You are currently viewing Maude Radford Warren – Bakı xatirələri
Maud Redford Bakıda bolşevik palkovniklə

Maude Radford Warren – Bakı xatirələri

Maude Radford Warren (1875–1934) Kanadada doğulub. Maud xanım uşaqlar üçün yazdığı nağıl və hekayə kitabları ilə məşhurdur. “Kral Artur və Cəngavərləri” və “Robin Hud” uşaq kitablarının müəllifidir. Sonra ABŞ vətəndaşı olub. Birinci Dünya Müharibəsi dövründə bacardığı qədər müharibə ocaqlarını gəzməyə çalışıb, müxbir olaraq işləyib. Əvvəlcə Çikaqo, oradan Bağdad və Tehran vasitəsilə Bakıya gəlib. Bəxtə bax ki, onun İrandan gəmi ilə Bakıya gəlişi düz 28 Aprel 1920-ci ilə təsadüf edib. 36 saat gəmidə gözlədiləndən sonra sahilə çıxmasına icazə verilib. Otellərin hamısı ələ keçirildiyi üçün məcbur bir tanış erməni qadının evində yaşamağa məcbur olub.
 
Onun 1921-ci ildə “New York Times” jurnalına yazdığı xatiratından maraqlı hissələri tərcümə etdim:
Cənab H.G.Wells deyir ki, Rusiyada hazırda ən mümkün iqtidar forması kommunizmdir. Gəlin sizə Azərbaycanda necə işlədiyini deyim. Əgər xəritəyə baxsanız Azərbaycan Xəzərin qərbində, Persiyanın şimalında, Rusiyanın cənubunda bir ölkədir. Onun qərbində Gürcüstan var amma o da hər an öz bacısı kimi bir Sovet respublikası ola bilər. Azərbaycanın əhalisinin çoxluğu deyilənə görə Mərkəzi Asiyadan köçmədir, müsəlmandır və qan olaraq türkdür. Bir zamanlar onların müstəqil dövləti varmış, sonra Persiyaya aid olub və 100 il əvvəl Rusiya ələ keçirib. Kerenski bir Zaqafqaziya respublikası qurmağı bacarmayanda Azərbaycan öz 5 milyonluq əhalisi ilə Xan Xoyski adlı bir tatarın (bu yaxınlarda Gürcüstanda bolşeviklər tərəfindən öldürüldü) prezidentliyi ilə öz dövlətlərini qurdular.
 
Dövlət həqiqətən də özünü yaxşı idarə edirdi. Nazirliklər və məmurlar işləyirdi. Amma həmişə xristianlar və müsəlmanların arası dəyirdi. Bir erməni kişi ilə evlənmiş ingilis xanım mənə dedi ki, Bakıda yaşadığı 16 illik evlilik həyatı boyunca 5 dəfə qırğın görüb. Görünür həm ruhi, həm də fiziki səbəblərdən Azərbaycan əziyyət üçün yaradılıb. Fiziki səbəb neftdir. Rusiyanın neftə ac olduğu bir vaxtda bu ölkə necə xəyal edə bilərdi ki, bolşeviklər əllərini uzatmayacaqlar? 2 ildir ki, onların cəsusları Bakıda fəhlələr arasında propaqanda ilə məşğul idilər. Azərbaycanın başı qarışıq olan bir vaxtda da bir zirehli qatar və əsgər ilə gəlib buranı tutdular.
 
Onlar – qırğınları nəzərə almasaq – özünü yaxşı dolandıran bir ölkəyə gəlmişdilər – yemək vardı, iş vardı, mağazalar açıq idi. Xristianlar da, müsəlmanlar da təhsil alırdılar. Yaxın Şərq Qaçqınlara yardım dərnəyi erməni, rus, müsəlman qaçqınlara kömək edirdi. Nəhayət bir gün onlara Azərbaycanı ələ keçirmək barədə sual verdim. İlk gördüyüm insan səmimi, ideal bir kommunist idi:
 
– Niyə gəlmişik? Çünki biz bütün dünyanı sovetləşdirəcəyik! Zor gücünə də olsa. Azərbaycan ilk addım idi.
 
Növbəti gördüyüm şəxs bir bolşevik polkovnik idi. O öz gözəl ingiliscəsi ilə “mən cəmi 4 həftədir bolşevikəm, hələ ideologiyadan başım çıxmır deyə cavab verə bilməyəcəm. 4 həftə əvvəl Denikinin ordusunda döyüşürdüm, ələ keçəndən sonra mənə dedilər ki, artıq sən bolşeviksən. Mən də nə deyirlər, onu edirəm. Əgər istəsəniz sizin üçün soruşaram” dedi.
 
Tərcüməçim daha sonra bir əsgərin mənə dediklərini çatdırdı: “Amerikan xanıma de ki, bu əsgərlər Rusiya üçün vuruşur. Həmişə Böyük Rusiya olub və həmişə də Böyük Rusiya olmalıdır. Əsgərlər Azərbaycanı ələ keçirdilər, çünki onsuz da Rusiyanın idi.” Tərcüməçimə dedim ki, “soruş gör onlar bütün dünyanı sovetləşdirmək istəyirmi?” O da cavabladı: “Xanıma de ki, Böyük Rusiyanı əldə edəndən sonra qayıdacağıq. Digər ölkələr istəyirlərsə sovetləşsinlər. Biz bunun üçün döyüşmərik. Evə getməyəli çox olub.”
 
Növbəti müsahibim vəzifəli bir yəhudi kommunist idi. Maşını vardı: “Madam, bizim buranı ələ keçirməyimiz təəccüblü deyil. İlk addım nefti olan torpaqları fəth idi.”

Almaniyada ingilis hərbçilərlə, 1919.

Maud Redford Bakıda bolşevik palkovniklə
İnsanlar çox da yadırğamadılar. Onsuz da əvvəl bolşevik hakimiyyətində yaşamış olanlar evlərinə qırmızı bayraq açdı. Volqada kommunistlərdən qaçıb gələnlər isə daha uzağa getmək üçün yol axtarırdı. Bolşeviklərin ilk etdiyi şey Hüseynovun, daha sonra Nərimanovun başçılığı altında müharibə komitəsi qurmaq oldu. İkisi də tatardır. Nərimanov dürüst, idealist adamdır. Onu tanıyan hamı tərəfindən sevilir. Daha sonra Moskva və Həştərxandan gələn cavan insanlarla (aralarında hətta 17 yaşlı bir qız vardı) inqilabi komitə qurdular. Onlar ilk dövrlərdə özlərini məhkəmələr, edamlar və həbslərlə məşğul etdilər. Çoxu dünənəcən əllərində heç bir iqtidar olmayan insanlar idi. Mən yəqin ki, həbs olunsam təcrübəli bir hakim tərəfindən dindirilmək istərdim. Bu cavanlar yəqin ki, “çox güman günahkardır, özü də burjuaya oxşayır. Səhər güllələyin getsin. Sonrakı!” Çox güman çox edam belə olub. Nəzərə alsaq ki, iqtidar sərxoşluğunun təsiri də var.
 
Batuma gedən nefti kəsdilər və Rusiyaya göndərdilər. Bir amerikan pambıq şirkətinin də mallarını şimala göndərdilər. Nə küçədə atışma vardı, nə də mağazalar qarət olunurdu. İçkili əsgər olsa 5 illik həbs, qarət etsə ölümə məhkum edilirdi.
 
Lakin fəhlələr çox keçmədən şikayətlənməyə başladılar. Əvvəllər heç olmasa 8 saat işləyən neftçilər günlərinin 10-11 saatını Rusiyaya sürətlə neft ötürmək üçün xərcləməyə başladılar. İctimai edamlardan da o qədər bezdilər ki, hökümət niyə ictimai edam etdiyini açıqlamalı oldu və dedi ki, bundan sonra ictimai güllələnmə olmayacaq.
 
Maaşları minimum 6000, maksimum 10000 rubl təyin etdilər. İnsanlar yenə şikayətləndi, çünki bu bərabərlik deyildi. Maaşlar ehtiyaca uyğun deyildi. Bir fəhlənin həyat yoldaşı 2-8 saat arası ayaq üstündə sırada gözləyib öz payını 3 rubla ala bilərdi. Əgər uşağı vardısa ya da sırada dayanmağa halı yox idisə 16 rubla söhbət həll olunurdu. Mən Bakını tərk edəndə ağ çörək 150 rubl, 1 pud ət 200 rubl, çay 3000, kalqotka-corab 1000~3000, bir cüt ayaqqabının qiyməti isə 12000-16000 rubl arası dəyişirdi. İnsanlar buna görə də mallarını mağazada satmaqdansa saxlamağa başladılar. Zərgərlər, qızılçılar satırdı amma baqqallar yox. Əgər bir tatar mağazasına girsəm mən yemək ala bilərdim amma bir rus girəndə “anbarda malımız qalmayıb” deyərdilər.
 
Qaçqınlara kömək üçün ABŞ-dan göndərilən yardımlara isə dövlətin əlinə keçdi. Bir müddət qaytardılar amma yenə aldılar. Yaxşı ki, Clyde Smith adlı bir assistent qaçqınlara çatacaq bir neçə kisə un və qurudulmuş südü gizlətmişdi.
 
Bolşeviklər əsas fəaliyyət mərkəzlərini, komitələri məktəbdə qurmuşdular. Buna görə də, aprelin axırı, may və iyun aylarında uşaqlar məktəbə gedə bilməmişdi.
Maude Radford Bakını tərk etmək istəsə də, bolşeviklər ona icazə vermir. Amma həbs də etmirlər. Nəhayət bolşeviklər öz hərbi strategiyasını dəyişəndən sonra icazə ilə qatarla Batuma, oradan da İstanbula gedir. ABŞ-a çatandan sonra 6 il əsər yazmaqla məşğul olur. Bakıdakı təcrübəsindən ilhamlanaraq “The House of Youth” əsərini yazır və 1923-cü ildə çap etdirir. 1924-cü ildə isə əsərin əsasında ağ-qara, səssiz eyniadlı film yayımlanır. 6 iyul 1934-cü ildə öz qarajında avtomobildən çıxan zərərli qazın təsiri ilə keçinib.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

Cavab yaz