You are currently viewing Nic səfəri(miz)

Nic səfəri(miz)

Yaxından izləyənlər bilir ki, uzun müddətdir həm Qafqaz alban, həm də udi dillərini araşdırıram. Hardasa 2 həftə əvvəl Nicdə uzun müddət qalmaq qərarına gəldim. Uzun müddət dediyim şey də, 2 gündür cəmisi. Amma həm iş, həm də məsafənin uzaqlığı ucbatından cəmi 1 dəfə ola bilmişdim, o da uzaq 2013-cü ildə, cəmi bir neçə saatlığına.

Avtovağzaldan Qəbələ avtobusuna mindik – hər saat başı avtobus var və bilet 7.60₼ qiymətinədir. Bu səyahətdəki yol yoldaşım Fransadan ölkəmizə qonaq gəlmiş Ingrid Ponsy idi. Nicə səfərimiz elə də rahat olmadı, yol boyu iki avtobus dəyişib Şamaxıda fasilə verəndən sonra Qəbələ avtovağzalına endik. Nicə taksi axtarmazdan əvvəl elə avtovağzalın yanındakı kafedə yemək qərarına gəldik.

Tava kababı kifayət qədər yaxşı idi. Düzü bilmirdik Qəbələyə xas hansısa yemək varmı. Ona görə də ilk nə təklif olundusa onu yedik. Tam bir turist işi də yəni. Kafenin sahibi bizi Nicə aparmağı özü təklif etdi, deyəsən ofisiant da elə Nicdən idi.

Qəbələ avtovağzalından Nicə hardasa 20 kilometrlik bir məsafə var. Nic ərazicə böyük qəsəbə olsa da, əhalisi 5-6 min nəfərdir. Yəni bizim Kürdəxanıdan da balaca. Camaat əsasən maldarlıqla və donuzçuluqla məşğul olur. Nic Azərbaycandakı tək-tük yaşayış yerlərindəndir ki, küçədə gəzəndə “Donuz əti” reklamları və maşınlarda “Ətağa” şəkilləri yerinə Məryəm və İsa şəkilləri görəcəksiniz.

Üzümüzü “Azərbaycan Udi Ocağı”na tutduq. Qəsəbənin cənubunda yerləşən bu məkan həm otel, həm restoran, həm də muzey kimi faəliyyət göstərir. Əvvəllər etnik udi Qanqalovlar ailəsinə mənsub olmuş, qəsəbənin Qocabəyli məhəlləsində yerləşən 3 hektarlıq ərazidə yerləşir. Udi Ocağında udi mətbəxinə aid menyu ilə tanış olmaq da mümkündür, spoyler vermirəm. Ocağın muzey hissəsində Qanqalovların evini görmək mümkündür. Amma evdə təkcə onlara aid eksponatlar yox, kəndə aid tarixi fotoları görmək olar.Ev iki mərtəbəlidir və çardağı da var.

Dincimizi alandan sonra kəndi kəşf etməyə başladıq. İlk önümüzə çıxan kəndin 5 saylı tam orta məktəbi oldu.

Məktəbin tarixi elə kənddəki bir çox abidə kimi qədimdir, lakin təkcə bir binadan ibarət deyil. İlk bina 1870-ci ildə tikilib. Məktəb əvvəlcə 2 illik bir tədris mərkəzi kimi fəaliyyət göstərib. Daha sonra məktəbə 1882-ci ildə yeni bir bina əlavə edilib. Bu məktəbə ətrafdakı Courlu, Mirzəbəyli, Zirik, Qarabulaq kəndlərindən şagirdlər təhsil almağa gəlirdilər. Udilər o zamanlar Erməni kilsəsinin tərkib hissəsi olduqları üçün məktəbdə erməni dili dərsi də keçirilirmiş, hətta məktəbin adı “Müqəddəs Mesrop məktəbi” olub. 1886-cı ildə yerli udilər məktəbi böyütmək üçün 4000 rubl ianə toplayıb və daha 7 sinif otağı əlavə ediblər. Həmin il məktəbdə 82 şagird oxuyurdu, bunların 70-si udi, 12-si erməni idi.

Məktəbdə 1892-ci ildə rus əsgərlərinin diqqətsizliyi ucbatından yanğın baş verib və əhəmiyyətli bir hissəsi zədələnib. Bir gənc kənd sakini Şuşa və Bakı şəhərlərinə gedərək oradakı yerli əhalidən toplam 307 rubl 40 qəpik toplayaraq məktəbi təmir etdirib. Həmin gəncin adı təəssüf ki, qaynaqlarda yoxdur. Məktəbin 1908-ci ildə artıq 3 müəllimi və 287 şagirdi varmış. Məktəbdə 1914-1915-ci illərdə işləmiş erməni müəllim Sargis İsraelyanın xatiratına əsasən onun hədəfi 5 ildən sonra udi şagirdlərin erməni dilini “ana dili” kimi öyrənməyi, rus dilini isə kafi bilməyi olub. Lakin valideyn iclaslarında Balabəy Ter-Qukasyanın onun dediklərini udi dilinə çevirdiyini yazan İsraelyanın yazdıqlarından məlum olur ki, həmin uşaqların valideynləri ermənicə bilmirlərmiş.

Hazırda isə kənddə bu məktəbdən əlavə 1857-ci ildə tikilmiş 1 saylı məktəb, başqa yeni və köhnə məktəblər də var. Bu məktəblərdən birinin direktoru Venera Ant’onovadır. 30 ildən çox stajı olan Venera xanım ilk 4 sinif üçün udi dilində “Nanay Muz” (Ana dili) dərslikləri hazırlayıb.

Məktəbin düz yanında, udilərin S’ilin adını verdikləri kilsə var. Hazırda “Müqəddəs Yelisey” adlanan bu kilsə erməni mənbələrində “Surp Atsvatatzin” yəni “Müqəddəs Tanrının Anası” kimi qeyd edilib. Kilsənin cənub girişində günəş saatı da həkk olunub. Lakin mümkündür ki, kilsənin öncəki adı fərqli olub. Belə ki, Ermənistan arxivindəki sənədlərdə burada 1839-cu ildə bir kilsə olduğu, quldurlar tərəfindən qarət edilib yandırıldığı yazılıb.

Kilsənin şərq girişi isə 4 yazı ilə zəngindir. Soldakı yazını A, üstdəki yazını B, sağdakı yazını C, timpanumdakı (yəni qapının birbaşa üstündəki) yazını D kimi kodladım. Bu yazılardan təkcə C yazısını (fotoda sağda) oxuya bilmədim. Görünür ki, 3 sətirdən ibarətmiş amma tək-tük hərflərdən başqa nəyisə seçmək olmurdu. Maraqlıdır ki, erməni mənbələrində də bu haqda nəsə yoxdur. Bəlkə də məqsədli boş qoyulub.

Timpanumun sol tərəfində olan, A yazısı 8 sətirdən ibarətdir:

ԵՂԻԱԶԱՐԵԱՆ
ԽԱՉԱՏՈՒՐ
ԻՇԽԱՆՆ ՈՒՏԻ
ՑԵՐԿԱՆՑ ԻՒՐ
Ի ՇԻՆՈՒԹԻ(Ւ)Ն
ՏԱՃԱՐԻՍ
ԵՏ ՀԻՆԳ ՀԱՐԻՒՐ
ՌՈՒԲԼԻՍ

Tərcüməsi: Udi knyazı (ermənicə orijinalda: işxan) Yeğiazaryan Xaçatur məbədin (ermənicə orijinalda: taçar) tikintisinə 500 rubl ianə etdi.

Timpanumun əsas hissəsində, D yazısı 4 sətirdən ibarətdir:

ՌՍՏԱԿԵՍԵԱՆՑ ՅԻՇԱՏԱԿ ԿԵ
ՆԴԱՆԵԱՑ ԵԻ ՆՆՋԵՑԵԼՈՑ
ԻՒՐԵԱՆՑ ՀԻՄՆԵՑԱՒ Ի ԹՎԻՆ
ՀԱՅՈՑ ՌՅԺԵ, ԱԻԱՐՏԵՑԱՒ ՌՅԺԸ

Tərcüməsi: Rştakesyanlar ailəsindən uyuyanların və yaşayanların xatirəsinə, bu kilsənin 1315-ci ildə əsası qoyulmuş və 1318-ci ildə bitirilmişdir.

Qeyd: 1315 və 1318 erməni təqvimi ilə olub, burada 1866 və 1869-cu illər kimi başa düşülməlidir.

Timpanumun üstündəki hissədə, B yazısını oxumaq bir az çətin oldu – həm boyumuz çatmırdı, həm də üstü sarmaşıq tənəkləri ilə örtülü idi. Ümumilikdə yazı 5 sətirdən ibarətdir:

ԿԱՌՈՒՑԱՒ ՍԲ ԵԿԵՂԵՑԻՍ
ԱԾ ԱՐԴԵԱՄԲՔ ՆԻԺԵՑԻ ԳԱ
ԼՈՒՍՏ, ԽԱՉԱՏՈՒՐ, ՅԱՐՈՒԹԻ
ՒՆ ԵՒ ՀԱՄԲԱՐՁՈՒՄ, ՉՈՐ
ԻՑ ՀԱՐԱԶԱՏ ԵՂԲԱՐՑ, ՌՊՀ

Tərcüməsi: Müqəddəs Tanrının Anası kilsəsi (ermənicə orijinalda yekeğetsi) Nicli qardaşlar Qalust, Xaçatur, Harutyun və Ambartsum adlı 4 qardaş tərəfindən 1870-ci ildə tikilib.

Qeyd: Ermənicə orijinalda belə uzun deyil, abbreviatura var SURB (Müqəddəs) yerinə SB, ASTVATSATSİN (Allahın anası) yerinə ATS yazılıb.

Qeyd 2: Maraqlıdır ki, bu yazıda erməni təqvimi yerinə Qriqorian təqvimi yer alıb. Yəni, 1870-ci ili qeyd etmək üçün əslində erməni təqvimi ilə 1319 (ՌՅԺԹ) yazılmalı idi. Burada isə yenə erməni hərflərinin rəqəmsal sistemi ilə ՌՊՀ (1870) amma Qriqorian təqvimi yazılıb.

Kilsənin həyətində müxtəlif qəbirlər gördük. Onların kilsədə xidmət etmiş din xadimləri və ya kilsəni tikdirmiş şəxslərin ailə üzvlərinə aid olduğunu düşünürəm.

Məsələn, yuxarıdakı fotoda Arakel oğlu Harutyun basdırılıb. Soyadını oxumaq mümkün olmadı. 15 Oktyabr 1880-ci ildə vəfat edib.

Bu başdaşının üzərindəki xaç daha ornamentli idi. Bu məzar isə 22 Noyabr 1878-ci ildə vəfat edən Petros Harutyun oğluna aiddir.

Daha sonra Nic kəndinin həyat davam edən hissəsinə qayıtdıq. Küçələrdə demək olar ki, ancaq kişiləri görmək mümkün idi, qadınları çox az gördük. Yol ilə piyada gedərkən bizi bir sürücü növbəti kilsəyə – Çotariyə apardı. Əvvəl onun taksi olduğunu düşünüb pul verməyə çalışdımsa da, bizim qonaq olduğumuzu, kilsəni gəzəndən sonra bizi qonaq edə biləcəyini desə də, qalmağa yerimizin olduğunu dedik. Həqiqətən də, kəndin əhalisi çox qonaqpərvərdir. Lakin problemlər də var. Bunlar haqqında daha sonra qeyd edəcəm. Hələ ki, oxumağa davam edin.

Hava qaralana yaxın Çotariyə çatdıq. Mən artıq bir dəfə, 2013-cü ildə buranı gördüyüm üçün ətrafı çox gəzmədim. Amma yenə də bu kilsə haqqında detallı məlumat verəcəyəm. Kilsənin 198 yaşı var. 1823-cü ildə udi keşiş Astvatçatur Yengibar oğlu Çotatyants tərəfindən tikilib. 1887-ci ilə aid olan “Ardzaqank” qəzetində yazılan məlumata əsasən kilsənin yerində əvvəl kiçik bir dua yeri olub. Keşiş Astvatçatur həmin dua yerini söküb yerində kilsə tikməyə qərar verib. Tikinti zamanı orada Müqəddəs Yeliseyin şagirdi şəhid Vlasın məzarı tapılıb, yanında isə iki mis xaç tapılıb. Əfsanəyə görə bu xaçlar kilsəyə Mesrop Maştots tərəfindən şəhidin dəfni zamanı yerləşdirilib. Lakin, əlbəttə ki, bu hekayə doğru ola bilməz. çünki Mesrop Maştots 4-cü əsrin ortalarında doğulub, bir şəhidin Müqəddəs Yeliseyin şagirdi olması üçün isə gərək ondan 3 əsr öncə yaşayardı. Lakin yerli udilər burada Şəhid Vlasın məzarını hər pasxanın ikinci həftəsi ziyarət edib şam yandırardılar. Yenə Tbilisidə yayımlanan “Nor-Dar” qəzetinə əsasən hər il 28 Apreldə udilər bu kilsənin həyətinə yığışıb Müqəddəs Yelisey gününü qeyd edərmişlər (Bum kəndindəki udilər isə mayın 8-i). Bu bayrama ətraf kəndlərdən udilər də gəlib hədiyyələr gətirərmiş. Mayın 1-i isə bu zəvvarlar Kömrət dağına çıxaraq Kömrət pirinə qalxarmış. Arxiv mənbələrinə əsasən 1869-cu ildə kilsədə oğurluq olub, 1879-cu ildə 1000 rubl ianə toplanaraq təmir edilib.

Kilsənin üstündə yazılar yoxdur. Daha doğrusu 2004-cü ilə qədər var idi, restavrasiya zamanı məhv edilib. Aşağıda həmin yazıların çəkildiyi 80-ci illərə aid fotolarla müqayisəsini verirəm.

Timpanunum aşağısında, qapının üzərindəki ikinci orijinal ermənicə mətn (mötərizədəki hərflər qısaltma zamanı yazılmayan hərfləri göstərir):

ԿԱՌՈՒՑԵԱԼ Ի ՅԱՅՍ ԵԿԵՂԵՑԻ ԱՆՈԺԱՄԲ Ս(Ե)Ր
ՈՒՆ ԵՂԻՇԷԻ, ՀԱԼԱԼ ԱՐԴԵԱՄ(Բ)Ք ԵՆԳԻԲԱՐԵԱՆ Տ(Է)Ր
Ա(ՍՏՈԷԱ)ԾԱՏՈՒՐ Ք(Ա)Հ(Ա)Ն(Ա)Յ ԵՒ ԵՂԲԱՅՐ ՅՕՀԱՆԻ ԼՈՒՍԱՈՐՉԱԿԱՆ

Tərcüməsi: “Müqəddəs Yeliseyə həsr edilmiş bu kilsə keşiş Yengibar Ter-Astvaçaturun ağır əməyi və “Aydınladan”ın* inancında olan qardaş Ohanın təvazökar dəstəyi ilə hazırlanmışdır”

*Aydınladan – ermənicə Լուսաւորիչ (Lusavoriç). Müqəddəs Qriqora verilən ad.

Timpanunum yuxarısındakı birinci orijinal ermənicə mətn (mötərizədəki hərflər qısaltma zamanı yazılmayan hərfləri göstərir):

ԿԱՌՈՒՑԵԱԼԻ ՅԱՅՍ ԵԿԵՂԵՑ
Ի
ԱՆՈՒՄԲՆ ՍՐԲՈՅ
ԵՂԻՇԷԻ…. ՀԱԼԱԼ ԱՐԴԵԱՄԲՆ
ԵՆԳԻԲԱՐԻ, ՈՐ Տ(Է)Ր Ա(ՍՏՈՒԱ)ԾԱՏՈՒԷ
Ր, ՈՐ Է ՅՈՀԱՆՋԱՆ
Ն ԻՒՐՈ… :

 

Tərcüməsi: “Bu kilsə binası Müqəddəs Yeliseyə həsr olunur və Yengibar Ter-Astvatsatur və Ohancanın ağır əməyi ilə öz …. tikilmişdir.”

Qeyd: Bu mətn aşağıdakından fərqli olaraq dialektdə yazılıb və klassik ermənicədən daha fərqlidir. Görünür ki, bunu yazanlar udilər olub. Məzmunca eynidir.

Kilsənin qərb üzündə isə xaç və o xaçın künclərində ermənicə hərflər var – ՅՆԹՀ. Bu hərflər çarmıxa çəkilərkən İsanın başının üzərinə vurulmuş taxtanın üstünə yazılan latınca INRI (Iesus Nazarenus Rex Iudaeorum – Nazaretli İsa, Yəhudilərin Kralı) ifadəsinin ermənicə tərcüməsinin Յիսուս Նազովրեցի՝ Հրեաներուն թագաւորը (Yisus Nazovrets’i՝ Hreanerun T’aqavori) baş hərfləridir. Kilsədə qalan yeganə ermənicə hərflər də bunlardır. Kilsənin içərisindən fotolar aşağıda:

Kilsədəki əsas ikonoqrafiya Rus Ortodoks Kilsəsinə aiddir. Böyük ehtimal onları Rusiyada yaşayan və işləyən udilər kilsəyə ianə ediblər. Kilsədə udi və rus dilində incillər mövcuddur. Kilsənin həyətində 1840-cı ilə aid Çotatyan ailəsindən Yengibar Çotatyanın oğlu Ohancan və onun oğlu keşiş Avetisin qəbirləri var. Avetisin övladları olmayıb. Kilsədə əsas xidmət edən keşişlər bu ailədən olub. Bu ailənin davamçıları indi də kənddə yaşayır və Çotari soyadını daşıyırlar. Kilsənin öz adını Çotarilərdən aldığı yoxsa Çotarilərin öz adını məhlədən və kilsədən aldığı bəlli deyil. Lakin qədim alban dilində č̣aṭar” (𐕊𐔰𐕜𐔰𐕙) sözünün “məbəd” mənasına gəldiyini nəzərə alsaq, böyük ehtimal bu ailənin üzvləri də nəsillikcə din xadimi olublar.

Kilsədən çıxandan sonra zil qaranlıqda Udi Ocağına qayıtdıq. Təəssüf ki, kəndin içində nə küçə işıqları, nə də piyadalar üçün səki var. İnsanlardan niyə bələdiyyəyə, icra hakimiyyətinə yazıb bu barədə tələblər irəli sürmürsünüz deyəndə “biz siyasətə qarışmırıq” dedilər. Hətta adi infrastruktur tələbi etməyə belə çəkinən insanların bu münasibəti məni təəccübləndirdi. Nəzərə alsaq ki, hətta Kürdəxanıda belə asfalt və küçə işıqları var, Nicdə – Kürdəxanıdan (ərazicə) daha böyük yerdə – bunun olmaması təəccüb doğurur.

Kəndlilərlə kiçik söhbətdən sonra yolumuz geriyə, Udi Ocağına düşdü. Axşam yeməyi zamanı yuxarıda adını çəkdiyim Venera Ant’onovanın oğlu Roman Ant’onov ilə görüşdük. Roman bəy bütün gün işlədiyi üçün hələ indi vaxt tapmışdı. Bizə öz həyat hekayəsini danışdı. Çox zəhmətkeş və proqressiv insandır, udicə şeirlərin müəllifidir, yaradıcılıqla məşğul olub, özü də Norveçdən tutmuş Sibirəcən gedib-gəzib, yenə də Nicdə qərar tutub. Növbəti gün bizi gəzdirməyə söz verdi.

Növbəti gün bazar idi və xristianlar üçün kilsə günü sayılırdı. Bundan ötrü də biz kənddəki ən böyük kilsə olan Müqəddəs Məryəm Ana Kilsəsinə gəldik. Kilsə 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən təmir edilib. Yerli xalq buraya “S’ilin”dən (Aşağı) fərqlənmək üçün “Bulun” (Yuxarı) kilsəsi deyir. Görünür ki, hər iki kilsənin adı öncələr eyni olduğuna görə belə seçim edilib. Lakin kilsədə heç kəs yox idi.

Bunun səbəbini Romandan soruşanda bir az kədərləndi. Dedi ki, kənddə artıq 2 kilsənin təmir edilməsinə baxmayaraq udilərin hələ də din xadimləri və vaizləri yoxdur. Düzdür, o çox sevinirdi ki, dövlət kilsəni təmir etdirib və keçmiş görkəminə qovuşdurub (İlham Əliyevi də sevdiyini dedi və təmiri müharibə zamanı davam etdirdiyi üçün sevindiyini dedi) lakin həm də deyirdi ki, kilsələr muzey kimi qalmamalıdır. Bazar günlərində bütün kəndin yığışıb ibadət etmək kimi bir imkanı da buna görə yoxdur, çünki udilər rəsmi olaraq heç bir kilsənin üzvü deyillər. Hərçənd onların Alban-Udi dini icması olsa da, adı üstündə bu icma sadəcə QHT-dir. İcma isə ancaq önəmli günlərdə kilsədə yığışır.

Bu kilsədə daha çox kitab vardı amma hamısı dinə aid deyildi. Məsələn, “Erməni Terroru” adlı kitabı da görmək mümkündür. Çotaridən fərqli olaraq burda Aysor dilində də bir İncil gördük.

Bu kilsədə də ikonoqrafiya Rus Pravoslav Kilsəsinə aiddir.

Kilsə bir qəbirstanlığın yanındadır. Həyətində daha öncə mövcud olmayan bir əlavə – zəng qülləsi də var.

Kilsənin restavrasiyadan öncəki halı ilə indiki çox fərqlənir. Ən gözəçarpanlardan biri də girişdəki iki kərpic sütunun sökülməsidir. Bundan əvvəl kilsədə müəyyən yazılar var idi ki, onlar örtülüb.

bulun

Kilsənin timpanumunda daha öncə yazılmış ermənicə mətn:

Ի 1890 Թ(ՎԻ)Ն ՍԿՍՈՒԵՑ ԱՅՍ ՆԻԺ ԳԻՒՂԻ ՎԵՐԻՆ ԹԱՂԻՍԱ(ՍՏՈՒԱ)ԾԱԾԻՆ ԵԿԵՂԵՑՒՈՑ ՇԻՆՈՒԹԻՒՆԸ ԱՍԱՐԱԿՈՒԹՅԱՆ ԾԱԽՔՈՎ ԱՒ(ԱՐ)Տ 189. Թ.

Tərcüməsi:

1890-cı ildə Nic kəndinin Yuxarı Müqəddəs Bakirə Kilsəsinin inşasına yerli xalqın ianələri ilə başlandı. 189…

Foto: Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu (Aprel 30, 2020)
Foto: Mən (2021)

Bundan əlavə kilsənin daxilində Oktyabr 1914-cü ildə ermənilər tərəfindən çəkilmiş Eçmiədzin freskası var idi ki, o da artıq yığışdırılıb. Freskada bu rəsmin Arakel Vecibyants tərəfindən atası Zani Qalustyana həsr edildiyi qeyd edilirdi. Ümumiyyətlə restavrasiya zamanı divarlardan bütün suvaqlar götürülüb, saf kərpic – yəni alt qatı saxlanılıb. Təbii ki, inşaatçılar bunu daha yaxşı bilər amma suvaqsız kərpic eroziyaya daha meylli görünür.

Foto: Mən (2021)
Foto: Samvel Karapetyan (1984)

Erməni mənbələrinə əsasən kilsənin öncəki adı “Surp Atsvatatzin” yəni “Müqəddəs Tanrının Anası” olub. 1866-cı ildə əsası qoyulub, 1869-cu ildə tikilib və 1870-ci ildə təqdis edilib. 30 dekabr 1928-ci ildə kilsədəki bütün dini fəaliyyət dayandırılıb və bina Sovet hakimiyyətinin əmrinə verilib.

Daha sonra Roman bizi yenidən S’ilin kilsəsinə apardı, çünki keçən dəfə içərisinə girə bilməmişdik. Bizim üçün qapıları məxsusi olaraq açan udi kişi (adını unutmuşam, bağışlasın) Romana öz dillərində bir şey deməyə başladı. Danışarkən “məşkətil” sözünü eşidəndə anidən “yarasa?” deyə cavabladım. Kişi nədən danışdığını başa düşdüyümü görəndə təəccübləndi. Yəqin ki, etnik çoxluq olan türklərdən kiminsə etnik azlıq olan udilərin dilini öyrənməyini gözləmirdi.

Problem isə yarasaların gecə zəng qülləsi içindən kilsənin içinə doluşması və oranı iyləndirməsi idi. Kilsə baxıcısının dediyinə görə 2 il içində bu kilsənin də bərpası gözlənilir. Kilsənin daxili indiyəcən gördüyüm ən gözəl Azərbaycan kilsələrindən ola bilər. Kilsənin təkcə qərb tərəfində freskalar qalıb, şərq tərəfindəkilər isə nəmişlikdən uçulub tökülüb.

Kilsənin altarı (yəni qurbangahı) yarım-gümbəz formalı apsedə yerləşir. Çotari kilsəsindəki kimi burada da sağda və solda iki mərtəbədən ibarət olmaqla 4 otaq var. Qədimdə bunlar kilsədə xidmət edən keşişin mətbəxi, yataq otağı, geyim dəyişmə yeri, yazı otağı və ya ölünün son mənzilə göndərilmədən əvvəl saxlanması üçün yer kimi istifadə edilirdi. Kilsədə xidmət edən şəxs alban kilsələrində altarın hündürlüyünün fərqli olduğunu, ermənilərin sonradan altarın hündürlüyünü dəyişdiyini desə də, mən heç bir yerdə altar hündürlüyünün önəmli olduğunu oxumamışam. Düzdür ki, əgər bu kilsə lap qədim olsaydı orada hündürlüyün elə də önəmi olmamalı idi, çünki xristianlığın ilkin dövrlərində bu hündürlüyə fikir vermirdilər. Bu kimi yeniliklər orta əsrlərdə gəlmiş ritualların bir hissəsidir. Kilsə qədim olmadığı üçün, ermənilərin bu kilsəyə dəyişiklik etmə ehtimalı da az idi. Altar pilləkənləri 5 ədəd idi ki, xristianlığa uyğun idi (bu rəqəm həmişə tək ədəd olmalıdır) və birinci addımı sağ ayaqla çıxmalı idin.

Apsedə üzərində ermənicə hərflər yazılmış önünə şam yandırılıb qoyulan bir daş fiqur vardı. Yazı çox yeyilmişdi və mən oxuya bilmədim.

Həmin bu fiqurun arxasında, apse yaxınlığında başqa dairəvi bir fiqur var idi ki, məncə bu körpələrin vəftiz edilməsi və ya şam yandırmaq üçün istifadə edilirdi. Dairənin üzərində ermənicə – “1869-cu il, Ter-Avetisin xatirəsinə” yazılıb.

Kilsənin içindəki sütunlarda məzarların da üstündə tez-tez gördüyümüz bəzəkli xaç işarəsi var.

Daha sadə bir xaç işarəsi isə qurbangahın üzərində var.

Kilsənin divarlarında İncildən səhnələr var. Onların çoxunun zamanla qop-töküldüyünü görmək olar. Sağ tərəfdəki freskalardan birinin İbrahimin övladını qurban etmə səhnəsi olduğunu açıq-aşkar görmək olar.

Ümumiyyətlə bu kilsə kənddəki digər kilsələrdən daha bəzəkli və rəngarəngdir.

Apsedə Allah-Ata freskasını da görmək mümkündür. Sol əlində dünyanın üzərindəki hakimiyyətin rəmzi olan Globus cruciger (xaç və kürə), sağ əlində isə xeyir-duanı simvolizə edən dextera dei (Allahın sağ əli) olan Tanrı fiqurunun başında düzgün üçbucaq formasında Müqəddəs Üçlüyü simvolizə edən halə də var.

Dörd sütunun arasında, tağın başlanğıcında əvvəllər 4 İncil müəllifinin freskaları olsa da günümüzə təkcə 2-si gəlib çatıb.

Kilsəyə daxil olan kimi solda görə biləcəyiniz freska Yəhya İncilinin müəllifi sayılan İsanın 12 həvarisindən Yəhyaya aiddir. (İngiliscə: John the Evangelist)

Digər freskanın üzərində isə ermənicə həvari Mattanın adı qeyd edilib. Mark və Lukanın freskaları isə günümüzə gəlib çatmayıb.

Təəssüf ki, qızıl axtaranlar bu kilsəni də dinc qoymayıblar və kilsənin cənub girişindəki sütunu zədələyib kilsəni qəzalı hala salıblar. Buna görə də kilsənin qapısını artıq heç kəsə açmırlar. Daha sonra kilsəni tərk etdik və onlara ermənicə bilib-bilmədiklərini soruşdum. Mənə deyilənə görə kənddə heç kim ermənicə bilmir, buna görə də kilsənin üzərində nə yazıldığı, qəbirlərində nə yazıldığını oxuya bilmirlər. Mən onlara kilsənin üzərindəki mətnlər barədə danışandan sonra həmin mətnlərdəki ailələri tanıdıqlarını və onların nəsillərinin hələ də kənddə yaşadıqlarını dedilər. Udi tarixi heç vaxt yazılmayıb amma mənim marağımı görüb çox sevinmişdilər.

Daha sonra Roman bizi qohumlarının basdırıldığı Pitzili məhləsinin qəbirstanlığına apardı. Həmin qəbirstanlıqda böyük bir metal xaç və bu xaçın üzərində dayandığı kilsənin qalıqlarını görmək mümkündür. Romanın dediyi hekayəyə görə bir zamanlar burada bir kilsə vardı və onun əcdadlarından biri kilsədə xidmət etmişdi. Sovet vaxtı kilsədə xidmət edənlərdən biri bolşeviklərin tərəfinə keçib və kilsədə xidmət edən keşiş bu xəyanətə çox kədərlənərək vəfat edib. Kilsə çox keçmədən sökülərək daşlarından yeni Sovet məktəbi inşa edilib. Erməni mənbələri bu kilsənin adını Aydınladan Müqəddəs Qriqori Kilsəsi kimi versələr də udilər belə bir şey xatırlamır.

Kilsə qalıqlarının üzərində, böyük ehtimal bir zamanlar kilsənin divarında və ya döşəməsində olmuş bir yazıya da rast gəldik: “Avetis Çotatyantsın xatirəsinə, 1866”. Hər nə qədər erməni mənbələri 1867-ci ildə Dərəbağ məhləsindən 85-ə yaxın ailənin kəndin cənub-şərqinə köçərək Pitzili məhləsini saldığını deməsinə baxmayaraq bu xatirə daşı mənə məhlənin daha öncə də mövcud olduğunu düşündürür.

Daha sonra Nicin qədim qəbirstanlığını görmək imkanımız da oldu. Məzarların çoxu ermənicə yazılar daşıyır amma heç bir yazı olmayan uşaq qəbirləri də, daha qədim olduğu üçün yazılar olmayan qəbirlər də var. Ermənicə yazılı qəbirlərin tarixi 1800-cü illərdən daha qədimə getmir. Məzarlarının hamısının oxumağa vaxtımız olmadı amma Nic kəndinin tarixinin yazılması üçün epiqrafik araşdırmaya ehtiyacı var.

Bundan sonra biz Romanla sağollaşdıq və özümüz kəşfə çıxdıq. Adlarını verməyəcəyim bir neçə sakin bizi “udilərin özlərinin də unutmaq istədikləri” bir yerə apardılar. “Bulun” kilsəsinin qonşuluğundakı həyətdə, kurqan tipli bir təpə, onun ətrafında isə adsız və naxışsız qəbir daşları, çaydaşları və qayalar var.

Bəs udilər niyə buranı unutmaq istəyir? Mənə verilən məlumata görə Osmanlı ordusu kəndə girəndə yerli xalqı erməni zənn edərək bir zamanlar bu təpənin yerində mövcud olmuş kilsənin içinə dolduraraq xəncərləyib. Nicin udi əhalisi (kəndin 3 məhəlləsi azərbaycanlı-türkdür) 1914-cü ildə 10.000 nəfərə çatırdısa 1918-ci ildə bu rəqəm 8.000 civarına enib. Sakinlərdən birinin ulu babasının qardaşı Osmanlı əsgərləri tərəfindən əsir aparılarkən onun atası onsuz qalmağa dözə bilməyəcəyini deyərək silahını götürüb özü də onların arxasınca düşüb. Heç birindən xəbər alan olmayıb.

Sakinlər dedilər ki, tarixən udilər xristian olduqları üçün qonşu müsəlman xalqlardan, erməni olmadıqları üçün isə ermənilərdən əziyyət çəkiblər. Osmanlılardan əvvəl Şəki xanı Hacı Çələbi (böyük ehtimal özü də əslən müsəlmanlaşmış udi olan Qara Keşişin nəslindən idi) udilərə sırf xristian olduqları üçün cizyədən əlavə “din ipəyi” vergisi qoymuşdu.

Hacı Çələbidən öncə isə qonşu ləzgi xalqından olan, Hacı Davud xanın üsyanı zamanı udilər məcburi müsəlmanlaşdırılıblar. İohann Qustav Qerberin hələ 1728-ci ildə yazdıqlarına əsasən üsyan zamanı Qəbələ əhalisi qılınc gücünə, məcburi müsəlmanlaşdırılıb.

Yenə udilər tarixən erməni kilsəsi tərəfindən assimilyasiyaya məruz qoyulmuşdu. Yazdıqları ərizələrdən birində onlara ermənicə yox, udicə bilən bir keşiş göndərilməsini tələb edirdilər:

Biz, Udilər, çox yaxşı bilirik ki, ermənilər üçün önəmsizik… Biz həmişə Erməni camaatının lazımsız, çürümüş, kompromisə gedən elementi kimi bilinmişik. Buna görə də, özümüzü bu vəzifələrdən azad hesab edirik: qoy Müqəddəs Zatı-Aliləri bilsin ki, bizim müqaviləmiz artıq gözardı edilir və biz keşişi özümüzdən olan Rus kilsəsinə qoşulmağa hazırıq. Zatı-Müqəddəsləri istəyir inansın, istəyir inanmasın. Müqəddəs Zatı-Aliləri, xahiş edirik, bizə kömək edin və öz mənəvi çobanımız olaraq seçdiyimiz Sekston Qalust Stepanyan Palçiantsı bizə təyin edin ki, bu istəyimizdən bizi daşındırasınız (Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 6662, səh. 2)

…bizim ən böyük istəyimiz odur ki, keşişimiz öz xalqımızdan olsun; çünki biz Aydınladan Müqəddəs Qriqorinin kilsəsində olsaq belə bizim dilimiz fərqlidir: biz Udiyik və Nic və Vartaşendən başqa heç yerdə yaşamırıq. Bizim erməni dili haqda ən kiçik bir fikrimiz yoxdur, nə də Müqəddəs Kitabı başa düşürük… (Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 5214, səh. 1)

Təəssüf ki, internetdə gedən bu qədər təbliğata, maarifçilik tədbirlərinə, Nicdəki kilsələrdəki bərpa işlərinə rəğmən hələ də udiləri erməni zənn edənlər, onlara internetdə hücum edənləri görmək mümkündür. Sosial media dövründə xüsusilə bu kimi provokasiyalar təhlükəli hal alır. Məsələn, 1 Yanvar 2021-ci ildə hansısa təxribatçının Whatsappda yazdığı statusa görə səhəri gün kənddə qarşıdurma yaranmışdı. Həmin qarşıdurmanın videosunu kənd sakinlərindən biri çəkib. Belə ki, kimsə Whatsappda yazıb ki, Nicdə ermənilər yaşayırlar, şəhidlərimizin ölümünü bayram kimi qeyd edib atəşfəşanlıq ediblər, nə bilim udilər erməni olduqlarını sübut etdilər. Təbii ki, yeni ildə atəşfəşanlıq təbii bir şey idi. Ancaq sosial media dövründə bu qədər cahilcə, özü də 100 ildən çox bir müddətə yanbayan yaşadığın bir xalqa qarşı belə təxribata düşmə ehtimalı belə insanı təhlükəsizlik barədə düşündürür.

Udilərin ən böyük problemlərindən biri də işsizlik problemidir. Kənddə qalarkən çayxanalarda işsiz-gücsüz qalan çoxlu gənci gördük. Onların bəziləri ümumiyyətlə rayonlarda iş imkanlarının az olmasından gileyləndilər. Hətta bəzi sahibkarların onları xristian olduqları üçün “əşi bunlar ermənidir” deyib işə almadığını da bildirdi. Buna görə də bir az pul yığanlar üzünü Rusiyaya tutur və orada işləyib-yaşamağa başlayır. Nicdə qalmağı bacaranlar isə əsasən kənd təsərrüfatı sayəsində dolana bilənlərdir.

Görünür ki, bu barədə hələ çox iş aparmaq lazımdır. Söhbət nə vaxt udilərdən düşsə “qardaşımız”, “multikulturalizm”, “alban kilsəsi” deyib əl-ayağa düşməklə işlər həll olmur. İnsan gərək yaşadığı ölkəni də tanısın. Ona görə hər bir azərbaycanlıya ömürlərində heç olmasa bir dəfə Nic və Oğuza getməklərini məsləhət görürəm. Bu səfərlər həm də yerli iqtisadiyyatı canlandırmağa kömək ola bilər.

İnsanımız “belə həssas məsələlərə” gələndə məntiqdən kənar, emosional davranmağa meylli olduğu üçün yuxarıda dediyimi təkrarlayıram – öz problemlərimizin üzərinə getməyi bacarmalıyıq. Ölkənin etnik çoxluğu olaraq bizim mənəvi borcumuzdur ki, azlıqları qoruyaq, onları öyrənək və cəhalətə qarşı müdafiə edək. Əks halda Nic kəndi Mücü kəndinin taleyini yaşayacaq.

Nicdə cəmi 2 gün qalsam da, mənim üçün böyük bir yenilik oldu və çox şey öyrəndim. Ora bir daha qayıdacağam. Bu dəfə onu daha yaxşı vəziyyətdə görməyi ümid edirəm.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

This Post Has 4 Comments

  1. Uzeyir Mikayil

    Salamlar,
    yazınızı oxudum. Çox maraqlı və məlumatvericidir. Seminarlarınız olsaydı qoşulmaq istərdik. Uğurlar, davamlı olsun!

Cavab yaz