You are currently viewing Talas çayı döyüşü

Talas çayı döyüşü

Yəqin ki, məşhur Talas döyüşü haqqında çoxumuz eşitmişik. Türkləri müsəlmanlığa gətirən döyüş və s. Amma müharibəyə gətirib çıxaran şərait haqda çoxumuz məlumatsızıq. Bu yazıda onlardan bəhs edəcəm.
Çin və Mərkəzi Asiya

Göytürk xaqanlığı faktiki olarak 745-ci ildə dağılmışdı və yerini Uyğur xaqanlığı almışdı. Uyğurlar isə Göytürklər kimi Mərkəzi Asiya və Şərqi Avropaya çıxmaqda, İranla münasibətlər saxlamaqda maraqlı deyildilər. Ona görə də Mərkəzi Asiyanın qərbi, bozqır bölgələri Türkeş dövlətinin əlində idisə, şərqindəki (İndiki Qırğızıstan, Özbəkistan, Cənubi Qazaxıstan) torpaqlar ayrı-ayrı şəhər dövlətləri tərəfindən idarə olunurdu. Bu dövlətin idarəçiləri heç də hamısı türk deyildi, əsasən irandilli olan soğd və toxarlardan ibarət olan şəhərlər vardı. Onlar əslində müstəqil olsa da, Çin imperatoruna hər il vergi göndərirdilər.
BattleTalasLOC 56a042d15f9b58eba4af93151 – Talas çayı döyüşü

Böyüklü-kiçikli təqribi 72 dövlətdən ibarət bu dövlətlərin əsas gəlir mənbəyi ticarət idi. Bizansdan, İrandan və Hindistandan gələn tacirlər burada Çin ipəyi və məhsulları ilə tanış olurdular. Soğdlar şərqlə qərb arasında vasitəçi rolunu oynayırdı. Uyğurlar öz əlifbasını onlardan götürmüşdü, maniheizm və xristianlıq Şərqi Asiyaya soğdlar sayəsində çatmışdı. Hətta Çin paytaxtında zərdüşti atəşgahı vardı.

Tan sülaləsi isə 640-cı ildə “Anşi protektoratı” yaradaraq gözünü qərbə dikmişdi. 658-ci ildə Qərbi Türk xaqanlığını yıxaraq bu istəyinə nail oldu. Bu torpaqlar iki yerə bölünərək Göytürk şahzadələrinə tapşırıldı. Yəni idarə edənlər yenə eyni əsilzadələr idi amma xaqana yox, imperatora cavab verirdilər.

Hətta Göytürk xaqanlarının nəslindən gələn Cuçi adlı bir Çin sərkərdəsi 677-ci ildə üsyana qalxaraq özünü “On ox xaqanı” elan etmişdi. Bu qədər qarışıqlığın içində Çin sarayına heç gözlənilməyən bir qonaq da gəlmişdi.
SogdianMerchants1 – Talas çayı döyüşü

Bu qonaq İrandan gəlmişdi – şahzadə Firuz. Son şah III Yezdəgird öz adamları tərəfindən öldürüldükdən və ölkəsi ərəblər tərəfindən işğal olunduqdan sonra göytürklərin köməyi ilə Çinə qaçmışdı. İmperator bu fürsətdən istifadə etdi. Firuzu öz sərkərdələrindən biri olan Pey Hsinqcyen (裴行儉) ilə birlikdə qərbə göndərdi. Pey sərhədə çatandan sonra Göytürk xaqanına məktub yazdı ki, onunla işi yoxdur və sadəcə İran şahzadəsinə öz taxtını geri vermək üçün yolunun açılmasını tələb edir. Xaqan bunu eşidib özü şəxsən sərkərdənin yanına gəlir ki, şahzadənin İran taxtına oturmasına kömək olsun. Sərkərdənin fəndinə inanan xaqan yerindəcə həbs olunur. Şahzadəni də İrana aparmır, xaqanın əlində olan qalalardan birini ona tapşırıb qayıdır.
3907ae8efe479e39ad843dc165e868f0 sassanid silk road1 – Talas çayı döyüşü

Ərəblərin regiona gəlişi əvvəllər daima Çin və İran arasında seçim etməyə məcbur olan şəhər-dövlətləri bu dəfə Xilafət və Çin arasında seçimə məcbur etdi. Şəhər-dövlətləri öz aralarında da mübarizə aparırdılar və bunun üçün tez-tez yerli ərəb sərkərdələrə müraciət edirdilər. Buxara, Daşkənd, Fərqanə kimi dövlətlər öz aralarında qanlı siyasət apararkən qazananlar ərəblər olurdu.

Gücdən düşən şəhərləri asanlıqla fəth edən ərəblər gözünü artıq bütün bölgəyə dikmişdi. 715-ci ildə ərəblərin kömək etdiyi bir yerli hakim – Alutar – tərəfindən qovulan qovulan İxşid Çinə gəlir və ona taxtının geri verilməsini istəyir. 715-ci ildə İxşidə öz torpaqları geri qaytarılır. 717-ci ildə ərəblərə qarşı göndərilən ikinci ordunun Çinli sərkərdələrindən biri Göytürk şahzadəsi Aşina Hsin idi.
Spring Outing of the Tang Court1 – Talas çayı döyüşü

Çox keçmədən başqa bir türk üsyana başlayır. O xaqanların nəslindən yox, Tonyukukun nəslindən idi. Yəni, Göytürk vəzirlərinin və xatunlarının. (Göytürklərdə hər şey nəsilə əsaslanırdı. Xaqanlar ancaq Aşina soyundan çıxırdısa, vəzirlər və xatunlar da Aşide soyundan çıxmalı idi.)

Çin mənbələrində adı Venfu kimi yazılan bu türk əvvəllər kiçik çaplı qələbələr qazanır. Lakin məğlub olduqdan sonra bu dəfə son Göytürk xaqanının qardaşıoğlu Funyanı dəstəyə çağırır. Lakin xaqanın Funyan Venfunu çinlilərə satır, özü də təslim olur. Hər bir halda, onu da sağ qoymurlar. Sərkərdə Pey Funyana söz vermişdi ki, edam olunmayacaq, məhkəmə isə onu 56 adamı ilə birlikdə edam edir. Sözünün yerə salındığını görən sərkərdə Pey isə istefa verir. Onun ikinci arvadı da elə türk qızı idi.

Sərkərdə Peyin istefasından sonra çinlilər bir müddət Mərkəzi Asiyaya diqqət yetirmədilər, sərkərdələr də qeyri-stabil olaraq tez-tez dəyişirdi. 700-cü ilin ortalarında artıq Toxarıstandan, Səmərqənddən yerli hökmdarlar imperatora məktub yazıb ərəb yağmaçılardan şikayətlənməyə başlamışdılar.

747-ci ildə Çin imperatoru koreyalı bir şahzadə olan Ko Soncini Qərb protektoratına təyin etdi. Onun atası Koreyanın işğalı vaxtı əsir alınmışdı. Özü isə Kaşqar şəhərində böyümüşdü. Onun dövründə Çində yenidən hərəkətlənmələr başladı, Çin ordusu onun başçılığı ilə artıq Kəşmirə və Pakistanacan gəlib çıxmışdı.

749-cu ildə, Talas müharibəsinə təkan verəcək bir səhvə imza atdı.

Talas döyüşü

749-cu ildə Toxarıstan hakimi imperatora qonşu dövlətlərdən Kəşmirin Tibetlilərlə birgə Çinə hücum edəcəyi barədə xəbərdarlıq göndərir. İmperator cavab olaraq sərkərdə Ko başçılığında böyük bir ordunu Kəşmirə yollayır, hökmdarı öldürülür. Ona dəstək olan Çaç (indiki Daşkənd) hakimi Çəbiş ilə də sülh imzalanır.

Lakin sərkərdə Ko gözlənilmədən Daşkəndə hücum edir, xəbərdarlıqsız şəhəri ələ keçirir və Çəbiş həbs olunaraq paytaxta edam üçün göndərilir. Ko əsirlərə amansız davranır, zəif və qocaların hamısını diri-diri yandırır. Ko özü də çəlimsiz və fiziki zəif biri idi. Daşkənd şahzadəsi isə qaçmağı bacarır və koreyalı şahzadənin öz sözünə xəyanəti tezliklə bütün şəhərlərə yayılır. Abbasilərdən kömək alaraq müstəqil olmağı düşünən şəhərlər sözü bir yerə qoyaraq ərəbləri çağırırlar.

Bunu eşidən sərkərdə Ko birinci özü zərbə endirmək üçün Talas yaxınlarına gəlib düşərgə qurur. Ərəb mənbələrinə görə çinlilərin 100.000, çinlilərin öz dediklərinə görə isə 30.000 əsgəri vardı.

Bir tərəfdə ərəblər, tibetlilər və soğdlar, digər tərəfdə isə çinlilər və türklər vardı. Döyüş vaxtı üstünlük çinlilərdə idi. Lakin türklərin tərəf dəyişdirməyi çinlilərin məğlubiyyətini dəqiqləşdirdi.

Christian Jégou: the battle of Talas (or Taraz), 751

Ko isə təslim olmağı düşünmürdü. Ordusunu yenidən yığıb Mərkəzi Asiyanı ərəblərdən almaq istərkən Çində An-Şi üsyanı baş verdi. Çin ordusu paytaxta çağırıldı.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz