You are currently viewing Alban yoxsa Erməni kilsəsi?

Alban yoxsa Erməni kilsəsi?

Uzun müddətdir yazmaq istədiyim amma yola verdiyim yazı. Bildiyiniz kimi, qədim Azərbaycan – xüsusilə Qafqaz Albaniyası – tarixi ilə yaxından maraqlanan biriyəm. Və xüsusilə tarixi siyasətə və ideologiyaya satmış tarixçilərimizin bu barədə yazılarını oxuduqca əsəbiləşirəm. Çoxdandır haqqında danışılan Alban kilsələri haqqında yazacam.

Kilsə

Kilsə nədir? Kilsə iki mənanı ifadə edir – bir xristian məbədi kilsə adlanır. Məsələn, Nic Müqəddəs Yelisey Kilsəsi. Kilsə, həm də bir dini strukturun adıdır. Məsələn, Katolik kilsəsi. Katolik kilsəsi bölünür patriarxatlıqlar, arxiyepiskopluqlar və yepiskopluqlara. Katolik kilsəsinin Azərbaycan yepiskopluğu var məsələn. Buna görə də bəzən çətinliklər olur bu qavramlarda.

Albaniyanın əsas dini

Albanlar əslində bütpərəst olub, üç əsas tanrıya ibadət edirdilər – Göy, Ay və Günəş tanrılarına (Strabon, Coğrafiya – 11.4.7). Onlarda insanları qurban vermə adəti belə vardı, qeyd edim ki, bu adətlər Luzitaniyalılarda (Strabon, 3. 3. 6) və Qallarda da mövcud idi (Strabon, 4. 4. 5). Albanların bir qəbiləsi olan Lupenlər indiki Şamaxı ətrafında yaşayırdılar və onlar çox güman ulduzlara da ibadət edirdilər. (bax: Hüseyn Ciddi. Buğurt qalası / elmi red. R. Vahidov. – Bakı : Azərnəşr, 1973)

Xristianlığın gəlişi

İlk xristianları yerli əhali öldürmüşdü. Elə ilk missioner Müqəddəs Yeliseyi də (bax). İlk xristian hökmdar isə Urnayr sayılır. Onun xristian olması 313/314-cü ilə təsadüf edir. Bu illərdə xristian aləmi necə idi?

  • İsgəndəriyyəli Arius öz təlimini yaymağa başlamışdı. Bu təlimə görə üçlük inancı yoxdur – Ata, Oğul, Müqəddəs Ruh içində əsas olan Ata-dır və İsa əslində sadə insan idi.
  • İmperator Konstantin din azadlığı barədə əmr vermişdi. Xristianlar bundan sonra təqib olunmayacaqdılar.

Urnayr erməni (əslən parfiyalı) patriarxı Müqəddəs Qriqori tərəfindən vəftiz olunmuşdu. Urnayrın qonşusu, erməni hökmdarı III Trdat isə 301-ci ildə xristian olmuşdu. Bu vaxt hələ kilsələr arasında ayrılıq tam olaraq düşməmişdi.

Xalkedon küfrü

451-ci ildə indiki Kadıköy (Xalkedon) kilsə məclisi keçirilmişdi. Bu iclasda qərara alındı ki, İsa həm insan, həm də Allahdır. Məryəm həm insan İsanın, həm də Allah İsanın anası olduğu üçün ona Allahanası (Teotoxos) deyilməlidir. 506-cı ildə gürcü, erməni və alban kilsələri Dvində məclisə yığışdılar və bu qərarı müzakirə etdilər. Gürcülər Xalkedon kilsəsinin qərarlarına qoşuldular. Albanlar və ermənilər isə bu məclisi inkar etdilər. Yəni albanlar və ermənilər İsanın təkcə Allah olduğunu qəbul edirdilər. Xalkedonu təkcə ermənilər və albanlar yox, misirlilər, efiopiyalılar və aysorlar da inkar etmişdilər. Buna görə də Zaqafqaziyanın bu üç xalqının ikisinin izolyasiya şəraitində yaxınlaşması qaçınılmaz idi.

Avtokefallıq

Crusader Kings 2 oynayan bilər, hər bir xristian dövlətinin öz rəsmi kilsəsi olur. Erməni dövlətinin Erməni Qriqorian Kilsəsi olduğu kimi, Albaniyanın kilsəsi də Albaniya Həvari Kilsəsi idi. Bu iki kilsə bir-birinə bərabər idilər. Bundan əlavə, Albaniyada Ermənistandan fərqli olaraq Xalkedonçuluq meylləri yaranmışdı. Katalikos Abas (552-596) İsanın həm insan, həm də Allah olduğunu qəbul etmişdi. Katolikos II Zəkəriyyə də 628-647-ci illərdə Sünik (indiki Zəngəzur tərəflər) vilayətinə öz adamını təyin etmişdi. III Vaçaqanın dövründə Aluen kilsə məclisində qohumlarla evlənmə qadağası qoyulmuşdu. Bu qadağaya udinlər hələ də riayət edirlər. 688-704-cü illərdə katolikos olan Nerses Bakur xalkedonçu idi. Varaz Trdatın dövründə yaşayırdı və Albaniyanın da müstəqilliyinin son vaxtları idi. Elə ən böyük dəstəkçisi də Varaz Trdatın arvadı Sparama idi. Nerses Bakur erməni katolikosu İliyanın xəlifə Əbdülməlikə şikayəti ilə qovulur və yerinə ona etiraz edən Simeon gəlir. İliya məktubunda yazırdı ki, bunlar istəyirlər Albaniya Bizansın tərkibinə keçsin. Əbdülməlik də onun istədiyini elədi. Albaniya kilsəsinin Erməni kilsəsindən asılılığı məhz bu dövrdən başlayır. Yeni katolikos Simeon diofizit rahiblərə torpaq verilməsini qadağan eləmişdi.

Son çırpınışlar

Varaz Trdatın oğlu II Vardan pavlikan idi. Buna görə həbs olunub Bizansa aparılmışdı və neçə il orda əsir qalmışdı. Pavlikan sözü Beyləqanlı deməkdir. Konstantin adlı bir beyləqanlı bu hərəkatı yaradıb. Pavlikanlar inanırdılar ki, Adəm əslində almanı yeyərkən günah işləməyib, Bakirə Məryəmi müqəddəsləşdirmək lazım deyil, xaça ibadət etmək bütpərəstlikdir. Son alban hökmdarı II Varaz Trdatın ölümündən sonra kilsənin erməni kilsəsinə bağlılığı daha da çoxalır. Katolikos Samuel (877-893) və IV İohann (893-902) nisbətən ermənilərdən azad idi. Katolikos Sahak (929-947) açıq şəkildə xalkedonçu idi və özünü müstəqil sayırdı. Ondan sonra gələn Qagik (948-962) də bu müstəqillik ideyasını dəstəkləyirdi. Hətta 958-ci ildə erməni katolikosu I Ananiya ilə mübahisə aparmışdı ki, biz müstəqil olmalıyıq, erməni kilsəsində olmamalıyıq. Bundan sonra Albaniya kilsəsi Ermənistan kilsəsinin bir arxiyepiskopluğuna çevrilir.

Alban kilsəsi, yoxsa erməni kilsəsi?

Gəldik yazının əsas mövzusuna. Birinci bu suala cavab verək – Erməni kilsəsi nə deməkdir? Ermənilərin tikdiyi kilsə? Üstündə erməni yazıları olan kilsə? Xeyr heç biri.

Ermənilərin üç əsas kilsəsi var – Erməni Qriqorian Kilsəsi (monofizit), Erməni Katolik Kilsəsi (katolik) və Erməni Evangelik Kilsəsi (Protestant).

Bəs Alban kilsəsi nədir? Vaxtilə Qafqaz Albaniyasının dövlət kilsəsi olmuş kilsə strukturu. Lakin yuxarıda da qeyd etdiyim kimi kilsə daha sonralar ləğv olunub və arxiyepiskopluq dərəcəsinə endirilib. Lakin arxiyepiskoplar katolikos kimi tanınmağa davam edib. Bunun səbəbləri tarixidir. Məsələn, artıq Atropatena dövləti olmasa da, bir çox kilsə strukturunun Cənubi Azərbaycandakı inzibati bölgəsi Atropatena arxiyepiskopluğu adlanır. Çünki tarixi addır. Hətta Babil patriarxatlığı belə var, Babilin özü minillər öncəsindən məhv olsa belə.

1815-ci ildə Albaniya arxiyepiskopluğu ləğv edilib. Mitropolitlik səviyyəsinə endirilib. Mitropolitlik yepiskopluq deməkdir. 1836-cı ildə bu da ləğv edilib və iki yerə bölünüb – Şamaxı və Qarabağ yepiskopluqları yaradılıb. Bu yepiskopluqlar Erməni Kilsəsinin bir hissəsi idi. Yəni, faktiki olaraq Albaniya kilsəsi Varaz Trdatın ölümündən sonra mövcud olmayıb.

Alban kilsələri Erməni Kilsə strukturunun tərkibinə keçəndən sonra, leqal olaraq Erməni Kilsəsinə çevriliblər. Bu da xalqın sosial, tarixi inkişafına böyük təsir göstərib. Məsələn, qaqauzların öz kilsələri yoxdur, onlar Moldova Pravoslav Kilsəsinə daxildirlər. O da öz növbəsində Rus Pravoslav Kilsəsinin bir avtokefal (muxtariyyəti var yəni) hissəsidir.

Alban kilsəsinin mövcudiyyətinin bitməsi eyni zamanda onun əlifbasının istifadəsinin də bitməsi demək idi. Erməni kilsəsinin rəsmi dili erməni dili olduğu üçün, erməni kilsəsinə çevrilən kilsələrə də bu yazının əlavə edilməsi normaldır – erməni keşişlər “500 il sonra buralar bizim olub deyərik ahahahah bas getsin” məntiqi ilə işləmirdilər yəni.

Bir zamanlar Nic kilsəsinin girişində olan ermənicə yazı (2004):
“ԿԱՌՈՒՑԵԱԼ Ի ՅԱԵ ԿԵՂԵՑ ԱՆՈՒԱՄԲ ՍՐԲՈ* ԵՂԻՇԷ* ՀԱԱԵԱՄԲ ԵՆԳԻԲԱՐԻ [:] ՈՐ [:] ՏՐ ԱԾՏՈՒ ԲՈՐ Է ՅՕՀԱՆ ԶՆ………. ՆԻՒ ԲՈ”

“Müqəddəs Yelisey adına bu kilsə din qulluqçusu Ohan tərəfindən Yengibar Ter-Astvaçaturun təvazökar dəstəyi ilə hazırlanmışdır”

2004-cü ildə bu yazını kilsədən siliblər. Norveçin Azərbaycandakı səfiri olan Steinar Gil bu hərəkətə görə kilsənin açılış mərasiminə qoşulmayıb. İndi kilsənin həmin girişi belədir.

Ter-Astvaçatur Cotatiants kim idi? O, Nicin Cotari məhləsində doğulub və böyüyüb. 1823-cü ildə şəhid Vlasın qəbrinin üzərindəki şapeli sökdürərək yerində Müqəddəs Yelisey kilsəsini ucaldan udi din xadimi olub. “Cotari kilsəsi” adı elə onun soyadından və məhləsindən gəlir. Bəli, bəli, erməni yox, məhz udi. Bu məlumatı Vardan Yeğiazariants, “Ardzaqank” jurnalının 1887-ci il, 12-ci sayı, 182-ci səhifəsində verir.

Əgər kilsəyə getsəniz həyətindəki qəbir daşının üzərində də heç nə olmadığını, silindiyini görəcəksiniz. Halbuki bu daş udi rahib Avetik Ohancanyan Cotatiants tərəfindən öz atası üçün hazırladılmış məzar daşı idi. Erməni paranoyası daha bir tarixin silinməsinə təkan verib.

Kilsənin bəzi tarixi keşişləri:
– Avetik Ohancanyan Cotatiants (d.1788, kilsədə 1832-1857)
– Avetik və İohannes Cotatiants (1868-1873)
– İohannes Ter-Astvaçaturyan Cotatiants – 1839-cu ildə 4-cü dərəcədən sekston olub. 1859-cu ildə kilsədə xidmətə başlayıb. Dörd oğlu olub: Karapet (1837); Harutyun (1842); İyeremiya (1845), Martiros (1857)

Haşiyə çıxım – əgər adlara fikir versəniz, görərsiniz ki, bir adda birdən çox -yan, -yants kimi əlavələr var. Cotatiants burda soyaddır, Ohancanyan, Astvaçaturyan kimi sözlər isə atanın adını bildirir.

1 mart 1877-ci ildə kənd əhalisi Erməni katolikosu IV Kevorka öz həmkəndliləri Mahtesi Hamparcum Dallakiantsın təyini üçün məktub göndərir, kilsə isə başqa bir nəfəri – Hamparcum Avakian Dallakiantsı təyin edir (doğumu – 1851, kilsədə 1879-27 dekabr 1910).

1885-ci ildə İohannes Ter-Astvaçaturyan Cotatiants ölür. 309 nəfər kənd əhalisi sekston İohannes Tomasyan Cotatiansın kilsə rəhbəri olması üçün səs verir və Eçmiədzinə onun təyini üçün tələb göndərir, lakin bu tələb geri çevrilir.

Erməni kilsəsinə tabe olsalar da, udilərin erməni dilini bilmədikləri və məcbur erməniləşdirilmə siyasətinə məruz qaldıqlarını erməni mənbələrindən öyrənirik:

“…onlar 1818-ci ildə arxiyepiskop Hovaness Karbetsinin qeyri-qanuni tələblərinə dözməyərək Gürcü kilsəsinə tabe olan udilərdir. Bu xalq yenə eynisini edə bilər, onların istəyini yerinə yetirməliyik.” – Arxiyepiskop Sargisin Sinoda məktubu, Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 6662, səh. 1

“Biz, Udilər, çox yaxşı bilirik ki, ermənilər üçün önəmsizik… Biz həmişə Erməni camaatının lazımsız, çürümüş, kompromisə gedən elementi kimi bilinmişik. Buna görə də, özümüzü bu vəzifələrdən azad hesab edirik: qoy Müqəddəs Zatı-Aliləri bilsin ki, bizim müqaviləmiz artıq gözardı edilir və biz keşişi özümüzdən olan Rus kilsəsinə qoşulmağa hazırıq. Zatı-Müqəddəsləri istəyir inansın, istəyir inanmasın. Müqəddəs Zatı-Aliləri, xahiş edirik, bizə kömək edin və öz mənəvi çobanımız olaraq seçdiyimiz Sekston Qalust Stepanyan Palçiantsı bizə təyin edin ki, bu istəyimizdən bizi daşındırasınız” – Udi xalqının Erməni kilsəsinə ərizəsi, eyni dosyenin ikinci səhifəsindən

“…bizim ən böyük istəyimiz odur ki, keşişimiz öz xalqımızdan olsun; çünki biz Aydınladan Müqəddəs Qriqorinin kilsəsində olsaq belə bizim dilimiz fərqlidir: biz Udiyik və Nic və Vartaşendən başqa heç yerdə yaşamırıq. Bizim erməni dili haqda ən kiçik bir fikrimiz yoxdur, nə də Müqəddəs Kitabı başa düşürük…” – Udi xalqının Erməni kilsəsinə ərizəsi, Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 5214, səh. 1

Nəticə

Bu hərəkətdən sonra necə iddia edə bilərik ki, Azərbaycan tolerant ölkədir? Udinlərin öz əlifbası olmadığı üçün tabe olduqları kilsənin yazısı ilə ibadət etmələri normal idi. Tutalım ki, yazını ona görə silmisiniz ki, kilsəni bərpa edəsiniz, kökünə dönsün. Amma heç yerdə udin yazısı da yoxdur axı?!

Azərbaycanda Alban-Udi dini icması var amma avtokefal bir Azərbaycan Alban Kilsəsi yoxdur, o kilsənin başçısı yoxdur. Dini liderləri yoxdur.

Alban kilsəsi bir bina olaraq nədir? Onun memarlığının spesifik xüsusiyyətləri ilə arxitektura mövzusunda ustalaşmış şəxslər araşdırma apara bilər. Arxeoloq İohann Byörnar Storfyell Kiş kilsəsinin orijinalda diofizit Alban kilsəsi olduğunu demişdi.  Bunu da qurbangahın yerə yaxın olması ilə izah etmişdi.

Bu gün Azərbaycandakı salamat alban kilsələri əsasən Kürdən şimalda – Şirvan-Şəki zonasındadır. Onlar çox da erməniləşməyə məruz qalmayıb və udinlər də buna görə dillərini saxlaya biliblər. Bunun səbəbi diofizitlikdir. Albaniya çarlığı dağılandan sonra yerində yaranmış kiçik dövlətlərdən olan Hereti dövləti indiki Şəki-Qax zonasında hakimiyyətdə idi. Hereti knyazı İşxanik (943-951) monofizitliyi tərk edib diofizit olmuşdu. Bunda əsasən anası gürcü Dinarın rolu böyükdür. O Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs sayılır. Udinlərin də qismən buna görə dinlərini qoruya bildiklərini düşünürəm.

Uzun sözün qısası – bəli, alban kilsələri erməni kilsələrinə çevrilib. Bunun səbəbi Xəlifə Əbdülməlikin Alban kilsəsini Erməni kilsəsinin arxiyepiskopluğuna çevirməsi olub, “ermənilərin türklərə olan 1000 illik nifrəti” buna səbəb deyildi. Hətta sonradan gürcü kilsələrinə də çevriliblər. Əgər onlar dəyişibsə, biz də onları yenidən alban kilsəsi edə bilərik. Amma bizim hökümətin işi-gücü xarici ölkələrdə tarixi abidələrin bərpasına pul ayırmaqdır, özümüzkülərə yox.

Biz kilsələri kimlərin tikdirdiyi ilə “erməni” və ya “alban” saysaq da, dünya hazırda hansı kilsə hiyerarxiyasına tabe olduğuna baxır. Azərbaycanda Udin-Xristian icmasının öz müstəqil, avtokefal Kilsə Qurumu, Kilsə əlifbası və Kilsə dili olmalıdır. Yalnız bundan sonra Albaniya tarixinin araşdırılmasında yol qət edə bilərik.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

This Post Has 3 Comments

  1. Əliyev

    Bizim itirdiyimis Alban dövlətciliyi haqqında öyrənməli cox vacib faktorlar var...Bu tarixə ciddi yanaşma olmalıdır.
    Ermənilərin bizim Alban dövlətciliyimizə ,mədəni abidələrimizə, mədəniyyətimizə, memarlıq abidələrinə müdaxiləsinə
    son qoymalıyıq. Batmaqa olan tarixi abidələri təmir etməli, ölkəmizə gələn xarici turistlərlə təbliğat işi aparılmalıdır.

  2. Marine

    Hi Javid,I google translated your text and must say that as much as I understood from it there are several things that I would like to comment on. I am not sure if you speak Armenian or not but you have transliterated the name Astvatsatur as Astvachatur. Astvatsatur means god given in Armenian (Astvats -God , tur -give). Is there a record of any text in Albanian/Udi language but in say Armenian script? I am assuming that if the literate medieval Albanian/Udi people could read and write in Armenian they could have as easily written some texts in Armenian script but Albanian/Udi language assuming that at that period they have lost the ability to use the Albanian alphabet, correct? Many of the names that appear in your text are ethnic Armenian. Like Galust (means coming (referring to the coming of Christ)). Avetik (means good news). My last question is if you speak Grabar and are able to read original sources in it?

  3. Marine

    Do you speak Grabar? And do you have access to original texts in Grabar? Thank you for your reply in advance.

Cavab yaz