Alman sinoloq Fridrix Hirsin fikrincə bilinən ilk türkcə söz Divani Lüğətit Türkdəki “kınğırak” sözüdür. Deyə bilərsiniz ki, nə dəxli var? Axı Orxon abidələri daha qədimdir. Məsələ belə deyil.
Eramızdan əvvəl 1046-771-ci illəri əhatə edən “Çou Şu” (Çou tarixi) kitabında e.ə. 1046-1043-cü illərdə hakimiyyətdə olmuş Çou hökmdarı Vu-nun daşıdığı silahın adı “kinqkien”dır. Ondan hardasa 900 il sonra yaşamış tarixçi Sima Kian dövründə isə bu silah “kinqlü” adlandırılır. E.ə. 97-ci ildə hun hökmdarı Huxanye də Çinə bağlılığını bildirərkən “kinqlük” adlı bir silahla and içir.
Maraqlıdır ki, Çin dilində belə bir söz yoxdur. Hamısında da çinli tarixçilər izah kimi “yüngül, iki tərəfi də kəsən bıçaq” qeydi yazıblar.
Fridrix Hirsin fikrincə bu söz “kınğırak”la eynidir. Bu sözün “xəncər”lə əlaqəsi tam bilinmir. Çünki bu söz daha qədim olan Aramicə və Aysorca var. Həmçinin şərqi İran dili olan Soğdca da var amma qədim farsca və ya pəhləvicə yoxdur.
Hər bir halda bu fərziyyə də doğrudursa bilinən ilk türkcə söz budur və 3000 ilə yaxın yaşı var.
Göytürklərdən daha əvvəl yaşamış və dövlət qurduğu bilinən bir digər xalq isə Fufuluo xalqıdır. Bu xalq Qaoçe konfederasiyasından çıxmış və 12 klandan ibarət bir xalq idi.
Bu xalq Göytürklər kimi, lakin onlardan daha əvvəl Jujan xaqanlığının asılılığından qurtulur və Çin mənbələrində “候娄匐勒” kimi bilinən dövlətlərini qururlar. Bu ad da yenə çincə deyil və transkripsiyada “Ulu Bəylik” kimi çevrilir.
Bu dövlət də 7 bəydən sonra yenidən Jujanların tərkibinə keçib və 541-ci ildə fəaliyyətinə son qoyulub. 10 il sonra Göytürk dövləti yaranacaqdı.