolşeviklərə həsr edilmiş muzey Ermənistanın müstəqilliyindən sonra mədəniyyət mərkəzinə çevrilib. Aravot gündəlik qəzeti Tavuşun ucqar bir kəndindəki Şaumyan büstünün vəziyyətindən şikayətlənirdi: “Şaumyan abidəsinin üstündəki qar hələ də təmizlənməyib, böyük partiya və milli fiqurun heykəlinin qarşısında güllər yoxdur və çox güman uzun bir müddət qoyulmayıb”.


1 – Müəllifin burada yanlışı var, Mikoyan 26 Komissardan biri olmayıb amma kommunada fəaliyyətdə olub.

2 – Erməni tarixçiliyində 1920-ci ilin martında Şuşada baş vermiş üsyanın yatırılması prosesi “Şuşa qırğınları” olaraq qəbul edilir.

Şaumyanın Maştots xiyabanındakı bir məktəbin önündəki büstü

Stepanavanda Şaumyana həsr olunmuş abidə

Şaumyanın Stepanakertdəki [Xankəndindəki] heykəli, Qarabağ

Şaumyanın Bakıdakı heykəli (İsaak Rubençik)

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz