You are currently viewing Azərbaycan və ya Udi dilləri alban əlifbası ilə yazıla bilərmi?

Azərbaycan və ya Udi dilləri alban əlifbası ilə yazıla bilərmi?

Alban-latın transliterasiya alətini yaratmağımdan 2 il keçir. Bu 2 il ərzində mənə ən çox verilən sual bu əlifbanın müasir Azərbaycan, Udi və ya Ləzgi dilləri üçün istifadəsinin mümkünlüyü haqqında olub. Bu suala qısa cavab vermək istəyirəm – xeyr. Uzun cavabı oxumaq istəyirsinizsə yaxın oturun.

Xeyr demək üçün əlimizdə bir neçə səbəb var. Gəlin əvvəlcə faktlara baxaq. “Alban əlifbası” adlanan anlayışı elmə 1937-ci ildə filologiya elmləri doktoru, professor İliya Abuladze tərəfindən Matenadaranda XV əsr əlyazmalarını öyrənərkən tapdığı 15-ci əsrdə aid 7117 nömrəli əlyazma sayəsində gəlib. Əlyazmanın ortasında ermənicə “bu, alban əlifbasıdır” deyə qeyd edilsə də, bu əlifba müəyyən aspektlərdən tapılan albanca əsərlərdən fərqlənir.

Belə ki, nə Mingəçevir abidələrində, nə də Sinay Palimpsestlərində bu əlyazmada rast gəlinən 3 hərfə – 𐕋 [tsˈ], 𐕏 [dzʲ] və 𐕑 [dʒ] hərflərinə rast gəlinmir. Bunun səbəbi güman ki, Matenadaran əlyazmasındakı versiyanın bir başqa Qafqaz dili olan Qarqar dilinə aid olmasıdır.

İndi isə müqayisəli olaraq Alban, Azərbaycan, Udi və Ləzgi fonetikasına baxaq.

Albanca hərfSəsTransliterasiya (Schulze)Azərbaycan diliUdi diliLəzgi dili (kirillə)
𐔰[a]AAAA
𐔱[b]BBBБ
𐔲[g]GQGГ
𐔳[d]DDDД
𐔴[e]EEEЭ
𐔵[z]ZZZЗ
𐔶[eː]Ē   
𐔷[ʒ]ŽJJЖ
𐔸[t]TTTТ
𐔹[tɕʼ]Ć̣   
𐔺[j]YYYЙ
𐔻[ʑ]Ź   
𐔼[i]IİİИ
𐔽[ʕ]ˁ   
𐔾[l]LLLЛ
𐔿[nʲ]N’   
𐕀[x]XXXХь
𐕁[dʲ]D’   
𐕂[tsˈ]   
𐕃[dʑ]ʒ́   
𐕄[kʼ] K’Кӏ
𐕅[lʲ]L’   
𐕆[h]HHHГь
𐕇[q] QКъ
𐕈[ɒ]Å   
𐕉[tɕ]Ć   
𐕊[tʃˈ]Č̣ Ç’Чӏ
𐕋[tsˈ]C’   
𐕌[m]MMMМ
𐕍[qˈ]  Кь
𐕎[n]NNNН
𐕏[dzʲ]ʒ’   
𐕐[ʃ]ŠŞŞШ
𐕑[dʒ]ǯCC 
𐕒[o]OOOО
𐕓[tʲʼ]Ṭ’   
𐕔[f]FFFФ
𐕕[dz]ʒ  
𐕖[tʃ]ČÇÇЧ
𐕗[pˈ] P’Пӏ
𐕘[ɣ]ĠĞĞГъ
𐕙[r]RRRР
𐕚[s]SSSС
𐕛[v]VVVВ
𐕜[tˈ] T’Тӏ
𐕝[ɕ]Ś   
𐕞[y]ÜÜÜЮ
𐕟[tsˈ]C̣’ S’Цӏ
𐕠[ts]C Ц
𐕡[w]WVVВ
𐕢[p]PPPП
𐕣[k]KKKК
𐕒𐕡[u]UUUУ

Gördüyünüz kimi, alban əlifbası nəinki Azərbaycan dilinin fonetik sisteminə cavab vermir, hətta Udi və Ləzgi dillərinin müasir fonetik tələblərini tam ödəmir. Matenadaran siyahısındakı yeganə istisna 𐕑 [dʒ] hərfidir ki, digər dillərdə qarşılığı olsa da, ləzgi dilində qarşılığı yoxdur. Həmçinin bu hərfin transkripsiyası da təqribidir.

Əlifba və romantizm

Dil etnik kimlik anlayışının bir hissəsidir. Xüsusilə də yazıya enəndə daha romantik xüsusiyyət qazanır. Azərbaycandakı bəzi romantik milliyətçilər tez-tez qədim Türk runlarından, yəni Göytürkcə yazılardan bəhs edirlər. Lakin təəssüf ki, bu yazı sistemi də fonetik cəhətdən uyğun gəlsə də, gündəlik istifadə üçün kompleksdir. Belə ki, latın şriftində “Azərbaycan” yazmaq çox sadə olsa da, Göytürk sistemində “𐰔𐰼𐰉𐰖𐰲𐰣” (zr²b¹y¹çn¹) kimi yazılacaqdı. Bu da müxtəlif çətinliklərə gətirib çıxaracaqdı.

Məsələ xüsusilə Azərbaycan dilinə gələndə mən latın əlifbasının alternativini tanımıram. Xüsusilə dilimizin son 150 ildə 3 dəfə əlifba dəyişməsi ədəbi yaradıcılıq baxımından bizi dala salıb. Düzdür, xoş olardı ki, müəyyən dialektlərə əsasən müxtəlif yeni hərflər yaradılsın – amma yenə də latın əsasında. Standardlaşdırılmış Azərbaycan dilində nuni səğir artıq istifadə edilməsə də, dialekt sözlərdə istifadə edilir və həmin dialektlərdə bu səsin ən yaxşı qarşılığı ŋ olardı.

Bu arada, müxtəlif forumlarda və saytlarda gəzəndə bir sıra “bayraqlar” kəşf etmişəm. Onları marağa analiz edəcəyəm.

Bu bayraq bir çox saytda, o cümlədən Azərbaycandilli Vikipediyada, o cümlədən Vikikommonsda ləzgilərin bayrağı kimi göstərilib. Rusdilli “Лезгинский Информационный Портал” (Ləzgi İnformasiya Portalı) saytında güman ki, bu bayraq haqqında belə yazılıb: “Также якобы прописанные албанские буквы на флаге не нашло свое одобрение у лезгин. На флаге не должны фигурировать буквы.” (Həmçinin bayrağın üzərində yazılmış guya alban hərfləri olan versiya ləzgilər arasında öz təsdiqini tapmayıb. Bayraqda hərflər olmamalıdır.) Bir millətçi ləzgi Youtube kanalında bayrağın “izahını” tapdığım üçün sevinsəm də, video boyunca Romalı tarixçi “Appian”ın adını “Alpan” olaraq oxumağından təngə gəldim. Bu bayraq erməni saytlarında da çox əksini tapıb.

Bu versiyada alban hərfləri ilə 𐔰𐔾𐕗𐔰𐕎 (Alṗan) yazılıb, nədənsə Алпан sözünün qarşılığı olan 𐔰𐔾𐕢𐔰𐕎 (Alpan) yox. Nəfəssiz kar samit olan 𐕗 səsi və kipləşib partlayan kar samit olan 𐕢 səsi fərqlənir.

Gördüyüm bir başqa bayraq da saxurların bayrağı idi. Bu bayraq da Vikipediya daxil bir çox yerdə istifadə olunub. Amma bayrağı hazırlayan kimdirsə 𐕏𐔰𐕀 (ʒ’ax) hərflərini düzgün yazıb ancaq. Dördüncü hərf ermənicədir – վ (v), beşinci hərfi də uyduruq görünür. Daha düzgün yazılışı yəqin ki, belə olmalı idi – 𐕂𐔰𐕀𐕒𐕡𐕙 (c̣axur). Amma inanmıram Qafqaz Albaniyası dövründə özlərini belə adlandırsınlar. Yəqin ki, hərə özünü öz tayfasının adı ilə adlandırardı. Hazırda da özlərini йихъбы (yixbı) adlandırdıqlarını nəzərə alsaq, bu da doğru-düzgün bir “dizayn” deyil.

Görünür bu kimi bayraqlar 80-90-cı illərin gətirdiyi millətçilik dövrünün məhsullarıdır. Hamısının tipoqrafiyası eynidir və 7117 nömrəli əlyazmanın uğursuz imitasiyalarıdır.

Cavid Ağa

Müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.

This Post Has 3 Comments

  1. Xəlil

    SALAM CAVİD MƏN BU QAFQAZ ALBANİYASININ HƏRİFLƏRİNİ GÖTÜRMƏK İSTƏYİRƏM AMMA GÖTÜRƏ BİLMİRƏM NECƏ EDİM?

Cavab yaz