You are currently viewing Panoptikon

Panoptikon

Benthamın Panoptikonu bu kompoziyası üçün memarlıq fiqurudur. Biz bu prinsipin qısa açıqlamasını bilirik – uzaq bir məkanda, dairəvi bina; mərkəzində bir qüllə; qüllə böyük pəncərələrlə çevrilib və üzüyə baxır. Dairəvi bina kameralara bölünür. Onların iki pəncərəsi var, biri qülləyə baxır, digəri isə həbsxanadan xaricdəki dünyaya. Lazım olan tək şey mərkəzi qüllədə dayanacaq bir adamdır ki, kameralardakı dəli, xəstə, dustaq, fəhlə və ya şagirdlərə nəzarət edə bilsin. İşığın da köməyi ilə qüllədən baxan hamı kameralarda nə edirsə görünür. Onlar daha çox mağara və ya kiçik teatrlara bənzəyirlər, hər aktyor təkdir, mükəmməl şəkildə fərdiləşib və daim görülə bilir. Hər şeyi görən mexanizm bu kameralardakı hər şeyi görür və ani olaraq başa düşür. Qısası, o zindanın funksiyasını tərsinə çevirir. Ya da, onun üç funksiyasını ləğv edir deyək – üstünü bağla, işıqdan məhrum et və gizlət – sadəcə birini saxlayır, digərlərini isə ləğv edir. Tam işıq və nəzarətçinin gözü qaranlıqda olduğu üçün daha yaxşı müşahidə edir. Görünmək tələdir.

Sözün düzü bununla – neqativ bir effekt dəyək – Qoyanın rəsmini çəkdiyi və Howardın təsvir etdiyi cəzaçəkmə müəssisələrindəki kompakt, sürüvari, ulaşan kütlələrdən qaçılır. Hər fərd öz kamerasında təkcə nəzarətçi tərəfindən görünə bilən amma qonşuları ilə heç bir əlaqəsi olmayan məhbuslardır. O görünür amma o görmür, o informasiya obyektidir, heç vaxt rabitə subyekti deyil. Otağının hazırlanma stili, qülləyə əks olması onu birbaşa görməyə imkan yaradır amma yanlardakı otaqları görməyə imkan vermir. Bu görünməzlik qayda-qanunun qarantiyasıdır. Məhbuslar cinayətkardırsa, birgə qaçış üçün şans yoxdur, yeni cinayət ehtimalı yoxdur; xəstədirsə, xəstəliyin yayılma ehtimalı yoxdur; dəlidirsə, dəlilərin vəhşilik etmə ehtimalı yoxdur; məktəb uşaqlarıdırsa köçürmə, səs salma, söhbət, boş vaxt ehtimalı yoxdur; fəhlədirsə, qanunsuzluq, oğruluq, koalisiyalar, işdən fikri yayındırma ehtimalı yoxdur. Sürü, kompakt kütlə, birləşən fərdlər, kollektiv effekti ləğv olur və ayrılmış fərdlərin kolleksiyasına çevrilir. Nəzarətçinin baxış nöqtəsindən o, sadəcə sayıla bilən və nəzarət edilə bilən çoxluğa çevrilir, məhbusun baxış nöqtəsindən isə tək-tənhalıq.

Deməli Panoptikonun əsas təsiri budur: məhbusu şüurlu halda saxlayarkən eyni anda daim görülə biləcəyi halda saxlamaq və bununla gücün funksiyasını avtomatlaşdrmaq. Nəzarətin effekti daima qalacaq, o nəzarət etməsə belə gücün təsirilə məhbuslar əslində özləri-özlərini həbs etmiş olacaqlar. Bu necə olacaq? Məhbus özünün izləndiyini bilməlidir amma daim izlənmədiyini bilməməlidir. Benthamın prinsiplərinə görə güc həm görünən olmalıdır, həm də təsdiqedilməz olmalıdır. Görünən: məhbus həmişə ona nəzarət edən uca qülləni görəcək. Təsdiqedilməz: məhbus ona baxıldığından heç vaxt xəbərdar olmamalıdır amma həmişə bu ehtimalın olduğunu qəbul etməlidir. Bunun üçün nəzarətçi də görünməz olmalıdır, kölgə, səs, işıq, yarı-açıq qapı belə nəzarətçinin yerini ələ verə bilər. Panoptikon görünmədən görməyi mümkün qılan bir alətdir.

Bu önəmli mexanizmdir, çünki gücü avtomatlaşdırır və fərdi gücsüzləşdirir. Güc mexanizmi bədənlər, səthlər, işıqlar və baxışların nəzarəti prinsipi ilə işləyir. Mərasimlər, rituallar və işarələr faydasızdır. Bu maşın dissimmetriya, tarazlığın pozulması, fərqlənməni təmin edən maşındır. Buna görə də, gücün kimdə olmağının fərqi yoxdur. Hər bir fərd bu maşını idarə edə bilər: direktor olmayanda, ailə olmayanda, dostlar, qonaqlar və xidmətçilər olmasa belə. Eyni zamanda onu buna təhrik edən motivin də fərqi yoxdur – ədəbsizliyin verdiyi maraq, uşaq kini, insan təbiəti muzeyini ziyarət etmək istəyən bir filosofun biliyə olan aclığı və yaxud başqasını izləməyin və cəzalandırmağı sevən bir pozğunun marağı. Anonim və müvəqqəti müşahidəçilərin sayı nə qədər çox olsa məhbusun təəccüblənmə riski və izlənildiyini anlama ehtimalı çoxalır. Panoptikon nə üçün istifadə olunursa-olsun, həmişə homogen güc effekti yaradan valehedici bir maşındır.

Əsl tabelik mexaniki üsulla saxta münasibətdən doğur. Yəni, əslində məhbusu yaxşı davranmağa, dəlini sakit olmağa, fəhləni işləməyə, şagirdi oxumağa, xəstəni dərman atmağa məcbur etmək vacib deyil. Panoptik qurumlarda barmaqlıqlar, zəncirlər, qıfıllar olmaq məcburiyyətində deyil, qapılar və arakəsmələrin yaxşı hazırlanması bəsdir. Köhnə “təhlükəsizlik evləri” və onların qəsrvari arxitekturasının ağırlığı sadə “müəyyənlik evi” ilə dəyişdirilə bilər. Gücün effekti də digər tərəfə çevrildi – onun tətbiq olunduğu yer fərqləndi. Nəzarətə məruz qalan şəxs hər iki rolu oynamalı olur, o özü-özünü həbs edir. Xarici güc fiziki zor tətbiq etmir, qeyri-cismani olmağa meyl edir.

Bentham Le Vauxun Versaldakı heyvanxanasından təsirlənib-təsirlənmədiyini demir. Bu heyvanxananın mərkəzində kralın salonu adlanan tək otaq vardı, hər tərəfdə 7 qəfəsə baxan pəncərələr mövcud idi, 8-ci tərəf isə giriş üçün nəzərdə tutulmuşdu. Benthamın dövründə bu heyvanxana da ləğv olundu. Amma Panoptikonun iş prinsipi buna çox bənzəyir. Panoptikon da heyvanxanadır amma heyvan insanla əvəz olunur. Panoptikon həm də naturalist birinin işini görür. Bir neçə fərqli iş üçün də istifadə edilə bilər, məsələn xəstələri müşahidə edərkən hər fərdin bir simptomunu görə bilər, yataqların yaxın olmağına ehtiyac da olmur. Şagirdləri izləmək üçün, onların necə dərs oxuduğuna fikir vermək üçün, tənbəlləri ayırd etmək üçün istifadə oluna bilər. Fəhlələri izləyərkən onların nə qədər vaxta işi gördüyünə baxmaq, qabiliyyətini yoxlamağa faydalı ola bilər.

Panoptikon

Dəli həyəti – 1794 (Qoya)

Müşahidə haqda bu qədər bəsdir. Amma Panoptikon həm də bir laboratoriya idi, bu maşınla insanlar üzərində təcrübə aparıla bilə, fərdi davranışlar dəyişilə, təlim verilə və düzəldilə bilər. Dərmanlarla təcrübə aparılıb onların effektləri müşahidə oluna bilər. Hər məhbus üçün fərqli cəzalar yoxlayıb ən təsirlisinin hansı olduğuna baxıla bilər. Hər fəhlə üçün fərqli texnikalar yoxlanılıb effektivliyi ölçülə bilər. Hər uşağın üzərində fərqli pedaqoji təcrübə aparıla bilər. 16 və ya 18 yaşında digər oğlan və qızlarla tanış ediləndə onların davranışını müşahidə etmək olar. Helvetiusun fikrincə hamı hər şeyi öyrənə bilər, hamı fərqli düşüncə sistemində böyüdülə bilər. Beləliklə bəzi uşaqlar iki vur ikinin dörd olmadığına inana bilər, bəziləri ayın pendir olduğunu düşünər. Daha sonra onları 20 və 25 yaşları olanda bir yerdə otuzdurun, bundan sonra leksiya və moizələrə xərclənilən puldan daha çox dəyərli söhbətlərə şahid olarsınız. Azı biri metafizika aləmində kəşflər etmə imkanına sahib olacaq. Panoptikon insanlar üzərində təcrübə və analiz üçün mükəmməl bir yerdir. Panoptikon öz mexanizminə nəzarət edən bir aparat kimi də fəaliyyət göstərə bilər. Mərkəzi qüllədə bir direktor digər işçilərə nəzarət edə bilər – tibb bacıları, həkimlər, briqadirlər, müəllimlər, qapıçılar; direktor onları həmişə yönləndirə biləcək, istədiyi metodlara öyrəşdirəcək. Bu yolla direktorun özünə belə nəzarət etmək olar. Panoptikonun mərkəzinə xəbərsiz gələr bir inspektor bütün qurumun fəaliyyətinə nəzarət edə bilər.

Lakin, bütün bunlara baxmayaraq – bu memarlıq mexanizminin tam ortasında dayanan idarəçinin, nəzarətçinin özünün taleyi tamamilə buna bağlı deyilmi? Xəstəliyin yayılmasının qarşısını ala bilməyən bacarıqsız bir həkim, bacarıqsız bir həbsxana müdiri epidemiyanın və üsyanın ilk qurbanı olmaycaqmı? “Mənim öz taleyim məni onların taleyi ilə bağladı” deyirdi Panoptikonun ustası (Bentham, 177). Panoptikon güc laboratoriyası kimi fəaliyyət göstərir. Müşahidə mexanizminə görə insanların davranışına aşılana bilir, gücün təsir etdiyi hər bir sahədə yeni biliklər kəşf olunur.

Mişel Fuko bu əsərində sual verir – Panoptikon indi də mövcud deyilmi? Cəmiyyətin quruluşu da bir növ panoptikon deyil? Biz hamımız əslində görünməz bir gücə görə hərəkət etmirik? Özümüzə fikir veririk, çox üsyankar fikir səsləndirmirik, həddimizi aşmırıq. Lakin özümüzü azad hiss edirik – çünki Panoptikondakı kimi – zəncirə vurulmamışıq, barmaqlıqlar arxasında deyilik, bununla belə görünməz bir qüvvədən qorxuruq – dövlət, cəmiyyət, bəlkə də məktəb direktoru, baş həkim, prezident?

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz