You are currently viewing Türklərin qarşılıqsız sevgisi

Türklərin qarşılıqsız sevgisi

744-cü ildə 200 ildir mövcudluğunu qoruyan Göytürk xaqanlığı parçalanır. Bununla “Türk” adı Mərkəzi Asiyada artıq istifadə olunmamağa başlayır.

Göytürk xaqanları öz yazılarında özlərindən başqa heç bir xalqa türk demirdilər. Eləcə də Uyğur xaqanları özlərini türk adlandırmırdılar. Çinlilər də Göytürkləri əvəz etmiş heç bir dövlətə türk deməyib. İki istisna ilə – 1060-cı ildə yazılmış Yeni Tan kitabı türk adını Xəzərlərə istinadən deyir – “突厥曷薩” (Tuçye Hesa).
 
Bundan əlavə Çini idarə edən imperatorların çıxdığı Şato qəbiləsi Çin tarixçiliyində Qərb Göytürklərinin bir hissəsi kimi təqdim olunur. Bundan sonra Çin və Mərkəzi Asiya mənbələrində türklərdən bəhs olunmur.
 

Hətta Monqolları devirən çinli Min sülaləsi dövründə belə çinlilər türk olan Qazaxlara 韃靼回夷 (Dada Huiyi – Tatar müsəlmanlar), Monqollara isə Dada 韃靼 deyilirdi.

Bəlkə də sizə qəribə gələcək. Amma əslində İslam və Bizans alimləri sayəsində bu mümkün olub. Düzdür, onlar bunu 2000-ci illər məntiqi ilə, linqvistik klassifikasiyaya görə etməyiblər.

Belə ki, Əbu Səid Gərdizi (ö. 1061), Şərəfzaman Mərvazi (1056-1125) kimi iranlı alimlər Sır Dəryadan şimalda yaşayan hamını Türk adlandırırdılar. Məşhur Qabusnamə əsərində hətta Tibetlilər belə Türk sayılır. Məmlük tarixçiləri Monqol dilini “saf Türkcə” adlandırırdılar, Qarakitaylar, Oyratlar kimi xalqları da türklərin içinə daxil edirdilər.

Qısası, onlara görə Mərkəzi Asiyada yaşayan, qıyıqgöz və çinli olmayan hamı “türk” idi.

Bundan əlavə Bizanslılar da Macar xalqlarına “Türk” deyirdilər.

Yəqin ki, tez-tez “Mərkəzi Asiyadakılar türkdürsə, biz necə türkük?” sualını öz-özünüzə vermisiniz. Çünki biz zahirən qonşu xalqlara bənzəyirik. Qazaxlar, Özbəklər isə daha qıyıqgözdürlər. Orta əsrlərdə bəzi alimlər bu məsələyə belə izahlar verirdilәr ki, türklәr yerli xalqları fәth edib zahirәn onlar kimi olurdular – türkmən (türkə bənzər) olurdular.

753-760-cı illərdə Uyğur xaqanı Bayan Çur xaqan tərəfindən yazdırılıb. Xaqan burada özünə "İl Etmiş Bilgə xaqan" deyir və "Türük budunu" yəni Türk xalqını necə məhv etdiyini yazır.
İraq Türkməni qız

Bozqır xalqları heç də yerləşmiş xalqlar kimi etnik kimlik dərdi çəkmirdilər, tez-tez fərqli xalqların təsirində istəyərək qalırdılar. Buna sübut kimi ta Hunlardan bəri nümunələr gətirmək olar. Tarixçi Fan Ye (范曄), Sonrakı Xan Tarixi (後漢書) kitabında belə yazır:

Şimal şanyüsü qaçdı, Syanbilər gəldilər və bu torpaqda bərqərar oldular. Yerdə qalan hunlar 100.000 çadırlıq bir əhaliyə sahib idilər. Bu ailələr hamısı özünə Syanbi deməyə başladı. Syanbi buna görə gücləndi.

Çox maraqlıdır ki, Şimal hunları dövlətləri çökəndə Cənub hunlarına qoşulmaqdansa yeni gələnlərə qoşulublar. Halbuki Hun və Syanbi dilləri tamamilə fərqli idi. Oxşar hadisələr çox olub: buna Çingiz xanın nəslindən gələn bir monqol şahzadənin monqoldilli Oyrat xanlığından türkdilli tatar xanlarının yanına qaçıb onlara qohum deməyi də buna nümunə sayıla bilər. Həmçinin Tsin sülaləsi Oyrat (Qərb) monqollarını qırarkən Xalxa (Şərq) monqollarının bu soyqırmı vecinə almaması, əvəzində oyratların məcbur müsəlmanlığı qəbul edib qazaxların arasında türkləşməsini də göstərmək olar.

Müasir millətçilik ideologiyası Monqolustana hələ yeni gəlib çatdığı üçün hələ indilərdə Kalmıkları da özlərindən saymağa başlayıblar.

Bəs millətçilik? Bəs aidlik hissi? Görünür qədimdə türklər dilə elə də önəm vermirlərmiş. Onlar daha çox görünüşə önəm veriblər. Hətta bu yöndən zarafatyana irqçi belə demək olar.

İzzəddin ibn əl-Əsirin “əl Kamil fi əl Tarix” əsərində yazdıqlarına görə Xarəzmşahın Səmərqənddəki Qıpçaq qarnizonu “Onlar bizim cinsimizdəndir. Bizi öldürməzlər.” deyib Monqol ordusuna keçib.

Eyni üsuldan Cəbə və Subutay da istifadə edib. Onlar türkdilli Qıpçaqların və osetinlərin əcdadları olan irandilli Alanların ittifaqını pozmaq üçün Qıpçaqlara müttəfiqlik tələbi göndərib – “Nəhnu və əntum cinsi vahid” (əl-Əsir); “Ma və şumə yek taifə və yek cinsim” (Rəşidəddin); “Bizninq qarındaşımız turursiz” (Əbülqazi Bahadur xan)

Ərəbcə güc-bəla ilə danışan Misirin qıpçaq Məmlük sultanı Kalavunun bütün xanımları monqol idi. Qıpçaq sultanları yerli əhali ilə qarışmaqdan tamamilə çəkinirdilər və monqollar zahirən qıpçaqlar kimi qıyıqgöz idi deyə onlara önəm verirdilər.

Qıyıqgözlü qıpçaqlar orduda ən üstün vəzifələrə qalxsalar belə Türkmənlərə bu imkan verilmirdi və aşağı dərəcələrdə qalırdılar. Məmlük dövlətində hətta Elxanilər ordusunda sadə bir əsgər olan oyrat monqolu Kitbuğa belə əl-Adil Kitbuğa adı ilə 2 il hakimiyyətdə olmuşdu. Məmlüklər türkmənlərə lağ edərək “Rumi” yəni “Ruma bənzər” deyirdilər.

Oxşar vəziyyət Mərkəzi Asiyada da var idi. Xivəyə səyahət etmiş Nikolay Murayevyevin yazılarına görə özbəklər və türkmənlər qız alıb-vermirmişlər. Çünki özləri fərqli millətlər sayırmışlar.

Qarşılıqsız sevgi

Yəqin ki, internetdə, tez-tez Youtube videolarının altında görürsünüz – millətçi türklər Çingiz xanı və monqolları sevir. Onlarla özləri bir irqdən hesab edirdilər. Mən bunun yeni bir fenomen olduğunu düşünürdüm. Halbuki belə deyilmiş. Azı 2 tarixçi Osmanlını Çingiz xana və monqollara qohum sayırdı:

Al-i Osman kabaili Etrak u Tatardan haric degül…
(Osmanlı sülaləsi Türklərdən və Monqollardan fərqli deyil)
Mustafa Ali (1541-1600)
Hakka ki Al-i Osman be-kavl-i müverrihin Al-i Cingiziyan neslindendir kim Cingiz Han’ın ammizadelerindendir… Hatta Al-i Osman ve cumle kavm-i Türkman dahi kavm-i Tatar’dır.
Övliya Çələbi
Səyahətnamə, səh. 239

Bütün bu məlumatlara baxmayaraq, görünür Türkmənlərdəki bu Tatar sevgisi qarşılıqlı olmayıb. Qasım xanlığı tarixçisi Qədir Əli bəy Cəlairi 1602-ci ildə Rəşidəddinin Cami-əl-Təvarix kitabını Çağatay dilinə tərcümə edir və qıpçaqları türk adlandırmır! Onun əvəzinə “Özbək” terminindən istifadə edir.

Eynilə tatar, noğay və sair bu kimi xalqların dastanları – Çora Batır, Qəmbər Batır, Edigü dastanı kimi dastanlarda “türk” adı çəkilmir.

Hətta Müqəddəs Roma imperatoru I Maksimilianın Moskvaya göndərdiyi səfir Siqmund von Herberştayn Rerum Moscoviticarum Commentarii səyahətnaməsində Dəşt-i Qıpçaq tatarlarının özlərinə türk deyilərkən bunu təhqir kimi qəbul etdiyini yazır.

Bu tatarlar özlərini Monqol sayırdılar və görünür ki, bunlar etnik bir bağlılıq yox, Çingiz xanın ənənəsinə olan bağlılıq idi. Krım xanı Mehmet Gəray (1514-1523) Polşa kralına məktub yazanda özünü Monqolların hökmdarı kimi təqdim edir. Özbək xanı Məhəmməd Şeybaninin isə Nəsimi tərzində bir şeiri insanı təəccübə salır:

Barça [bütün] ulus məndə sığar, mən bu ulusa sığmazam.
Yaxşı-yaman məndə sığar, mən bu Moğola sığmazam.

Orta Asiya tarixçiləri Mirxond, Xondəmir və Teymuri Uluq bəyin yazılarındakı (bax: Rövzət üs-Səfa, Həbib əl-Siyar, Şəcarət ül-Ətrak) daim Osmanlıları özlərindən ayrı saymaq, Türkmənləri Türklərin ən pis nümunəsi sayması da düşündürücüdür.  Orta Asiya xanları özlərini geneoloji dəftərlərdə Nuhun oğlu Yafəsin və onun oğlu Türkün nəslindən göstərirdisə, Osmanlı tarixçisi Aşıkpaşazade “Təvarix-i Ali Osman”da Oğuz və Osmanı Nuhun oğlu Samın nəslindən göstərir və Fars şahları ilə qohum çıxarır.

Siqmund von Herbertştayn 1486-1566-cı illər arasında yaşayıb.
Nəticə

Görünür “Türk” anlayışının tarixi inkişaf xəttini cıza bilərik:

  1. Onlarla qohum xalqın arasında ilk tərpənən Türklər olur və öz xaqanlıqlarını qurur. Genişləyirlər – Bizans, Sasanilər, Çin, Koreya və Hind dövlətləri ilə əlaqələr qururlar.
  2. Asiyada dövlətləri çökəndən sonra Bizans və İslam tarixçiləri bu adı qoruyub saxlayır və onları belə çağırır. Müsəlman olan, fars və ərəb olmayan hər müsəlman türk adlanır.
  3. Avropada kəşf olunan və import edilən “etnik millətçilik” anlayışı sayəsində illər boyu Türk sayılmayan Türkmənlər özlərini yenidən bu adla təsdiqləyə bilirlər. Özlərini türk saymayan tatar intellektualları bu adla tanınmağa başlayır.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz