You are currently viewing Seriallar

Seriallar

Uzun bir aradan sonra yenidən yazmağa başladım. Bu dəfə seriallardan.

Postmodernizm – istəsək də, istəməsək də dünyamızı ələ alan əsas axım budur. İnsanların vizuallığa daha çox önəm verdiyi cəmiyyətdə yaşayırıq. Bizə hər nə qədər gec gəlib çatsa da, insanın ruhunda bu var. Onlar çoxdan bəri oxumaq istəmirlər. Onların vaxtı çox qiymətlidir. Onlar görmək istəyirlər, onlar eşitmək istəyirlər, onlar baxmaq istəyirlər – mümkün qədər bunların hamısı da qısa olmalıdır. Bəlkə də biz deməliydim? Çünki məndə də bu tendensiya var.

Game of Thrones izləyiciləri və oxucularının sayını müqayisə etsək, nisbət əzici üstünlüklə izləyicilərin xeyrinə olacaq. Şirkətlər, brendlər və restoranlar artıq sosial media marketinqində bol-bol Vine və Instagram fenomenlərindən istifadə edirlər. Bunun iki növü var – açıq aşkar “baş sponsor filan şirkət” elanı və ya viral video. Hər iki halda bu fenomenlər kifayət qədər məşhurluq və pul qazanır. Bunları bilmək üçün heç marketoloq olmaq lazım deyil – sadəcə diqqətli izləyici olmaq lazımdır.

Artıq dram janrındakı seriallarda, filmlərdə tabu mövzulara da yer verilir. Uşaqlıqda travma almış yetim baş qəhrəman, tarixən homoseksual olmuş personajlar, psixoloji problemlərinin qurbanı olan qızın fərqli şəxsə çevrilməsindən tutmuş fərdin dövlət və şirkətlər tərəfindən manipulyasiyaya uğraması, uzaq gələcəkdə kapitalizmin bizim üçün hazırladığı planlara qədər bir çox mövzuya toxunulur. İnsanları düşüncəyə vadar edir. Bunlar bizik, içimizdə gizlənən fetişlər – ancaq çox sərxoş olandan sonra dostlarımızın qulağına pıçıldadığımız ehtiraslardır.

Westworld

Və yaxud Westworld serialına baxaq – William 35 il əvvəl özünü insan hiss edən robotlarla dolu bir dünyaya gəlir, Doloresə aşiq olur və nəhayət ki, yaşamaq istədiyi dünyaya gəldiyini düşünür. Lakin bu hələ “nəhayət” deyildi, onun özündə kəşf etdiyi şey başqa idi – həmin dünyanı ələ keçirmək və istehlak etmək. Serialın mesajı isə bu deyildi, serialın mesajı – məncə – insan nə qədər azad düşüncəli olduğunu, nə qədər şüurlu olduğunu düşünürsə düşünsün, mütləq kimlərinsə diktəsi və ya “çerez-çerez” təsiri ilə addım atır. Məqsəd əylənmək deyil – məqsəd məsuliyyətləri unutmaqdır, məqsəd sevmək deyil – məqsəd təklikdən qaçmaqdır. Westworlddəki robotlar hər nə qədər insanları devirdiyini, üsyana başladıqlarını düşünsələr də bunu bilmirdilər – bütün bunların hamısı onsuz da onların yaradıcısının – Fordun planı idi. Bu serial haqda bu qədər.

Çox hörmət etdiyim biri “The Arrival” filmindən sonra indinin və gələcəyin eyni anda baş verdiyi haqda düşüncələrindən danışırdı. Nə qədər doğru və ya yanlış olduğunu müzakirə etmək olar amma vizuallığın insanları düşündürmək barədə bacarığı olduğunu inkar edə bilmərik. Gəlin qəbul edək ki, artıq yazı dövrünü geridə qoyuruq. Qobustandakı petroqliflər öz yerini Finikayadakı yazı sisteminə vermişdi. Yazı sisteminin də gələcəyi görüntüdədir.

Gülməli gələ bilər, hətta bu yazının mövzusu özü “The American Gods” serialında işlənib – yeni dünyanın tanrıları olan Media, Texnologiya və s. qədim dünya tanrıları olan Odin, cinlər və s. inanclara qarşı mübarizə aparır. Təbii ki, qədim dünyanın tanrılarına tapınanlar da aramızda var. Öz dövrlərinə görə proqressiv olsalar da mənim üçün artıq mühafizəkar düşüncələrin daşıyıcılarına çevriliblər. Onlar serial izləməyi faydalı iş saymırlar, insanlar onlar üçün ancaq işləməli olan – xeyir verməyə borclu robotlardır.

Məsələ isə fərqlidir – insanlar artıq seriallarla dəyişirlər, onların düşüncə sistemini seriallarla, filmlərlə çox gözəl dəyişmək olur. Məsələn, hər dəfə kəndə gedəndə nənəmgilin bir-iki hind serialını izlədiyini görürəm. İlk baxışdan sabun operasına bənzəyir amma verdiyi mesaj çox güclüdür – patriarxal Hindistan icmasının qadınları necə əsir etdiyini gözlər önünə sərir. Dinə bağlılıq, adət-ənənələrin insanların şəxsi istəklərini məhv etməsi, ailənin rəisi – atanın öz övladlarına azadlıq verməməsi tənqid olunur. 150 səhifəlik romanın verdiyi bir mesaj 1 saatlıq görüntüdə verilir. Bunlara baxan insan istər-istəməz təhtəlşüurunda dəyişə, qadınlara qarşı daha həssas ola bilər.

Seriallardan necə yaxşı istifadə edə bilərik? Hansı mesajları verərək istədiyimiz cəmiyyətə çata bilərik? Növbəti müzakirəmiz bu olmalıdır. Bayağı seriallar çox ola bilər amma unutmayaq ki, seriallar da ən az filmlər, rəsmlər və romanlar kimi incəsənət əsəridir.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz